BU NECƏ “HƏMKAR"LIQDIR?! - Korrupsiyada öndə gedən, şəhid ailəsi və qazi görəndə isə “gizlənən” qurum



Yaxud AHİK rəhbəri daşıdığı vəzifənin məsuliyyətini dərk edirmi?
İkinci Qarabağ müharibəsi və ondan sonra baş verənlər ayrı-ayrılıqda hər bir vətəndaşımızdan tutmuş müxtəlif səviyyəli dövlət idarələrinə, məmurlara, irili-xırdalı iş adamlarına, şirkətlərə, müəssisə və təşkilatlara qədər hər bir şəxs və qurum üçün böyük sınaq oldu. Ancaq təəssüf ki, bu sınaqdan heç də hər kəs, hər qurum, hər təşkilat üzüağ çıxa bimədi...
Artıq 28 ildir ki, ölkəmizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) adlı qurum var və 28 ildir ki, bu quruma Səttar Möhbalıyev rəhbərlik edir. Ancaq indiyə kimi bu təşkilatın adı korrupsiya, yeyinti, saxtakarlıq, “putyovka” alverindən başqa demək olar heç bir normal, yaxşı əməldə hallanmayıb.
“Seçki yolu” ilə 6 dəfə AHİK sədri olmaqla yanaşı, ardıcıl 5 dəfə də eyni yolla deputat olan S.Möhbalıyevin özü isə ölkədə “köhnə komanda”nın təmsilçisi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası, nəhayət, tutduğu vəzifə hesabına oliqarxa, milyonçuya çevrilən şəxs kimi tanınır. 

Bütün bunlar öz yerində və təbii ki, Azərbaycanda hələ də vəzifədə olan və məlum üsullarla varlanmaqda davam edən “köhnə qvardiya” üzvlərinin sırası S.Möhbalıyevlə məhdudlaşmır. Uzun illər parlamentə Ramiz Mehdiyevin “xətti” ilə düşən də tək Möhbalıyev deyil.
Lakin təəsüf və hətta hiddət doğuran hal odur ki, necə deyərlər, “oturduğu yerdə müftə pul qazanan”, bütün dövlət müəssisələrindən, əksər biznes strukturlarından AHİK-ə üzvlük haqqı adı altında əmək haqlarının 2 faizi civarında vəsait toplayan, təkcə bu istiqamətdən ildə 50 milyon manata yaxın pul qazanan bir qurumun adı nə müharibə dövründə, nə də ondan sonra hər hansı bir şəhid, yaxud qazi ailəsinə maliyyə dəstəyi göstərilməsində, yaxud onlarla bağlı hansısa sosial layihənin həyata keçirilməsində, digər xoş məramlı, dəstək xarakterli aksiyada, təşəbbüsdə keçməyib.

Yəni AHİK-in və onun rəhbərinin bu qəbildən olan ailələrə, şəxslərə bir “qara qəpiklik” xeyrinin dəydiyinə dair hər hansı məlumata rast gəlinmir.
Araşdırsanız, görərsiniz ki, şəhid və qazilərimizin, eləcə də onların valideynlərinin olduqca böyük hissəsi AHİK-ə üzv olub və oraya üzvlük haqqı ödəyiblər. Lakin belə bir ağır və məsuliyyətli dövrdə AHİK və onun rəhbərliyi bu şəxslərə olan borcunu ödəməyi ağlının ucundan belə keçirmir. Sanki, ya bu təşkilatın Azərbaycana heç bir aidiyyatı yoxdur, ya da Azərbaycanda ümumiyyətlə, bu adda qurum mövcud deyil. Hansı ki, hansısa vətəndaşı işə qəbul edilən andan etibarən özündən soruşmamış, dərhal AHİK-ə üzv edir və maaşının 2 faizinin bu qurumun hesabına üzvlük adı altında keçirilməsini təmin edirlər.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. 

Hamı bilir ki, bu sanatoriyalara “putyovka” adi AHİK üzvlərinin böyük əksəriyyəti üçün əlçatmazdır, əvəzində təşkilata heç bir aidiyyatı olmayanlar onları 400-500 manata əldə edə bilirlər. Bu pulların da nəticə etibarilə kimin cibinə axdığı heç kimə sirr deyil.
Ümumiyyətlə, həmkarlar şəbəkəsində ən çox korrupsiyalaşmış istiqamətlərdən biri “putyovkalar”la bağlıdır. Və il ərzində məlum yollarla toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu istiqamət üzrə silinir. Bundan başqa, araşdıran olsa, bu qurumun tabeliyindəki ərazilərin, tikililərin və s. qanunsuz şəkildə icarəyə verilməsi, satılması barədə çoxsaylı faktlar üzə çıxa bilər.

Demək istədiyimiz odur ki, S.Möhbalıyevin “sağmal inək” kimi baxdığı bu təşkilat heç bir zəhmət çəkmədən milyonlarla vəsaitə yiyələndiyi halda, heç olmasa müharibə günlərində və ondan sonrakı dövrdə belə hansısa bir sosial, humanist təşəbbüslə çıxış etmədi, kimsəyə yardım göstərmədi. Əgər belə bir şey olsaydı, bunu mütləq “reklam edərdilər”. Ancaq mətbuatda, həmçinin sosial şəbəkələrdə AHİK-in nə bir şəhid ailəsi, nə də bir qaziyə dəstək verməsinə dair heç bir məlumata rast gəlinmir.
Məlumat üçün bildirək ki, AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və 1 milyon 600 minə yaxın üzvü əhatə edir. Bu, olduqca böyük bir təşkilatdır və belə bir quruma rəhbərlik edən şəxs Vətənə, onun şəhidinə, qazisinə hörmət etməyə, onun qayğısını çəkməyə həm mənəvi, həm də hüquqi baxımdan borcludur!

Bunu dərk etməyən, yaxud yekəxanalıqdan belə məsələlərə məhəl qoymayanlar isə tutduqları vəzifələrə layiq deyillər və belələrinin aqibəti gec-tez DTX-nın “baş çəkdiyi” məmurların aqibətindən fərqlənməməlidir.
Cəlal Məmmədov
“AzPolitika.info”
Tarix: 10-08-2021, 22:11
Xəbəri paylaş





Xəbər lenti