İqtisadçı alim: "AZAL monopoliya yaradıb"
“Azərbaycanda aviaşirkətlərin qiymətləri bahadır, çünki AZAL bu sahəni öz monopoliyasına salıb. Hətta bəzi aviaşirkətlər var ki, onların qiymətləri başqa ölkələrdə ucuz olduğu halda Azərbaycanda bahadır.
Məsələn, “Türk Hava Yolları”nın qiymətləri Türkiyənin daxilində kifayət qədər ucuzdur, Azərbaycanda isə onun qiymətləri bahadır. Ölkəmizdə digər belə aviaşirkətlər də var”.Bu fikirləri
Bakupost.az -a İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının professoru
Rövşən Quliyev deyib.
Onun sözlərinə görə, aviabiletlərin baha olması ölkəyə gələn turistlər üçün istirahət qiymətlərinin baha olmasına da gətirib çıxarır:
“Keyfiyyətlə qiymət nisbətində Azərbaycan istirahət üçün bahalı yerdir. Buna görə də yerli turistlər bu səbəbdən qonşu
Gürcüstan və Türkiyəyə səfər edirlər.
İstirahətin ucuz başa gəlməsi üçün rəqabət mühitinin olması çox vacibdir”.
İqtisadçı alimin fikrincə, ölkə daxilində otellərin qiymətlərinin də baha olmasının əsas səbəbi rəqabət mühitinin zəif olması, hətta demək olar ki, olmaması, bazara yeni subyektlərin daxil olmasına imkan verilməməsidir.
Tarix: 18-08-2021, 12:40