Azərbaycanda dünyada analoqu olmayan “göbələkli yol” - Fotolar


Təngə dərəsi, Quba

Bakıdan Qubaya gəzməyə gedənlərin rayonun dağlarında, meşələrində aldıqları ləzzət geri qayıdarkən burunlarından tökülür.

Xüsusən Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə avtomobillə hərəkət edərkən daxili orqanlarında yerdəyişmə baş verir. O qədər silkələnmə, əsmə, dağılma terapiyasından keçirsən ki, silkələnməkdən beynin yenilənir, yeni ideyalarla dolursan. Əlbəttə, nə də olsa, 200 milyona başa gəlmiş yoldur. Gərəkdir ki, bir neçə funksiyaya malik olsun.
Bakı-Quba yolunun geri dönüş hissəsi o qədər kələ-kötür, əyri-üyrüdür ki, adına sürücülər zarafatla “göbələkli yol” deyirlər. Hər çuxurdan sonra qabarmış və göbələyə oxşayan təpəciklərə görə. Hələ bu yolu guya “sığallamaq” üçün vurulan yamaqları, susuzluqdan çatlaq vermiş torpaq kimi cırılan asfaltı demirəm. Bu yoldan maşınını sınmadan keçirə bilən sürücülərə “Formula” yarışlarına sertifikat verilməlidir. Yolda çuxura düşmək istəməyən sürücülər ani manevrlər edirlər, tez- tez zolaq dəyişirlər. Bu qəzalı vəziyyətdən özləri sağ çıxsalar da, avtomobilləri sağ çıxmır.
Bakı-Quba yolu təhlükə mənbəyidir
Yəni Qubaya gedib istirahət etmək 100 manatdırsa, qayıdanda maşını təmirə vermək söhbətini də xərclərə daxil edib 500-1000 manatı gözə almalısan.
Yolu sanki asfaltdan və ya betondan yox, qubalı nənələrin sac üstündə bişirdiyi nazik lavaşdan salıblarmış. Çat-çat, yamaq-yamaq.
Amma 200 milyonluq da lavaş olmur axı. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir zamanlar 200 milyon dollara başa gətirdiyi bu yol çox keçmədən yararsız vəziyyətə düşüb və maraqlıdır ki, yolun təmiri əvəzinə Bakıdan Rusiya sərhədinə pullu yol çəkirlər.
2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-33-cü km-lik hissəsində təmir işləri aparılıb. Lakin yol yenə də yararsız vəziyyətdədir. Yəni yolunuz düşsə, təmir işləri aparan avtomobilləri, fəhlələri mütləq görəcəksiniz. İnşallah ki, dünya standartlarına cavab verən yolu da görmək nəsib olar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən deyirlər ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. O da “nənəm mənə kor deyib, gələni gedəni vur deyib” qaydasında ordan-burdan yola asfalt töküb, şirələyib. “Yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi yarıtmaz vəziyyətdə qurulub, bəzi hissələrdə ümumiyyətlə, bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir”. Agentlik belə deyir.
Ay sizin qadanızl alım, yol salanda bilirdiniz ki, bu yoldan ağır yük avtomobilləri də keçəcək, yol bəs nə üçündür? İnsanlar yüklərini bellərində daşıyacaq deyildilər ki? O boyda maliyyə qoyulub çəkilən yolu tikərkən ağır tonnajlı avtomobilləri nəzərə almaq olmazdımı?
Bakı-Quba yolu təhlükə mənbəyidir
Əslində bizi öldürməyən dərdlər bizi gücləndirir. “Göbələkli yol”un bizim sürücülərə böyük faydası da var. Əsl peşəkarlığı, manevr qabiliyyətini artırır, ustalaşırlar. Düz yolda nənəm də sürər. Görüm o Şumaxer “göbələkli yol”da da Şumaxer olacaqdımı. Stəkana dolu tərəfindən baxın, cənablar. Boş tərəfini boşaldan vaxtında boşaldıb, silib, süpürüb, çapıb, talayıb gedib.Bizimyol.info
Tarix: 25-08-2021, 18:36
Xəbəri paylaş





Xəbər lenti