Marketlərdə gecə “əməliyyatları” – Vətəndaşlara xəbərdarlıq


Marketlərdə gecə “əməliyyatları” –       Vətəndaşlara xəbərdarlıq
Hər kəsə diqqətli olmaq tövsiyə olunur və əgər belə problemlə üzləşsəniz...
 
İstehlakçılar xarab məhsul satan marketlərdən şikayətçidirlər. Sosial şəbəkədə yayılan məlumatlara görə, market sahibləri elektrik enerjisinə qənaət etmək üçün gecə saatlarında soyuducuları elektrik enerjisindən ayrırlar. Buna görə də soyuducuda saxlanılan məhsullar xarab olur. Məhsulun vəziyyətindən xəbərsiz olan istehlakçı isə yalnız məhsulu istifadə etdiyində bilir ki, istifadəyə yararsızdır.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu barədə AYNA-nın suallarını cavablandırarkən deyib ki, istənilən ərzaq məhsulu, hətta yararlılıq müddəti keçməsə belə, qısa müddətdə təhlükəli hala çevrilə bilər: “Qida məhsulları tarladan və ya fermadan istehlakçının masasına çatdırılana qədər “soyuq zəncir” prinsipi qorunmalıdır. Hansısa məqamda temperaturun dəyişməsi onu yarasız hala gətirə bilər”.
Картинки по запросу
“Səhər saatlarında bəzi böyük marketlərə girəndə hiss edirik ki, pis qoxu gəlir. Çünki bəzi market sahibləri gecə saatlarında elektrik enerjisinə qənaət etmək üçün soyuducuları şəbəkədən ayırırlar. Belə olduqda həmin yerdə qidalar təhlükəli hala gəlir. İstehlakçı belə yerlərdən mal almamalıdır, sadəcə baykot olunmalıdır”, - deyə AİB sədri söyləyib.
 
Vaxtı keçmiş və yaxud təhlükəli hala çevrilmiş qidaların geri qaytarılmasına qaldıqda isə Hüseynov söyləyib ki, bu barədə bir neçə qanuni sənədə görə paradoksal vəziyyət yaşanır. Belə ki, “İstehlakçıların hüquqları haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 №-li qərarında, eləcə də “Yeyinti haqqında” Azərbaycan Respublikasının qanununda və digər sənədlərdə yeyinti məhsullarının geri qaytarılması barədə paradoksal vəziyyət mövcuddur. Birində deyilir ki, yararlıq müddəti keçmədiyi halda dəyəri ödənilmiş və dükandan çıxarılmamış ərzaq malını dəyişmək və qaytarmaq olar. Buradan belə anlaşılır ki, istehlakçı dükanın içərisində yağı əritməlidir, onun xarab olub-olmadığını bilməlidir. Digər sənədlərdə isə yararlıq müddəti ötmədiyi halda istehlakçının 14 gün ərzində malı kassa çeki olduğu halda dəyişmək, qaytarmaq hüququ nəzərə alınır.
 
Ekspertin sözlərinə görə, qida məhsullarının hansı temperaturda saxlanılmasına Azərbqaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət etməlidir: “AQTA tərəfindən vaxtaşırı monitorinqlər keçirməlidir. Bu işdə əhali gərək AQTA-ya köməklik etsin. Bizim dediyimiz kimi şübhəli marketlər varsa, Qida Təhülkəsizliyi Agentliyinin 1003 “qaynar xətt”inə məlumat vermək lazımdır ki, orada monitorinqlər aparılsın. Bu işlərdə gərək vətəndaşlar fəal olsunlar. Harada, necə gəldi, satılan qida məhsullarını almaqdan imtina etməlidirilər”.
 
Mövcud problemlə bağlı AYNA-dan AQTA-ya belə bir sorğu göndərdik: “Sosial şəbəkədə yayılan məlumatlara görə, bəzi market sahibləri elektrik enerjisinə qənaət etmək üçün gecə saatlarında soyducuları elektrik şəbəkəsindən ayırırlar. Nəticədə bəzi məhsullar xarab olur, istehlakçılar aldıqları məhsulu istifadə edərkən bilirlər ki, xarab olub. AQTA bununla bağlı marketlərdə monitorinqlər aparırmı? Sizə bu barədə şikayətlər daxil olurmu? Məhsulu geri qaytarmaqda problem yaşayanlar da olur. Vətəndaşlar bu vəziyyətlə qarşılaşdıqlarında  nə etsinlər?”.
 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən sorğumuza cavabda bildirilir ki, mövcud qanunvericiliyə görə, istehlakçıların onlara dəymiş zərərin ödənilməsi və hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var: ““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar - istehlak etdikləri malların lazımi keyfiyyətdə olmasına, malların təhlükəsizliyinə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, o cümlədən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər”.
 
Monitorinqlərin aparılması ilə bağlı sualımıza cavabda deyilir ki, “AQTA mütəmadi olaraq, bütün ölkə üzrə qida sahəsində fəaliyyət göstərən digər sahibkarlıq subyektləri ilə yanaşı, ticarət şəbəkələrində də planlı və plandankənar yoxlamalar həyata keçirir”.
 
Həmçinin qeyd edilir ki, müraciətdə bildirilən kimi "bəzi market sahiblərinin elektrik enerjisinə qənaət etmək üçün gecə saatlarında soyducuları elektrik şəbəkəsindən ayırması" ilə bağlı konkret hər hansı vətəndaş şikayəti daxil olmayıb.
 
“Qida məhsullarının təhlükəsizliyinin təmin olunması üçün qida zəncirinin bütün mərhələlərində məhsulların saxlanma şəraitinə, həmçinin temperatur rejiminə əməl olunması zəruri şərtlərdəndir. Bununla bağlı olaraq sahibkarlıq subyektləri məsuliyyət daşıyır. İstehlakçılar bu kimi qanunazidd hallarla rastlaşdıqda və ya hər hansı məlumat əldə etdikdə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, - deyə Agentlikdən son olaraq vurğulanır.
Tarix: 3-09-2021, 23:57
Xəbəri paylaş





Xəbər lenti