“Büdcə hesabına oxuyanları rayonlara göndərmək lazımdır”



“Büdcə hesabına oxuyanları rayonlara göndərmək lazımdır”

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 nəfər  (o cümlədən 920 subbakalavr) dövlət sifarişi əsasında, 23005 nəfər (o cümlədən 5890 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Milli Məclisin deputatı, professor Rüfət Quliyev bildirib ki, ötən ilkinə nisbətən bu il daha çox abituriyentin tələbə adı qazanması müsbət haldır.
Rüfət Quliyev Rüfət Quliyev
“Lakin təəssüflər olsun ki, məzunların hamısını işlə təmin etmək olmur. Bilirsiniz ki, Azərbaycanda məzunların ancaq 42 faizi işlə təmin oluna bilir. Təbii ki, hamını arzu etdiyi işlə təmin etmək mümkün deyil, lakin bu göstəricini artırmaq üçün müəyyən tədbirlər görmək lazımdır. Bu gün ölkədə yaxşı kənd təsərrüfatı üzrə, yüksək texnologiyalar üzrə mütəxəssislərə, habelə, qeyri-neft sektorunda müxtəlif sahələr üzrə mühəndislərə ehtiyaclar var. Bu ixtisaslar üzrə qəbulu artırmaq lazımdır”,- deyə deputat bildirib.
O qeyd edib ki,  nədənsə, bölgələrdən ali məktəbə qəbul olanların əksəriyyəti sonradan Bakıda və ya digər böyük şəhərlərdə qalmağa çalışırlar: “Məzunların əksəriyyəti Bakıda qalmağa çalışır. Ona görə də, bir çox insan öz ixtisası üzrə işləmir. Təklifim var idi ki, büdcə hesabına oxuyan gənclər icbari surətdə rayonlara göndərilməlidir, onlar üçün də orda müəyyən iş yerləri və şərait təmin olunmalıdır. Onlar 3 il müddətində orda işləyə və bölgələrin inkişafına töhfələrini verə bilərlər. Rayonlarda müəllimlərə, həkimlərə, mühəndisələrə ehtiyac var. Əgər bölgələrin inkişafını istəyiriksə, mütləq bu nüanslara diqqət yetirməliyik. Bakıda əhalinin sayı sürətlə artır, rayonlar isə boşalır. Rayonlarda savadlı həkim, mühəndis, yaxud digər sahələr üzrə mütəxəssis tapmaq çətinləşib”.
Deputat dərslərin karantin rejiminə uyğun olaraq distant keçirilməsi məsələsinə də toxunub: “Birinci kurs tələbəsi mütləq auditoriya görməli, müəllimlə göz-gözə gəlməlidir. Ona görə də düşünürəm ki, tam olmasa da, tələbələrin müəyyən günlərdə universitetə gəlməsi, auditoriyada oturması təmin olunmalıdır. Etiraf etməliyik ki, qapanma dövründə bu baxımdan çox ciddi boşluqlar müşahidə olundu. Təhsilin səmərəli olması üçün tədricən tələbələri auditoriyaya qaytarmaq lazımdır”.
Tarix: 6-09-2021, 21:51
Xəbəri paylaş





Xəbər lenti