Qiymətlər “əl yandırır” - paytaxt dükanlarından reportaj
Artıq 2021-2022-ci tədris ilinin başlanmasına az vaxt qalıb. Təhsil Nazirlyindən verilən məlumata əsasən, sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər, orta məktəblərdə tədris ənənəvi olaraq başlayacaq. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək.Pandemiyadan sonra dərslərin açılması xəbərinə sevinənlər çox olsa da, məktəb ləvazimatlarının qiymətləri ilə bağlı narahatlıq keçirənlər də az deyil.
Belə ki, pandemiya ilə əlaqədar olaraq hər il güzəştli qiymətlərlə topdan və pərakəndə satışı həyata keçirən məktəb yarmarkalarının fəaliyyəti dayandırılıb. Bakı Şəhər Ticarət və Xidmət Departamentindən qəzetimizə bildirilib ki, cari epidemioloji vəziyyəti nəzərə alaraq bu il məktəbli yarmarkalarının açılması nəzərdə tutulmayıb. Yarmarkaların təşkilində isə əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etmək idi.
Bəs görəsən, bu il valideynlər ucuz qiymətə satışa çıxarılan, həm də keyfiyyətli məktəb ləvazimatlarını haradan əldə edə bilərlər?“Yeni Müsavat”ın əməkdaşı olaraq bu sahədə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün şəhərin müxtəlif market və dükanlarına üz tutduq. İlk olaraq nəzərə çatdıraq ki, şəhərdə məktəbli bazarlığı etmək üçün xeyli gəzməli olduq. Çünki əksər mağazalarda ev əşyaları, təsərrüfat mallarının satışını, yaxud da, geyim dükanlarını görmək mümkündür. Halbuki hər il dərs öncəsi bir qələbəlik yaşanırdı, bütün ticarət obyektləri, mağaza və dükanlarda məktəbli üçün gərəkli olan hər bir ləvazimatı tapa bilirdik. Bütün piştaxtalar məktəbli ləvazimatları ilə dolu olurdu... Xeyli gəzdikdən sonra Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığında bir mağaza tapa bildik. Yolda soraqladığımız insanlar bu mağazada həm də qiymətlərin münasib olduğunu bildirdilər.
Mağazaya çatar-çatmaz bir qadının şikayət etdiyini eşitdik. Yaxınlaşıb vəziyyəti öyrəndik, Asiman adlı paytaxt sakini fikirlərini bizimlə bölüşdü: “Şəhərdə qiymətlər ”əl yandırır". Əvvəl heç olmasa, küçədə satılırdı, ucuz qiymətə alırdıq, indi onu da yığışdırıblar. İndi oradan-buradan dükan axtarırıq. Demək olar ki, hər yerə getmişəm, ya məktəbli üçün heç nə yoxdur, ya da hər şey çox bahadır. Düzdür, malların ucuz qiymətə olanı da var, amma onların da keyfiyyəti çox aşağıdır. Ona görə məcbursan, baha qiymətə olanı alasan. Onda da uşağın bütün ehtiyacını ödəyə bilmirsən".Müsahibimizdən ayrılıb, mağazadakı qiymətlərlərlə maraqlanırıq. Burada müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olar. Bizimlə söhbətdə Gülnar adlı satıcı bildirdi ki, mağazada qiymətlər keyfiyyətə görə dəyişir. Məsələn, sadə 12 vərəq dəftərlərin qiyməti 11 qəpikdən 1 manatadək dəyişir. 60 vərəqli dəftərlərin isə 75 qəpikdən 3 manatadək dəyişir. Ən ucuz qələm isə 8 qəpik, ən bahalısı 1- 2 manat təşkil edir. İbtidai sinif şagirdlərinin ən çox istifadə etdiyi pozanlı qələmlər də 60-70 qəpiyə satılır. 10 ədəd dəftər üzünü 1 manat 50 qəpiyə almaq olar. Qovluqların qiyməti də rəngləri kimi müxtəlifdir: sadə qovluqlar 70- 80 qəpikdir, 8 manata satılanlar da var.
Satıcıdan onu da öyrənirik ki, müştərilər əsasən Rusiya mallarına üstünlük verirlər, Çinin istehsalı olanları almırlar. “Faber Castell” isə ən bahalı firma sayılır: “Məsələn, albomun qiyməti 1 manat 20 qəpikdirsə, bu firmadan olanlar 2 manat 20 qəpiyə satılır”. Qeyd edək ki, valideynləri qiymət sarıdan ən çox narazı salan ləvazimatlardan biri də məktəb çantasıdır. Çantaların qiymətləri arasında çox ciddi fərq müşahidə olunur. Ən ucuzu 20 manat, ən bahalısı isə 100 manatadır. Təkərli çantaların qiyməti isə 85 manatdan başlayır, 180 manata olanlar da var.
Nizami rayonunda fəaliyyət göstərən digər mağazada da qiymətlərlə maraqlanırıq. Məsələn, bu mağazada bir qutu karandaşı 1 manat 50 qəpiyə də almaq olar, 30 manata da. Əlbəttə, bunlar firmasına görə dəyişir. Sadə qələm 10 qəpik -1 manat 90 qəpik, bir qutu plastilin 1 manat 40 qəpik-3 manat arasında dəyişir. 40 rəngdə olan plastilinlər isə 9 manantdır.
Pozanların qiyməti də 20 qəpikdən başlayır, 2 manat 60 qəpiyə də almaq olar. Bir qutu flamastrın qiyməti keyfiyyətindən asılı olaraq 75 qəpik- 8 manat 40 qəpik arasında dəyişir. Zərli qələmlərin qiyməti 2 manat 70 qəpikdən - 6 manatadək dəyişir. Karandaş yonanın ən ucuz olanı 45 qəpik, ən bahalısı isə 4 manat 60 qəpiyədir. Yapışdırıcı 50 qəpik-2 manat, lüğətlər 1 manat 35 qəpik-3 manat arasında dəyişir. Dəmir termoslar 6 - 10 manata, yemək saxlama qabları isə 4-19 manatadır.Rəngli vərəq 60 qəpik, yapışqanlar 2 manat 50 qəpik təşkil edir. Xətkeşlərin qiymətləri də növlərinə görə fərqlidir. Taxta 20-30 qəpik, alüminium 1 manat, rezin xətkeş isə 50 qəpikdir. Əmək dərsləri üçün istifadə olunan iynə-sap dəsti 3 manatadır. Məktəbli qayçıları isə 10 qəpikdən 3 manatadək dəyişir.
Qələmqablarını da çeşidlərinə, ölçülərinə görə 1 manat 50 qəpikdən 15 manatadək qiymətə almaq olar. Qiymətlərlə maraqlandıqca, alıcıların az olması da nəzərimizdən yayınmadı. Satıcı bizimlə söhbətdə müştəri sayının azlığından gileyləndi: “Keçən il də alıcı az idi, bu il də alıcıların sayı çox azalıb. Təhsil Nazirliyi qərar verdi, bəlkə bundan sonra alıcı sayı çox olar”.
Bu arada o da diqqətimizi çəkdi ki, valideynlərin bəziləri ucuz mal keyfiyyətsiz olduğu üçün bahalısını almağa çalışır. Bir evdən iki və ya üç uşağını məktəbə göndərən ailə üçün bu, kifayət qədər ciddi məbləğdir...
Tarix: 9-09-2021, 09:16