Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Azəriqaz” İstehsalat Birliyinə (İB) külli miqdarda borclu olduqları haqda məlumat vermişdik.
Qeyd etmişdik ki, R.Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəmədiyi üçün 16 min manat həcmində cərimələnib. Y.Eyyubov isə “Azərqaz”a olan 10766 manat borcunu ödəməkdən imtina edir. Üstəlik, onun “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, - deyə hədələdiyini də oxucuların diqqətinə çatdırmışdıq.
Bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə İB-nin əməkdaşları Ramil Usubovun Novxanıdakı villasına baş çəkiblər.
Bu zaman məlum olub ki, sabiq nazirin “Azəriqaz”a 4 min manat borcu var.
Lakin R.Mehdiyev və Y.Eyyubovdan fərqli olaraq ona cərimə yazılmayıb. Çünki həmin vəsait illərlə yığılıb qalan borc olmayıb. Yəni villada qısa müddət ərzində istifadə olunan mavi yanacağa görə yaranan borc olub.
Məlumata görə, villanın mühafizəçiləri bildiriblər ki, Ramil müəllimin başı qarışıq olduğundan həmin borcu vaxtında ödəyə bilməyib. Odur ki, qısa müddət ərzində borcun bağlanacağına söz veriblər. Məhz bu səbəbdən də “Azəriqaz” əməkdaşları R.Usubovu cərimələməkdən vaz keçiblər.