Bu gün sosial media üzərindən mövzu olaraq bələdiyyələrin borclanması barədə ciddi fikir mübadiləsi aparılır. Müzakirələrdə səslənən bəzi fikirlərə münasibət bildirmək istərdim.
Bir faktı xatırladım ki, DSMF-yə və digər qurumlara Biləcəri bələdiyyəsinin 784 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, Əhmədli bələdiyyəsinin 86.200 manat borcu var. Təsəvvür edin ki, hazırda ümumilikdə bələdiyyələrin DSMF və digər qurumlara yeddi milyon manata yaxın borcu var. Demək, ümumi borcun 15 faizi adıçəkilən üç bələdiyyənin payına düşür. Onu da xatırladım ki, bu borcun həcmi bir neçə il əvvəl 12 milyon manata yaxın idi. Müvafiq orqanların və təşəbbüskar bələdiyyə sədrlərinin ciddi səyi nəticəsində borcun həcmi 7 milyon manata endirilib.
***
Bəs bələdiyyənin borcunu kim yaradıb? Borcun bu qədər şişməsinə kim göz yumub? Və bu gün kim bələdiyyənin bu qədər borclanmasına görə məsuliyyət daşıyır?
Bu suallara cavabı yalnız bir adam, yəni bələdiyyə sədri cavab verməlidir, çünki bütün məsuliyyət sədrin üzərindədir.
Əlavə edim ki, bələdiyyənin bu qədər borclanmasının əsas günahı heç də bələdiyyə sisteminin qarşılaşdığı problemlərlə bağlı deyil. Gəlin məsələləri qarışdırmayaq. Burada söhbət heç də bələdiyyənin sayçoxluğundan da getmir. Hər birimiz bələdiyyələrin qarşılaşdığı problemləri bilir və bu problemlərin həlliylə bağlı bacardığımız qədər çalışırıq. Təkrar edirəm ki, söhbət bundan getmir. Söhbət ondan gedir ki, bu borcun silinməsiylə bağlı sədrlər niyə yerinə sayırlar. Konkret məsələ bundadır. Niyə bəzi sədrlərə himayədarlıq edən gözü ac məmurlara yerləri göstərilmir?
Əhmədli bələdiyyəsinin bu gün 86.200 manat borcu var. Hazır ki, sədr də artıq 15 ildir ki, həmin vəzifəni bir növ “mənimsəyib”. Nə borcu silir, nə də ki, kreslosunu təhvil verir. Xocasən bələdiyyəsinin yeni seçilən sədri Niğar Məmmədova bələdiyyəni 40 min manatlıq borcla qəbul etmiş olsa da, bu gün 20 aylıq fəaliyyəti dövründə borcun həcmi 172 min manata çatıb. Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bələdiyyəni 690 min manat borcla qəbul edib. Hazır ki borc isə 784 min manat təşkil edir.
Göründüyü kimi, borcun həcmi azalmaq əvəzinə artır. İndi mənə bir adam izah etsin ki, belə bir vəziyyətdə kimdir günahkar?
Sədr borcu azaltmaq əvəzinə, azaltmaq üçün bütün instansiyalar qarşısında məsələ qaldırmaq əvəzinə, strateji proqram hazırlamaq əvəzinə gedib zibil qutularının təkərlərini təmir edib onu da bəh-bəhlə reklam edirsə günahkar sədr deyilsə bəs kimdir?
Onu da əlavə edim bu borclar məhz bələdiyyələrə vaxtilə rəhbərlik etmiş sədrlərin məsuliyyətsizliyi, səriştəsizliyi, müticəsinə icra başçının tapşırıq və tövsiyələrini “şövqlə” icra etməsiylə bağlı olub.
Etiraf etməliyəm ki, borcların bu qədər şişməsində bu rayonlara rəhbərlik etmiş icra başçılarının da günahı az deyil. Nə isə…
Bizim əsas məqsədimiz mövzu olaraq bələdiyyə borclarının azalmasını və birdəfəlik silinməsiylə bağlı təklifləri ictimai müzakirəyə çıxarmaqla problemin həllinə nail olmaqdır. Bir daha təkrar edirəm ki, qaldırılan problem bələdiyyə sistemindəki problemlərlə bağlı deyil. Bu sədrlərin məsuliyyətsizliyi və səriştəsizliyi ücbatından yaranan məsələdir. Borclu bələdiyyənin ləğv edilərək birləşdirilməsi isə vəziyyətdən çıxış yolu kimi edilən təkliflər sırasındadır.
Sədrlər konkret strateji proqram hazırlayıb ortaya qoymalıdırlar. İcra başçıları isə öz növbələrində bu işdə bələdiyyələrə lazımı dəstəyini göstərməlidir. Vəssalam…