Mehralıyev-Mirzəyev “cütlüyü”nün dövlətdən oğruladığı milyonlar haqda şok sənədlər - İLGİNC


Mehralıyev-Mirzəyev “cütlüyü”nün dövlətdən oğruladığı milyonlar haqda şok sənədlər - İLGİNC
Müxtəlif tikinti işlərinin həyata keçirilməsi zamanı hər ay nə az, nə çox, 100 milyon manata yaxın vəsait talan edilib

Əlbəttə, ilk baxışdan elə düşünmək olar ki, bu pulları R.Mehralıyev və R.Mirzəyev öz aralarında bölüşdürblər. Xeyr! A.Əkbərovla söhbətdən belə məlum olur ki, bu “cütlüyün” arxasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov dayanıb. Deyilənə görə, büdcədən oğurlanan pulların bir hissəsi məhz H.Abutalıbova ötürülüb...

“Hürriyyət”in ötən saylarında dərc olunan “Hacı Ramazan necə “tenderlər kralı”na çevrildi?” və “Hacı Ramazan dedi ki, istəyirsən “oğru” dilində danışaq...” sərlövhəli yazılarda məşhur iş adamı Hacı Ramazan Mirzəyevin qanunsuz əməllərindən bəhs etmişdik. Üstəlik, Bakı şəhər sakini Əkbərov Arif Niftulla oğlunun qəzetimizə açıqlamasında iş adamını dələduzluqda ittiham etməsi faktı ilə də dəyərli oxucularımız tanışdır. Hansı ki, A.Əkbərov “tenderlər kralı”nın rəhbərlik etdiyi "VEST-LTD” MMC-nin sifarişi ilə gördüyü işlərin pulunu illərdir ala bilmədiyini deyir. Onun sözlərinə görə, R.Mirzəyev ona “get kimə istəyirsən şikayət et, bu ölkədə mənə söz deyə biləcək kişi yoxdur, lazım gəlsə səninlə “oğru qanunları” ilə danışa bilərik”, - deyərək, borcunu verməkdən imtina edir.

Ötən sayımızda qeyd etdiyimiz kimi, Arif Əkbərov Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Ticarət Departamentinin rəsmi əməkdaşı olub. 40 illik mühəndislik təcrübəsi olan A.Əkbərov özünə tikinti briqadası yaradaraq, Ticarət Departamentinin sifariş verdiyi layihələri icra etməklə məşğul olub. Gördüyü işin keyfiyyəti hər kəsin diqqətini cəlb etdiyindən, bir gün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəhbərliyi ona Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərini görməyi təklif edib. Departament sədri Rəfail Mehralıyev onu şəxsən dəvət edərək bildirib ki, tikintiyə dair müqavilə yaxın dostu, şəriki Ramazan Mirzəyevin rəhbərlik etdiyi "VEST-LTD” MMC ilə bağlandığından, soruşan olsa, işin sözügedən şirkət tərəfindən icra olunduğunu bildirsin…

Haşiyə çıxaq ki, Mirzəyev Ramazan Məmməd oğlu Azərbaycan təmir-tikinti fəaliyyəti ilə məşğul olan “Məmmədoğulları Holdinq”in sahibidir. Onun tender maxinasiyaları ilə bağlı mətbuatda çoxsaylı faktlar mövcuddur. Məsələn, təkcə 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə bağlı olması iddia olunur.

O da bildirilir ki, “Məmmədoğulları Holdinq”ə daxil olan və adları yuxarıda sadalanan şirkətlərdən əlavə, Hacı Ramzan tərəfindən indiyədək mətbuata bəlli olmayan və müxtəlif şəxslərin adına rəsmiləşdirilən onlarla şirkət təsis olunsa da, onların bir çoxu qısa müddətdən, yəni əldə olunan layihənin icrası başa çatdıqdan dərhal sonra ləğv edilib. Burada da məqsəd həm külli miqdarda vergidən yayınmaq, həm də tikinti zamanı milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi faktını ört-basdır etmək olub.

“Hürriyyət”ə müraciət edən Arif Əkbərovun sözlərinə görə, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevin məlum təklifindən sonra, onun Hacı Ramazanla şərikli çalışdığı ona bəlli olub. Ancaq o, bu məsələyə önəm vermədən, Rəfail Mehralıyevin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərini görməklə bağlı təklifini qəbul edib. Bütün sənədləşmə işi "VEST-LTD” MMC-nin üzərinə olduğundan və müqavilə də məhz bu şirkətlə bağlandığından, o, sadəcə bərpa-tikinti işləri ilə məşğul olub.

Bir müddət sonra Rəfail Mehralıyev tərəfindən ona daha bir təklif gəlib. Ona deyilib ki, Nizami metrosunun yanında gördüyü işə paralel olaraq Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 263 nömrəli məktəbin əsaslı təmirini də 3 ay müddətində başa çatdırmalıdır. Deyilən vaxtadək bu işin də öhdəsindən gələ biləcəyinə əmin olan A.Ələkbərov R.Mehralıyevin ikinci təklifini də qəbul edib. Beləliklə, o, hər iki işin icrasını yüksək səviyyədə başa çatdırsa da, Ramazan Mirzəyev Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikinti işlərinin qarşılığı olaraq ona ödəməli olduğu vəsaitin ilkin mərhələdə 190 min manatını kəsib, sonra isə daha 100 min manatı ödəməkdən imtina edib. Eynilə, Xətai rayonundakı məktəbin təmiri üçün ona 1 milyon 408 min manat verməli olduqları halda, Mehralıyev-Mirzəyev “cütlüyü” işin gedişi zamanı hissə-hissə 1 milyon 10 min manat ödəsələr də, yekunda əvvəlki borcla birgə 498 min (100 min manat + 398 min manat) manat borclu qalıblar. Bir müddət sonra o, borcunu almaq üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevə müraciət etdikdə, Ramazan Mirzəyev araya girərək bildirib ki, “sənin Rəfaillə işin olmsın, o, mənim dostum, şərikimdir, bütün pulları da, sənə yeni işi də mən verəcəm”. Bundan sonra Hacı Ramazan ona cəmi 15 min manat verərək, qalan pulun – 483 min manatın “arxasına keçib”. Arif Əkbərov evini, maşınlarını, ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını satıb, fəhlələrin və tikinti bazarında borclu olduğu adamların pulunu qaytarsa da, o, illərdir Hacı Ramzandan borcunu ala bilmir. Bu məqsədlə müvafiq qurumlara müraciət etsə də, indiyədək heç bir müsbət nəticə əldə edə bilməyib. Bu baxımdan, A.Əkbərov düşünür ki, görünür, Hacı Ramazanın dediyi kimi, “bu ölkədə ona söz deyəcək kişi yoxdur”.

Arif Əkbərovun sözlərinə görə, son illər ərzində Mehraliyev-Mirzəyev “cütlüyünün” fəaliyyəti ilə bağlı apardığı araşdırma nəticəsində bu adamların dövlətin hər ay milyonlarla deyil, on milyonlarla, hətta yüz milyonlarla manat dövlət vəsaitini talan etdiyini ortaya çıxarıb. Belə ki, təkcə onun tərəfindən həyata keçirilən tikinti işləri, yəni Salatın Əsgərova küçəsində yerləşən 79 saylı binanın bərpa-tikintisi və 263 nömrəli məktəbin əsaslı təmiri zamanı, ondan mənimsədikləri 498 min manatdan əlavə, 3 milyon 142 min manat da dövlət əmlakını talan ediblər. Hansı ki, bütün bunlar A.Əkbərovun redaksiyamıza təqdim etdiyi sənədlərdə də öz əksini tapır(FOTOLAR). Məsələn, 69 saylı binanın bərpa-tikinti işləri üçün dövlət büdcəsindən 1 milyon 305 min manat ayrılsa da, bu işin başa çatdırılmasına həmin vəsaitini1/3-dən də az məbləğ, təxminən 400 min manat xərclənib ki, onun da 100 min manatını A.Əkbərova borclu qalıblar.

Həmçinin, 263 nömrəli məktəbin “qüsur aktı” bazar qiyməti ilə 1 milyon 408 min manat həcmində dəyərləndirilsə də, məktəbin əsaslı təmiri üçün büdcədən 3 milyon 700 min manata yaxın vəsait ayrılıb. Üstəlik, təmirə xərclənən vəsaitin daha 398 min manatını da Arif Əkbərova borclu qalıblar.

Göründüyü kimi, ticarət ortaqları Rəfail Mehralıyev və Ramazan Mirzəyev təkcə 2 tikinti işində dövlətin 3 milyon 142 min manat pulunu oğurlayıblar. Üstəlik, bu qədər “gəlir”in qarşılığında, təxminən yarım milyon manat da tikinti işini həyata keçirən Arif Əkbərova “atıblar”. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz kimi, Hacı Ramazan Mirzəyevin "VEST-LTD” MMC kimi onlarla şirkəti olub və o, eyni zamanda şəhərin müxtəlif yerlərindən 20-yə yaxın tikinti briqadası ilə çalışıb, demək, onun əli ilə bücədən hər ay oğurlanan vəsaitin həcmi 100 milyon manata yaxın olub.

Əlbəttə, ilk baxışdan elə düşünmək olar ki, bu pulları R.Mehralıyev və R.Mirzəyev öz aralarında bölüşdürblər. Xeyr! A.Əkbərovla söhbətdən belə məlum olur ki, bu “cütlüyün” arxasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov dayanıb. Deyilənə görə, büdcədən oğurlanan pulların bir hissəsi məhz H.Abutalıbova ötürülüb.

Bütün bunlar haqda növbəti sayımızda daha geniş məlumat verəcəyik. Bizi izləyin.

Mehralıyev-Mirzəyev “cütlüyü”nün dövlətdən oğruladığı milyonlar haqda şok sənədlər



Redaksiydan: Yazıda adı hallanan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 12-10-2021, 14:50
Xəbəri paylaş





Xəbər lenti