"Rayonların birinin avtovağzalını supermarket eləyiblər" - deputat


"Mən də cari məsələlər zamanı insanlarımızın hər gün qarşılaşdığı və əziyyət çəkdiyi bir məsələyə toxunmaq istəyirəm. Bu, Azərbaycanda şəhərlər arası müntəzəm sərnişin daşıma ilə əlaqədardır. Bu gün Bakı şəhərinin hər yerində qeyri-qanuni sərnişin daşıma ilə qarşılaşmaq olar. Bölgələrdə də vəziyyət eynidir".

"Ölkə.Az" xəbər verir ki, bunu deputat İltizam Yusifov Milli Məclisdə çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda Bakı Beynəlxalq Avtovağzalından başqa demək olar ki, bölgələrdə avtovağzallar aidiyyati üzrə fəaliyyət göstərmirlər: "Hətta mən bu günlərdə sosial şəbəkələrdə oxudum ki, rayonların birinin avtovağzalını supermarket eləyiblər".

Deputat əlavə edib ki, sovet dövründə olduğu kimi, hər rayon və şəhərdə 1 avtovağzalın olmasının tərəfdarı deyil: "Çoxlu avtovağzal, hətta bir neçə kiçik avtostansiyalar fəaliyyət göstərməsi daha yaxşıdır, yetər ki, burada rəqabət də təmin olunsun və onlar qanun çərçivəsində fəaliyyət göstərsinlər.

Mənim fiziki şəxslərin müntəzəm sərnişin daşıması ilə məşğul olması ilə bağlı heç bir iradım yoxdur. Bu sahə ilə elə fiziki şəxslər və özəl qurumlar məşğul olmalıdırlar. Bu normal bir haldır. Dövlət bu sahə ilə məşğul olmamalıdır. Müvafiq icra qurumları bu sahədə yalnız Dövlətin siyasətini həyata keçirməlidirlər.

Burda əsas diqqəti bir məsələyə çəkmək istəyirəm. Sərnişinlərin fərdi qəza sığortası.
Bizdə belə bir misal var: Deyirik, malımız xarab olunca, canımız xarab olsun. Biz avtomobilimizi, cansiz bir əşyanı mütləq icbari, yəni məcburi olaraq sığortalatdırırıq, lakin canımızı, həyatımızı kiməsə həvalə edirik və heç bir qəzadan da sığortalanmırıq".

Deputat deyib ki, tez-tez yollardakı faciəli avtobus qəzalarını hamımız görürük və acıyırıq:
"Sərnişinlərin həyatı təhlükə altında olmamalıdır, sərnişin bilet aldısa, ayağını avtobusa qoydusa, onun həyatı qəzadan və digər xoşagəlməz hadisələrdən sığortalı olmalıdır və buna görə də daşıyıcı məsuliyyət daşımalıdır.

Bizim İcbari Sığorta haqqında qanunumuz var və bu qanunda sərnişinlərin icbari fərdi qəza sığortası nəzərdə tutulur və bu məcburidir. Bundan əlavə bu hadisələri qeydə almaq üçün yollarda DYP-nin müasir texniki vasitələri də mövcuddur.

Lakin Hava nəqliyyatından başqa, digər nəqliyyat növlərində bu nəzərdə tutulsa da, heç bir sahədə bu qanun işləmir. Hesab edirəm ki, bu sahədə qayda-qanun yaratmağın vaxtı artıq çoxdan çatıb.

Mən müvafiq icra qurumlarını bu qanunun işləməsını təmin etməyə çağırıram.
Bu qanun işləsə, insanlarımız başa düşəcək ki, onlar təsadüfi minik vasitələrinə minərək öz həyatlarını təhlükəyə atmamalıdırlar. Bu qanun işləsə, insanlarımızın təhlükəsiz daşınması təmin olunacaq.

Bu qanunun işləməsi ilə qeyri-qanuni sərnişin daşımaya avtomatik son qoyulacaq və nəticə etibarilə qanuni büdcə ödəmələrimiz də müvafiq olaraq artacaqdır".
Tarix: 12-10-2021, 15:15
Xəbəri paylaş





Xəbər lenti