Qəzalı məktəblər var! - “Şagirdlərin həyatını riskə atmaq olmaz”


“Biz gözləməli deyilik ki hansısa bədbəxt hadisə baş versin sonra tədbir görək”

“Bəzən müşahidə edirik, elə məktəblər təmir olunub ön plana çəkilir ki onların o qədər də təmirə ehtiyacı yoxdur. Bu məqama xüsusi diqqət yetirmək lazımdır”


Qax rayonunda məktəb qəzalı vəziyyətdədir.Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun Qartala kəndində şagirdlər şəraitsiz məktəbdə dərs keçirlər. Şagirdlərin dərs keçdiyi sinif otağında döşəmənin və tavanın bərbad vəziyyətdə olması, həmçinin otağın qapısının olmaması görüntülərdə əksini tapıb.
Hava şəraitinin soyuq olması üzündən şagirdlər sinif otağında qalın gödəkçə və papaqda otururlar. Bundan əlavə şagird sayının az olması da diqqət çəkən məqamlar arasındadır. Şübhəsiz ki, bu məsələ ətrafında sosial şəbəkələrdə, eləcə də mediada ciddi təndiqlər tirajlandı. 

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Ramiz “Sherg,az”a bildirib ki, təkcə Qaxda deyil, bundan öncə Bərdə də bu cür məktəbin görüntüsü yayılmışdı:

“Hazırda həmin məktəbdə tədris dayanıb. Qaxdakı məktəb də onun  kimidir. Bu mövzu hər zaman aktual olub. Ölkəmizdə hər zaman təhsilə qayğı göstərilir . Buna baxmayaraq belə məktəblər hələ də var. Fikrimcə məktəblər inşa olunan zaman bu cür təhsil ocaqları ön plana çəkilməlidir.  Düşünmək lazımdır ki, belə məktəblərdə şagirdlər dərs alır, müəllim heyəti fəaliyyət göstərir. Kiçik bir hadisədən bu məktəblər tamamilə dağıla bilər. Onların həyatını riskə atmaq olmaz. 

Biz gözləməli deyilik ki hansısa bədbəxt hadisə baş versin sonra tədbir görək. Bəzən müşahidə edirik, elə məktəblər təmir olunub ön plana çəkilir ki onların o qədər də təmirə ehtiyacı yoxdur. Bu məqama xüsusi diqqət yetirmək lazımdır. Qeydə alınma daha yaxşı şəkildə aparılmalıdır. 

    Məktəb direktorunun bu haqda məlumatı olmalıdır. Bu, onun fəaliyyət planında da qeyd olunub. Mövcud məsələni Təhsil nazirliyinə bildirməsi onun özü üçün də müsbət haldır. Bununla o həm də yaxında baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını ala bilər. Bu onun başlıca məsuliyyətidir. 

    Təhsil nazirliyi vəsait ayırarkən rayon və şəhər məktəbləri arasında fərq qoymur. Bu gün rayonlarda elə məktəblər tikilib  ki, onlar şəhər məktəblərindən heç də geri qalmır. Ancaq ola bilər ki layihələrə salınan zaman ardıcıllıq düzgün təyin olunmur. 

Təmirə daha az ehtiyacı olan ön plana çəkilir. Bu kimi halların da qarşısı alınmalıdır. Təhsil nazirliyi məktəblərdəki şəraitlə bağılı  mütəmadi sorğular keçirəsə, bu, effektiv ola bilər ". 
   Xatırladaq ki , Heydər Əliyev Fondu tərəfindən " Yeniləşən Azərbaycana yeni məktəb " layihəsi çərçivəsində ölkəmizdə hər il yeni məktəblər inşa olunur.

Bu prosesə yalnız paytaxtda deyil ucqar rayonlarda  yerləşən məktəblərin cəlb olunması da başlıca prioritetdir.

Tarix: 13-10-2021, 22:50
Xəbəri paylaş





Xəbər lenti