Ömrümüzün axırına çıxan... yollar


Ömrümüzün axırına çıxan... yollar

Avtoterrora gecikmiş rekviyem və ya baş tutmayan esse

Dünənki avtobus qəzası gündəmdən düşmür. Düşməsin də. Bu qədər insan zərər çəkib. 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. Bu boyda hadisə niyə unudulsun ki?! Əksinə, hərtərəfli araşdırılsın. Günahkarlar cəzalandırılsın. Ancaq bu da bəs etmir. Nəsə başqa addımlar da atmaq lazımdır.
Adamın ağlına ilk gələn şey sürücülük vəsiqələrinin satılması haqqında deyilənlər, yazılanlar olur. Bəli, bunu hər kəs bilir ki, sürücülük imtahanında nələr baş verir. Tək bununla da düzəlməyəcək. Ancaq ordan başlamaq lazımdır, yəqin ki.
Düzdür, yaşlı-başlı, 30-40 ilin sürücüləri də qəza törədir. O da ola 19 yaşlısı. Ancaq bir var təsadüf, bir də var adət. Yollarda normadan yüksək sürət, təhlükəli manevrlər, avtoxuliqanlıq, maşınla “özünügöstərmə” oyunları (“risovka”)... Çox hərəkət var. Polis də aradabir kampaniya xarakterli reydlər keçirir, sonra da hər şey qaldığı yerdən davam edir.
Son illərin hadisələri haqda məlumatları toplayıb baxanda dəhşətli mənzərə alınır. Elə, avtobus qəzaları da fəlakətdir. Nə qədər insan həlak olub, nə qədər insan yaralanıb. Şikəst qalanlar nə qədər!
Xatırlayırsınızsa, Qaradağ rayonunda illər öncə bir avtobus qəzası olmuşdu. Ölən çox idi. Yaralanan da lap çox. Xəsarət alanlardan birinin həyat hekayəsi isə lap çox sarsıdıcı idi. Gənc və gözəl bir xanım! İki ayağını da itirib. Bir günün içində dünyası başına uçub. Özünün də, ailəsinin də. Ona sevgisini izhar edənlər, bir anda yoxa çıxıb. Dostlarla, tanışlarla əlaqə yavaş-yavaş kəsilib. İnsan bir günün içində yaşayan ölüyə çevrilib. Sanki salamat qalıb. Ancaq bütün həyatı, gələcəyi – hər şeyi əlindən uçub gedib. Əlində qalan, sadəcə, keçmişidir!
Bizim bəzilərimiz bəlkə də dünən səhər o yol kənarında və avtobusun içində həlak olanları, yaralananları yalnız statistika kimi gördük – 5 ölü, 25 yaralı... Patoloanatomlar üçün 5 yeni cəsəd, xəstəxana üçün 25 əlavə pasiyent. Hələ zərərçəkənlərin qohumları, yaxınları da var – təcili tibbi yardımlıq... 5 molla üçün yas qazancı... Və sair. Ancaq bu insanlar – bizik. Ölən də, yaralanan da... bizik! Hamımız birlikdə və hər birimiz ayrı-ayrılıqda. Çünki o gün, o saatda, o yol qırağında, o avtobusun içində, çölündə... hər birimiz ola bilərdik. Bəxtimiz gətirib, bilirsinizmi?! Biz şanslıyıq ki, o gün, o saatda, orada olmamışıq. İşimiz şansa bağlıdır, bilirsinizmi?! Bəxtəbəxtdir. Həyatımız - “rus ruleti”. Bəxtin varsa, salamat qalarsan. Çünki...
Çünki yol təhlükəsizliyi sistemi... çöküb. Baxın, bir ortabab toy müğənnisi qadın, şəhər Yol Polisinin vəzifəli şəxsi ilə eyni verilişə çıxır və o zabitin gözünün içinə baxa-baxa deyir: “Aeroport yolunda 200 “sıxıram”, sağ olsun, polislərimiz, məni tanıyırlar, hörmət edirlər. Onları burdan öpürəm”. Dəhşətlisi də odur ki, o verilişdə deyilən o sözdən sonra, o müğənninin toya çağıranlar da artır, toy qiymətləri də. Beləliklə, bir “yol terrorçusu” efirdən on milyonumuza səsləndi ki, bacarırsınız 200 “sıxın”, imkan yoxdursa, barı saatda 140-ı görün. Topluma belə bir “nümunə” verdi və əlini-qolunu sallaya-sallaya çıxıb oturdu 200 minlik maşına və getdi 200 “sıxmağa”. Necədir sizin üçün?!
Baxın, nə qərar verilir-verilsin, nə cəza verilir-verilsin, kim öldü-kim qaldı, bir çoxlarının vecinə deyil. Yenə də qadağan olunmuş vaxtlarda şəhərdə yük maşınları dolaşır. Yenə də sürət həddi aşılır. Yenə ikindi çağı xuliqanlar avto belində... Yenə “zebra”larda adamlar vurulur... Daş-qum daşıyan, sement gətirən, heyvan götürən, beton qarışdıran... kim varsa, axşam düşməmiş təpilir yollara...
Şans dedim, sonra da piyada dedim, yadıma düşdü ki, bu arada ən az şans buraxdıqlarımız piyadalarmış. Bilirdinizmi?! Bu ilin 9 ayında paytaxtda 354 yol-nəqliyyat hadisəsi olub. 145 nəfər ölüb. 284 yaralımız var. O 145 nəfər ölənin 115-i piyadaymış. Bunu mən demirəm, Daxili İşlər Nazirliyi özü deyir. Yəni, ölümün yarıdan çoxu piyadaların taleyinə düşüb. Düşüb, qırıb ömürləri. Piyada zolaqlarında maşınların dayanıb yol verməsi, artıq sanki sürücülər üçün ayıb sayılır. Hər yerdə kamera var. Ancaq o kameralar ya heç çəkmir, ya da o çəkilmiş kadrlardan başqa məqsədlər üçün istifadə edilir. Sürücülərə cərimə yazılır, sonra isə... məlum səbəblərdən pozulur. Beləliklə də, Ramiz Rövşən demiş:
“Bütün yollar gedib çıxır, ömrümüzün axırına”...
Bəli, yol qəzaları – “yol terroru” hər yerdə var. Tək bizim başımızda görünməyib. İqlim şəraiti də daxil olmaqla bizdən asılı olmayan çox şey səbəb ola bilər. Ancaq insan faktoruna – özümüzə bağlı səbəbləri aradan qaldıra bilərik axı. Yaxud azalda bilərik. Onlardan biri də, o ortabab müğənni xanımın dediyi kimi, “hörmət”dir. Bizdə də, məlum: “hörmət, hörmətə bağlıdır”; aşağıdan gələn hörmət, üzüyuxarı hərəkət edir. Yollardakı hərəkət isə, tükənməyən “bərəkət” gətirir. Dövlət başçısı özü də bu yaxınlarda bu “hərəkət-bərəkət” sxemindən qəzəblənmişdi və barmaq silkələdi. Amma və lakin...
“Axır vaxtlar tez-tez gəzir şəhərdə,
Mən də tez-tez rast gəlirəm ölümə”... - Lirik rus şairi Aleksandr Blok, bunu sanki bizim yol reallığımız üçün yazıb. Ancaq bizimki lirik ricət deyil. Prozaik Dramatikdən də o yana keçib. Tragikdir, tragik!
Bahəddin Həzi
Bahəddin Həzi
Tarix: 14-10-2021, 23:02
Xəbəri paylaş





Xəbər lenti