Milli Məclis 28 Mayı Müstəqillik Günü, 18 Oktyabrı isə Müstəqilliyin Bərpası Günü kimi təsdiqlədi; parlamentdə Qarabağdakı erməni terrorçuları ilə bağlı çağırışlar səsləndi
Oktyabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova çıxışında bildirdi ki, bu iclas ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir: “Oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik”, deyən S.Qafarova qeyd etdi ki, ötən əsrin əvvəllərində qurduğu müstəqil dövlətini cəmi 23 ay yaşada bilmiş Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olub: “1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti tərəfindən ”Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilmişdir. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. O vaxt ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi". Sədr bildirdi ki, o zaman Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasaydı, Azərbaycanın müstəqilliyi təhlükə altına düşəcəkdi. Spiker Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlara imza atacağına ümidini ifadə etdi.Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə deputatları təbrik edən S.Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərməyi təklif etdi və deputatlar alqışlarla təklifə dəstək verdilər.
Daha sonra S.Qafarova Rusiyaya etdiyi səfər barədə həmkarlarını məlumatlandırdı.
Deputat Sahib Alıyev 18 il əvvəlin bu günü Azərbaycan xalqının seçimi ilə bağlı münasibətini bildirdi. Dedi ki, o zaman Qərb və Şərqdəki mərkəzlər İlham Əliyevin hakimiyyəti uzağı 2-3 il qoruyacağını proqnozlaşdırırdılar. Amma deputatın sözlərinə görə, illər sonra bura gəlib, Azərbaycanın inkişafını görənlər digər postsovet ölkələrində baş verənlərin burada mümkün olmayacağını anladılar. S.Alıyev lehimizə olmayan beynəlxalq konyuktura səbəbindən Azərbaycanın torpaqlarının işğaldan azad olunacağına indiki kimi inamımızın olmadığını qeyd etdi. “O, xanlıqlar dövründən zədələnmiş qürurumuzu bərpa etdi”, deyə deputat bildirdi.
Deputat Fazil Mustafa Qarabağda törədilən terror aktına diqqət çəkərək bildirdi ki, Azərbaycanın bu günlər Qarabağda üzləşdiyi hadisələr gözlənilən idi. “Bir öldürülən əsgərimizə görə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməldir. Dövlət rəhbərinin də qətiyyəti, iradəsi cəmiyyətimiz tərəfindən dəstəklənir”. F.Mustafa ardınca bildirdi ki, Ali Attestasiya Komissiyası bir nəfərin elmi işi plagiat olduğuna görə ləğv edib: “Elm sahəsində plagiat baş alıb gedir. Elmdə köşk götürmək, ”tolkuçka" açmaq ənənəsini aradan qaldırmaq lazımdır". Deputat məmurların qorunması mexanizminin yaradılmasını da təklif edərək bildirdi ki, yeni təyin olunan şəxs gələn kimi, işçilərdən kütləvi şəkildə ərizə tələb edir: “Məmuru qorumağın mexanizmi tapılmalıdır. Kütləvi şəkildə öz adamlarını yerləşdirsin deyə, kütləvi şəkildə işçiləri uzaqlaşdırmaq çox pis ənənədir. Bu ənənə ancaq Azərbaycandadır və bunu yığışdırmaq lazımdır”.
Deputat Bəhruz Məhərrəmov Qarabağda baş verən son hadisələrdən bəhs etdi: “Dünən axşam saatlarında, sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin növbəti terror aktı nəticəsində hərbi qulluqçumuzun həlak olması hamımızı üzdü. Allahdan şəhidimizə rəhmət, ailəsinə isə baş sağlığı diləyirik. Törədilən terror aktı göstərir ki, İrəvan məcburiyyətdən başqa yol tanımır. Yəni görünür ki, Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, yekun sülhə də ”Dəmir yumruq" ilə məcbur edilməlidir". Deputat qeyd etdi ki, ona görə də ya həmin dəstələr könüllü təslim olmalı, ya da antiterror əməliyyatının keçirilməsi, xalqların birgəyaşayış perspektivini, bölgədə sülh və sabitliyi təhdid edən bu qanunsuz silahlı dəstələrin yerindəcə məhv edilməsi, yaxud, bir an öncə tərkisilah edərək hər bir terrorçunun Azərbaycan qanunvericiliyinin uyğun olaraq məsuliyyətə cəlb edilməsi zəruridir.
Deputat Nizami Səfərov üçüncü onilliyi yaxınlaşan Xocalı soyqırımı barədə danışdı. Deputat bildirdi ki, bununla bağlı hüquqi addımların atılmasına zərurət var: “Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”. N.Səfərovun sözlərinə görə, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər: “Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Birinci vitse-spiker Əli Hüseynli layihə barədə danışarkən bildirdi ki, qanun layihəsi çox əlamətdar dövrə təsadüf edir. Deputat qanunun müstəqilliyimizin bərpasının 30-cu yubiley ilinə və torpaqlarımızın işğaldan azad olunmasından sonraya təsadüf etdiyini xüsusi vurğuladı və layihənin əhəmiyyətindən danışdı. Ə.Hüseynli müzakirələr zamanı səslənən bir sıra çıxış və təklifləri qiymətləndirdi və redaktə xarakterli müəyyən düzəlişlərin edildiyini vurğuiladı.
Bundan sonra qanun layihəsi səsə qoyuldu və 1 nəfər əleyhinə olmaqla qəbul edildi. Qanuna əsasən, 28 May Müstəqillik Günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi təsdiqləndi.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Vüqar Bayramov bəzi narahatlıqlarını ifadə etdi, təkliflərini səsləndirdi. Deputat bildirdi ki, icbari tibbi sığorta zərfinə daxil olmayan səhiyyə xidmətlərinin tarifləri müəyyənləşdirən zaman meyarların müəyyənləşdirilməməsi sui-istifadələrə yol aça bilər: “Layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi qeyd olunur. Burada isə qurumların sayı çoxdur. Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Buna görə də bu layihədə tariflər dəqiq müəyyənləşdirilməsinə ehtiyac var. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var”. Ardınca V.Bayramov qeyd etdi ki, zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək: “Bu da sui-istifadə hallarına gətirib çıxara bilər. Çünki zərfə daxil olan xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər. Zərfə daxil olan xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir”. Deputatın sözlərinə görə, zərfə daxil olmayan xidmətlərə görə ödənişlərin hara daxil olacağı müəyyən olunmalıdır: “Bu vəsaitdən səhiyyə xidməti, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən xərclənəcəyi aydın deyil. Xəstəxanalar və səhiyyə müəssisələrinin durumunun maliyyə baxımdan daha da yaxşılaşması ilə bağlı təklif olunan dəyişikliklər təsir göstərə bilər, amma sui-istifadə hallarına da yol aça bilər. Buna görə də layihəyə olan təkliflər daha aydınlaşdırılmalıdır”.
Deputat Qüdrət Həsənquliyev icbari tibbi sığortaya keçidlə bağlı problemlərdən bəhs etdi. O, icbari tibbi sığortaya keçid məsələsində 20 ildir problemlərin olduğunu söylədi. “Ya Səhiyyə Nazirliyi ləğv olunmalı və ya da bu, iki qurum bir araya gətirilməlidir. İkibaşlı idarəetmə uğurlu nəticə verməyəcək”, Q.Həsənquliyev bildirdi. Deputat məsələ ilə bağlı dünya ölkələrinin təcrübəsindən istifadə olunmasını, mütəxəssislərin cəlb edilməsini təklif etdi: “Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemləri özlərində güc tapıb prezidentə müraciət etmirlər? Bu sahədə bizə xaricdən mütəxəsislər lazımdır. Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. Utanmaq lazım deyil. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəsislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum səhiyyə nazirliyinin tabeliyinə verilməlidir, ya da səhiyyə nazirliyi də ləğv olunmalıdır”. Deputat ardınca komitə sədri Əhliman Əmiraslanova sual etdi: “Əhliman müəllimdən xahiş edirəm ki, desin, icbari tibbi sığortanın normal qaydada həyata keçirilməsi üçün daha neçə il lazımdır?”Ə.Əmiraslanov həmkarına cavabında dedi ki, icbari tibbi sığortaya keçidlə bağlı biz dünyanın bütün ölkələrinin təcrübəsini öyrənmişik: “Razıyam, problemlər var. Amma deyə bilmərəm ki, neçə ildən sonra məsələ həllini tapacaq. Bununla belə, inanıram ki, tezliklə problemlər aradan qaldırılacaq”.
Deputat Rəşad Mahmudov səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif etdi. Qeyd edib ki, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür: “Bu da onların nüfuzuna və gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların verilməsinin qarşısı alınsın. Çünki tez-tez ya həkimlərin ya da xəstəxanaların adları çəkilir. Bu cür hallar doğru deyil”.
Deputat Məlahət İbrahimqızı bəzi həmkarlarının səhiyyə işçilərinə qarşı çıxışlarına etiraz etdi. “Ötən iclasda Razi Nurullayevin bütün səhiyyə sistemi və səhiyyə işçiləri adına dedikləri ədalətsiz idi”, deputat bildirdi. M.İbrahimqızı qeyd etdi ki, səhiyyə işçiləri respublikada ən aşağı əməkhaqqı alan kateqoriyadır: “Son illərdə ölkəmizdə aparılan islahatlar fonunda, səhiyyə sahəsində olan islahatlardan danışırıq. Baltik ölkələrində səhiyyə sahəsində olan islahatlar 7 il sonra öz bəhrəsini verdi. Gürcüstanda səhiyyə sistemində islahatlara bizdən əvvəl başlasa da, onlar hələ nəticəni görə bilməyib. Pandemiya başlayandan bizim tibb işçiləri çalışır. Prezident İlham Əliyev öz çıxışlarında səhiyyə işçiləri ilə bağlı çox yüksək fikirlər söyləyib. Müharibə dönəmində bizim səhiyyə işçilərimiz yerdə bir yaralı əsgər buraxmadılar”.Deputat ardınca qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində iştirak edən veteranlara bəzi sosial müavinətlər verilir: “Bir neçə gündən sonra biz Zəfərimizin bir illiyini qeyd edəcəyik. Veteran deyəndə sadəcə şəhid və qazi başa düşülməməlidir. Bu gün 44 günlük müharibədə iştirak edənlər Birinci Qarabağ müharibəsində iştirak edənlərdən fərqli olaraq, müavinət almır. Büdcə müzakirəsi zamanı bu məsələ qaldırılmalıdır. İkinci Qarabağ Müharibəsində iştirak edənlərə müavinət verilsin. Fərqi yoxdur, yaralanmayıb, həlak olmayıb, əsas odur müharibəyə gedib, yanında bomba partlayıb”. Deputat bu kateqoriyalı vətəndaşlara da diqqətin artırılmasını zəruri saydı.
Bundan sonra qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.
“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklə bağlı layihələrin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Razi Nurullayev bildirdi ki, biz bir neçə ay əvvəl Türkiyə tərəfinin dəstəyi ilə Azərbaycanda iki yeni peşə təhsil müəssisəsinin yaradılmasını qəbul etdik: “Bunu alqışlayıram. Bu gün müzakirə etdiyimiz təhsil qanuna dəyişiklik də önəmlidir və səs verəcəm. Bilirik ki, diplomu olmaq yaxşı mütəxəssis olmaq anlamına gəlmir”.
“Yeni Müsavat”
Tarix: 16-10-2021, 11:04