Sənədsiz evlər niyə sənədləşdirilmir: "Bu ərazilərə aministiya verilməlidir"

Sənədsiz evlər niyə sənədləşdirilmir: "Bu ərazilərə aministiya verilməlidir"

Bu gün ölkədə 500 mindən çox qanunsuz inşa edilmiş fərdi ev var. Düzdür, "qanunsuz" sözü burada birmənalı qarşılana bilməz. Çünki qanunsuz heç nə olmur, ya qanuna göz yumanlar olur, ya da qanuna önəm verməyənlər.

Gəlin, bu evləri qeyri-rəsmi icazə ilə tikilmiş fərdi evlər adlandıraq...
Bu evlər təkcə vətəndaşlara deyil, dövlət büdcəsinə də zərər verir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev sənədsiz həyət evlərinin büdcəyə verdiyi zərərlərdən söz açıb: "Bir əmlakın çıxarışı varsa, o ancaq notarial qaydada alınıb-satıla bilər. Çıxarışlı mənzilin alqı-satqısı zamanı hər kv-na görə dövlətə vergi ödənilir. Bu zaman pul, bank hesabına köçürülür. Və bank da o puldan faiz götürür. Alqı-satqı notariusda olduğu üçün notarius da gəlir əldə edir. Əmlakın çıxarışı varsa, o məcburi şəkildə hər il sığortalanır. Çıxarışlı alqı-satqı olduqdan sonra onu alan şəxsin adına sənədlərin rəsmiləşməsi üçün həmin şəxs yenidən ödəniş edir. Bir əmlakın çıxarışının olması çoxlu sayda dövlət qurumunun büdcəsini formalaşdırır".
Elnur Fərzəliyev Elnur Fərzəliyev
Çıxarışı olmayan əmlaklar ipoteka-bank predmetinə çevrilə, girov qoyula bilməz. Çıxarışı olmayan fərdi evlərin digər bir problemi isə ada keçirmək məsələsidir. Bəzən vətəndaşlar uzun müddət həmin evdə yaşayır, amma həmin evi digər ailə üzvünün adına keçirmək mümkün olmur. Həmin əmlak hədiyyə edilə bilmir. Və yaxud həmin şəxs dünyasını dəyişən zaman varislər arasında ciddi problemlər yaranır. Əmlakların mülkiyyət hüququ qorunmadığına görə, bütün bu problemləri vətəndaşlar yaşayır: "Şəhərin mərkəz əraziləri - Yasamal, Alatava, Kubinka, Papanin və s. digər ərazilər var ki, burada sovetlər dövründən yaşayış məntəqələri olub. Bəlkə də 100 ildən çoxdur ki, bu ərazilərdə yaşayış var, amma bu ərazilərə çıxarış verilmir. Çıxarış olmayan ərazilərdə söküntülər zamanı tikinti şirkətləri və dövlət qurumları ilə mübahisəli vəziyyət meydana gəlir. Bu narazılıqlar uzun müddət davam edir və həllini tapa bilmir. Çıxarış və texniki pasport olanda isə, vətəndaşın mülkiyyətində olan tikilinin ölçüsü orada qeyd edilir. Və vətəndaş buna uyğun pulunu tələb edə bilir. Çıxarış olmayan zaman tikinti şirkəti az pul təklif edir, vətəndaş daha böyük kvadratı olduğunu deyir. Nəticədə problem yaranır. Amma ərazidə çıxarış olduğu zaman, nə qədər vəsait ödəniləcəyi də məlum olur. Hər şey şəffaf şəkildə həyata keçirilir".
Uzun illərdir ki, qanunsuz evlərin sənədləşdirilməsi, çıxarışların veriməsi ilə bağlı məsələ müzakirə edilsə də, hələ ki, heç bir ciddi addım atılmayıb. Görünən mənzərə bunu təsdiq edir. Bu gün sənədsiz evlərin yüksək enerji gərginliyi olan elektrik xətlərinin altında və su kəmərlərinin üzərində tikildiyi qeyd edilir.
Bəs şəhərin mərkəzində olan ərazilərdəki evlər niyə sənədləşdirilmir?
Bu ərazilərdə uzun illərdir ki, vətəndaşlar məskunlaşıb və həmin ərazilərdə ciddi fəsadlara səbəb olacaq kommunikasiya xətləri keçmir. Ekspert hesab edir ki, ilk növbədə bu ərazilər çıxarışla təmin edilməlidir. Yüzminlərlə çıxarışsız həyət evləri var ki, onlar çıxarışla təmin edilməlidir. Bunun üçün isə, ilk növbədə torpağın təyinatı dəyişdirilməlidir.
"Torpağın təyinatı ilə üzərində tikilən tikinti uyğun olmadığı üçün fərdi yaşayış evlərinə çıxarış verilmir. Kənd təsərrüfatı təyinatlı, sovxoz, kolxoz, neft əraziləri və s. ərazilər var ki, orada fərdi yaşayış evləri var. Bu torpaqların təyinatı dəyişməsə, onlar çıxarışla təmin edilə bilməz. Bu ərazilərə aministiya verilməlidir",- deyən ekspert qeyd edib ki, vətəndaşlar çıxarışla təmin edildiyi təqdirdə problemləri azalmış olar.
Tarix: 9-11-2021, 08:30
Xəbəri paylaş





Xəbər lenti