"Azərsu" bir addımda iki biabırçılığa imza atdı...

"Azərsu" bir addımda iki biabırçılığa imza atdı..."Azərsu" ASC

Bir neçə gün əvvəl Nizami rayon sakinlərindən biri redaksiyamıza müraciət edərək, Nizami rayon Su kanal İdarəsinin qanunsuz əməlindən söz açıb.

Sakin bildirib ki, idarə su borcu olan şəxslər üçün bildiriş asmaqla yanaşı onlara məxsus şəxsi məlumatlarını da açıq şəkildə yayıb: "Səhər binanın girişində "Borc ödənilməsi haqqında Xəbərdarlıq" yazılmış kağız diqqətimizi çəkdi. Kağızda qeyd edilmişdi ki, su borcu olanlar 13.10.2021-ci ilə qədər borclarını ödəməsə, binanın su təchizatı bir günlük kəsiləcək. Bu bir kənara, divara yanaşı yapışdırılmış ikinci kağızda isə binada su borcu olan abonentlərin abonent kodu, ad-soyadı, mobil telefon nömrələri, mənzilinə qədər göstərilən tam ev ünvanı və borc məbləği qeyd edilmişdi. Həmin siyahıda su borcu olan qadın sakinlərin də məlumatları vardı".
Sakinin sözlərinə görə, Nizami Rayon Su kanal İdarəsinin bu addımı qanunsuzdur və şəxsin özəl məlumatlarının yayılması ciddi hüquq pozuntusudur.
"Nömrələrimiz, bizim şəxsi mülkiyyətimizdir. Bunu da yayıblar. Biz hara müraciət edəcəyimizi düşünürük. Başa düşürük ki, vətəndaşın su borcu ola bilər. Amma bu hal da heç bir quruma əsas vermir ki, vətəndaşlara məxsus şəxsi məlumatları yaysın",- deyə bildirilib.
Biz də öz növbəmizdə məsələ ilə bağı "Azərsu" ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb, məsələni ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıya çatdırdıq. Ancaq Anar bəy bu məsələdə "ağzına su alıb" susmağa üstünlük verdi.
Düzdür, artıq həmin binadan su borcu olan vətəndaşlara məxsus şəxsi məlumatların qeyd olunduğu kağızlar çıxarılıb. Amma bu addım, olayın belə sakit şəkildə bağlanması demək deyil. Çünki vətəndaşın borcunun olması, heç bir quruma əsas vermir ki, ona məxsus şəxsi məlumatları açıq şəkildə yaysın. Bu addım hədə-qorxu gəlmək deməkdir. Bəlkə də Nizmai Rayon Su Kanal İdarəsi bu üsulla vətəndaşlardan su pulunu yığa biləcəyini düşünüb. Amma idarə sadəcə, qurumun büdcəsinin marağını qoruduğunu düşndüyü üçün vətəndaşların hüquqlarını düşünməyi unudub.
Konstitutsiyanın 32-ci maddəsinə görə, şəxsin toxunulmazlıq hüququ var. Bura məlumatların toplanılması və yayılması da daxildir. Ancaq belə görünür ki, "Azərsu" ASC-nin Nizami Rayon Su Kanal İdarəsi Konstitutsiyaya zidd hərəkət edir. Vətəndaşların bu məsələyə görə, "Azərsu" ASC-ni məhkəməyə vermək hüquqları var, amma hələ ki, Nizami Rayon Su Kanal İdarəsi haqqında "Azərsu" ASC tərəfindən ölçü götürülməsini gözləyirlər.
Məsələnin başqa biabırçı tərəfi ondan ibarətdir ki, İdarə borcunu ödəməyənlərə görə borcunu ödəyənlərin də, yəni bütün binanın suyunu kəsməklə hədələyir. Tam bir reket ab-havası...
Biz isə öz növbəmizdə Nizami Su Kanal İdarəsinin əməkdaşlarına, vətəndaşlardan su pulunu qanunlar çərçivəsində tələb etməyi tövsiyyə edirik. Vətəndaşa hədə-qorxu gəlmək, şəxsi məlumatlarını öz iradəsinin əksinə olaraq yaymaq cinayət məsuliyyəti yaradır.
Ümid edirik ki, "Azərsu" ASC qurumunun bu qeyri-peşəkar iş üslubuna qarşı ölçü götürəcək. Məsələni nəzarətdə saxlayacağıq.
Tarix: 12-11-2021, 22:11
Xəbəri paylaş





Xəbər lenti