Anladım ki, burda işləmək üçün ya “day-day” olmalıdır, ya da yaxşı pulun”


"Dedilər, Qarabağda iş yerləri açılıb, ərinmədim, durdum getdim..."

…Alnının qatları qırış-qırışdır.

Onun gözlərində bahar da qışdır...

Bükülmüş belinin donqarı vardır,

Onun barmaqları qabar-qabardır;

Görünür ovcunda kəndir izləri.

Cırıq şalvarından çıxmış dizləri.

Başında bir kirli, bir əski təsək,

Dünyadan qazancı bir budur desək…

Səməd Vurğun “26-lar Poeması” adlı əsərində bu misraları yazarkən, orada nəzərdə tutduğu hambal İrandən gəlmiş, burada özünə və ailəsinə bir tikə çörək qazanmaq üçün nökərliklə məşğul olurdu…
Bu gün el arasında “Qul bazarı” adlanan, işsiz vətəndaşların, xüsusilə əlindən fəhləlik, ustalıq, tikinti işi gələnlərin, yaxud da gəlməyənlərin yığışdıqları, gündəlik 5-10 manat çörəkpulu üçün sabahdan axşamadək, yayın istisində, qışın soyuğunda, çovğununda oturub iş təklifi gözləyənlərin “məkanında” olduq. Üşüməsin deyə gəzişən gəncindən, ayaqqabıları nəmlənib üşüyən yaşlısınadək hər yaşda insan var idi orda. Ancaq onlar İrandan gəlməyiblər. Onlar məhz bu ölkənin vətəndaşlarıdırlar.
Balaca bir masada əyləşib başını üzərindəki körpünün sütununa söykəyərək, yola baxan orta yaşlı birinə yaxınlaşdıq. Ətrafında çox sayda texniki ləvazimat var idi. Onunla bir az söhbət etdikdən sonra məlum oldu ki, o, həmin ləvazimatları körpünün digər tərəfində durub iş gözləyənlərə icarəyə verir. Ona görə də, iş yox, işçi gözləyir ki, gəlib ləvazimatlardan götürsün.
Üzərində heç bir keçid işarəsi qoyulmamış yoldan digər istiqamətə keçdik. Burada daha çox adam yığışmışdı. Bəziləri öz aralarında söhbət edir, bəziləri əlində siqareti ard-arda yandırırdı. Görünür, bəziləri də hələ yeni idi, gözləri müştəri gəzir, birinin onu gəlib iş üçün aparacağını düşünərək hər gəlib keçəni diqqətlə süzürdü. Yenilərlə köhnələri bir baxışda fərqləndirmək olurdu.
Həyatdan, dünyadan, yaşadığı dövlətindən, hətta öz millətindən belə ümidini kəsmiş bu insanlar elə verilən suallara da ümidsizcə, laqeyd cavablar verir, iş üçün gəlmədiyini biləndə uzaqlaşıb gedirlər. Amma aralarında sinəsi sözlə, sualla dolu olanlar da var idi. Nə adlarını qeyd etməyə icazə verdilər, nə də şəkillərini çəkməyə: “Sən mənim şəklimi çəkib, adımı yazıb, elə zənn edəcəksən ki, gəlib problemimizi həll edəcəklər? Yox, daha da böyük problem yaradacaqlar. Yenə durmağa, dayanmağa yerimiz var. Xahiş edirəm, yazıb olanı da sən əlimizdən alma”,- deyə aralarından biri dilləndi.
Vasif adında biri bildirdi ki, həftədə bir neçə dəfə hansısa kanaldan, yaxud saytdan gəlib, onların problemi ilə maraqlanırlar. Amma maraqlanmalı olan qurumlar qalıb kənarda: “Mən ali təhsil almışam. Kənd Təsərrüfatı İnstitununu bitirmişəm, 54 yaşım var. 8 nəfərlik ailə saxlayıram. Keçən dəfə Məşğulluq Agentliyi məlumat yayıb ki, Qarabağda iş yerləri açılıb. Getmək istəyən usta, fəhlə, dülgər gəlsin, müraciət etsin, göndərək. Ərinmədim, durdum getdim. Məni qəbul etdilər. Soruşdular nə bacarırsan? Dedim ustayam, 20 ilə yaxındır ustalıqla məşğulam, təcrübəm də var. Dedilər: “bizə sən lazım deyilsən. Bizə xarici şirkətlərdən gələn işçilər lazımdır. Biz maaşı onlara veririk”. Anladım ki, burda işləmək üçün ya “day-day” olmalıdır, ya da yaxşı pulun”.
Daha sonra sərt karantin rejimi dövründə onlara sosial yardımın göstərilməməsindən şikayət edənlər oldu: “ƏƏSMN-ə müraciət etdim ki, işsizəm, heç olmasa, 190 manat sosial yardımdan mən də faydalana bilim. Dedilər: “ Sənə 190 manat düşmür, adında torpaq sahəsi var”. Dedim: “Ay qardaş, mən torpaq yeyib dolanacam? Necə yəni torpaq sahən var deyə, sənə yardım düşmür?”  Gülünc və bir o qədər də ələsalma söhbətlərlə məni yola verdilər. Haqqım olanın arxasınca getmək istəyəndə də, saldılar yollara. Yüz yerə göndərdilər ki, get, filan yerdə həll edəcəklər. Günü-günə satdılar, o 190 manat pul nə olan şeydi, onu mənə vermədilər. Ancaq sonra elə adamlara o pul verildi ki, o adamların təkcə əyləncə pulu onun iki qatıdır. Anlada bilirəm?”
Mevlam adlı dayı bildirir ki, indi nəinki biz, heç gənclər də normal iş yeri tapa bilmir: “İndi yaşın gənc olur, yaxınlaşırsan ki, iş üçün gəlmişəm, deyirlər yaşın azdı, təcrübəsizsən. Yaşın çox olur, gedirsən, deyirlər yaşın çoxdur, bizə gənc işçi lazımdır. Əksəriyyəti də elanlarda xanım işçi axtarır. Hətta altına yaş yazırlar ki, filan yaşdan, filan yaşadək. Məlum məsələdir də, onlara lazım olan işçi deyil…”
Vasif usta deyir ki, İkinci Qarabağ Müharibəsi zamanı onun qohum-əqrabasından 8 nəfər şəhid olub: “Oğlum gizir idi, daha sonra bəzi problemlərdən dolayı işdən çıxmalı oldu. Müharibədə qohumlarımdan 8 nəfər şəhid oldu. O torpaqları da alanlar elə kasıb övladları idilər. Bəziləri şəhid oldu, bəziləri də qazi. Bir çoxları da şükür, sağ-salamat qayıdıb, amma işsiz-gücsüz ortalıqdadırlar. İndi bizdən keçib, bəs onlar? Hamısı gənc yaşda uşaqlardı, bu yaşda qalıblar işsiz. Bir müddət sonra onlar da gələcək bura bizim yanımıza. Sayımız onsuz da minləri keçib. Heç olmasa, bundan sonra bir tədbir görülsün. Baxırsan, normal iş yeridir, təcrübən də var, amma gedirsən, bir bəhanə gətirib uzaqlaşdırırlar. Öz yaxın qohum-əqrabasını gətirib işə düzəldirlər. Halbuki, həmin işdən o adamın azca anlayışı da yoxdur. İndi deyirlər ki, gedək Qarabağda işləyək. Bəs bunun yatmağı, yeməyi-içməyi, qalmağa yeri, bunlar necə olacaq? Pulsuz pendir siçan tələsində olur. Burada heç nə havayı deyil. Hər kəs də bunu bilir”
Biz xəbər portalı olaraq özünü həyata məğlub saymış bu vətəndaşlarımızla cəmiyyətimiz arasında bir bağlantı qurmaq, onların səsini həm insanlarımıza, həm də aidiyyatı dövlət qurumlarına çatdırmaq niyyətindəyik. Ancaq təəssüf ki, reportajda adı hallanan qurumlar – nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Dövlət Məşğulluq Agentliyi nəinki suallarımıza cavab vermək, dəstəyi belə qaldırmağı özlərinə rəva bilmədilər.
Heç şübhəsiz, düşmən üzərində qələbə qazanmış qalib dövlətin həyata məğlub olan bu vətəndaşlarını öz dövlətindən, millətindən narazı salmağa çalışan, fəhlənin 350 manatında öz “haqqını” axtaran, azad edilmiş bölgələrdə indidən öz biznesini, “çörəkqapısı”nı açan dələduzlar ifşa ediləcək, haqlarında ədalətli qərar veriləcək.
Ədalət topaldır, ancaq gedəcəyi yerə gec-tez çatır.
Mətin Şükürlü, Bizimyol.info
Tarix: 16-11-2021, 12:08
Xəbəri paylaş





Xəbər lenti