“O stolda ailəsini qoyub çıxanlar var” - Mərc oyunları və ya “ümidsizlərin məkanı”


“O stolda ailəsini qoyub çıxanlar var” - Mərc oyunları və ya “ümidsizlərin məkanı”

“Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz”. (Bəqərə surəsi, 219-cu ayə)

“Qumar, pisliyin övladı, bərabərsizliyin qardaşı, bəlanın atasıdır” (Corc Vaşinqton, ABŞ-ın 1-ci prezidenti)
Yaxın zamanlarda “Squid Game” adlı altı bölümlük film yayımlandığı ilk gündən etibarən, milyonlarla insanın diqqətini özünə cəlb etməyi bacardı. Təbii ki, filmi bəyənənlərlə yanaşı, ona irad bildirənlər, hətta bunun yayımlanmasının qadağan olunmasını tələb edənlər də az deyildi. Ancaq statistikaya əsaslanan reallıq budur ki, adı çəkilən filmi izləyənlərin böyük bir qismi 17-36 yaşarası insanlardan ibarətdir. Gənc nəslin nümayəndələrinin sosial şəbəkələrdə bu filmə olan rəğbəti, yazdıqları rəylərdən açıq-aşkar hiss olunur.
Filmdə banklara külli miqdarda borcu olan insanların öz həyatları bahasına girdikləri bu qumar oyunu, onları getdikcə insanlığın sərhədlərindən çıxarır, oyunçular özləri də fərqində olmadan, yırtıcı, mənəviyyatını itirmiş varlıqlara çevrilirlər.
İndi isə gəlin, real filmə - yaşadığımız dünyanın gerçəkliyinə nəzər salaq. Qumar nədir? Məşhur ingilis yazıçısı və ruhanisi Çarlz Colton qumarı belə təsvir etmişdir: “Qumar şəhvət və tamahın övladı, israfın ata və anasıdır”.
Günümüzdə insanları qumara yönləndirən əsas səbəblər şəhvət və tamahdan daha çox, az qazanc sahibi olmaları, boğaza dayanan borc bataqlığı və həyatlarını hissə-hissə çürüdən kredit borclarıdır. Çox uzağa getməyə ehtiyac yoxdur, elə bu problemlər yaşadığımız ölkədə özünü bir aynadan daha aydın əks etdirir.
Cibində səni bu həftədən o biri həftəyə görməyəcək xərcliyin yoxdursa, işsizsənsə və üstəgəl, bank çeklərin hər gecə yatağına baş qoymamış, kino lenti kimi gözünün önündən keçirsə, iradən də kifayət qədər güclü deyilsə, deməli, sən potensial qurbansan.
Sosial şəbəkələrdən istifadə edirsənsə, qarşına çıxacaq on reklamdan heç olmasa, beşi səni mərc oyunlarına “dəvət” edəcək. Növ-növ dəvətlər – qulağa xoş gələn gözəl musiqilər, “qazandığını” görüb, sevincdən dəli kimi bağıranlar, cəlbedici geyimi ilə “min bir cild”ə girmiş “xanımlar” və daha neçə-neçə yollarla, üsullarla özünə müştəri, yaxud da elə “yolmaq üçün qaz axtaran” mərc oyunları reklamları ya zəhləni tökənə qədər, ya da səni özünə cəlb edənə qədər o ekranın bir küncündən sənə baxacaq.
Təəssüf ki, bu tip zərərli mərc oyunlarının reklamını aparan sosial şəbəkələrlə yanaşı, varlığını “xalqını düzgün və vicdanlı informasiya ilə təmin etməyə” həsr etmiş xəbər saytları, portallar da yer alır. Müəyyən məbləğ qarşılığında məsum adı “mərc oyunları” olan bu qumar bataqlıqlarını öz saytlarında bəh-bəhlə reklam edənlərin özləri, əslində, ölkənin gəncliyi üzərindən qumar oynadıqlarının fərqindədirlərmi? “Təki, pulum gəlsin” anlayışı içərisində açıq-aşkar qumar reklamı ilə məşğul olan müxtəlif alqı-satqı, xəbər, elan, film saytlarının məsuliyyətsizliyinin cəzası ölkə qanunlarında öz əksini tapıbmı?
Məsələ ilə bağlı sosial sorğu keçirmək qərarına gəldik. Əsasən, gənc nəslin nümayəndələrinə yanaşdıq və onların mərc oyunları barədə düşüncələrini aldıq. Bəziləri bu oyunların həyəcanlı, maraqlı olduğunu, kiçik məbləğlərlə oynanıldığında problem yaşamadıqlarını desə də, bir çoxları da “Qumar, qumardır. Kiçiyi-böyüyü yoxdur. Pulla, hansısa şərtlə oynanılan nə varsa, elə hamısı qumar sayılır”,- deyə öz fikirlərini bölüşdülər.
Nizami adlı gənc orta məktəbdən bu yana bu mərc oyunlarını oynadığını, çox vaxt qazandığını bildirir: “Əslində, çoxdanın oynayanıyam. Təqribi, nəyin necə olacağını təsəvvür edə bilirəm. Kuponu da ona uyğun doldururam. Təbii ki, elə də çox miqdarla yox, az miqdarlarla oynamışam. Ən çox pul qoyduğum oyun əlli manat olub, onda da bütün pulu batırmışam. Daha sonra özümə söz verdim ki, on manatdan yuxarı məbləğlə oynamayacam. Amma indi də düşəndə, nəsə maraq gələndə, gedib bir-iki əl oynayıram”,– deyə Nizami bildirib.
Təbii ki, Nizaminin fikirləri ilə barışmayanlar da az deyildi. Şamo deyir: “Bu, hər şeydən öncə, dinimizdə qadağandır. Özünə “mən müsəlmanam” deyən şəxs qumar oynamamalıdır. İndi siz buna “mərc oyunu” deyirsiniz, amma mən buna elə qumar deyirəm. Qumardı da, adını lap yüz dəfə də dəyişsən ki, ay mərc oyunu, ay at yarışı, ay nə bilim, futbol oyunu, qumardır ki, qumar. Qumar təkcə pulla oynanılmır ki. Düzdür, ilk öncə pulla başlayır, amma sonu başqa şeylərlə bitir. Bəyəm, evini, maşınını, bütün mülkünü o stola qoyub, çıxanlar azdır? Hələ mən bəzi şeyləri demirəm. Yox, elə qoy, deyim. Ailəsini itirənlər də var o stollarda. Vallah, var. Kinolarda, hansısa seriallarda gördüklərimiz elə bilirsiniz, real həyatda yoxdur? Yəqin eşitmiş olarsınız, köhnə casus, köhnə narkoman və köhnə qumarbaz olmaz. Bu üç əməlin keçmişi, gələcəyi yoxdur. Yəni zamanı yoxdur. Bir dəfə başladınsa, ölənəcən o adla xatırlanacaqsan”,– deyə Şamo bildirib.
Sorğuda iştirak edənlər mərc oyunları ilə yanaşı, həmin oyunların reklamlarına da münasibət bildiriblər. Vətəndaşlardan biri qeyd edib ki, bir taksi reklamları, bir də mərc oyunları onu boğaza yığıb: “Girirəm ki, güya hansısa verilişə, ya kinoya, seriala baxım. Qardaş, o taksi reklamları, bir də o mərc oyunlarının reklamları imkan vermir ki, mən girim, beş-on dəqiqə nəyəsə baxım. Bəzən, əsəbimdən heç baxmıram, çıxıram. İnsan nə qədər görməmiş olar? Bu reklamı bir dəfə verdin, vəssalam da. İstəyən o reklama yönələcək, istəməyən də yönəlməyəcək. Bu mənasız, zəhlətökən reklamların əlindən kompüterimə xüsusi proqram yükləmişəm, reklamlara imkan vermir. Sağ olsun, həmin proqramı hazırlayan. Gündə neçə dəfə atasına rəhmət deyirəm. Diriyə də rəhmət var da, bilirsən (gülür – M.Ş)”.
Son olaraq, oxucularımıza, xüsusilə ölkəmizin gənc nəsil nümayəndələrinə mərc, şans, zər kimi qumar oyunlarının xeyrindən daha çox, təhlükə mənbəyi olduğunu, ümumiyyətlə, bu kimi oyunlarda heç bir xeyrin olmadığını xatırlatmaq, bu zərərli vərdişə aludə olmamaq üçün öz ətrafını düzgün, vicdan sahibi, ləyaqətli insanlarla formalaşdırmalarını xahiş və tövsiyə edirik. Barıtı oddan, özünüzü qumardan uzaq tutun!
Tarix: 22-11-2021, 08:01
Xəbəri paylaş





Xəbər lenti