Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbdə hələ də istilik verilməyib.
Bu barədə Yenisabah.az-a valideyn Könül Müftəllimli məlumat verib.
Şikayətçi bildirib ki, siniflərə istilik verilmir, valideynlər öz hesablarına qızdırıcı alıb sinifə qoysalar da, məktəb direktoru Nəriman Vəliyev buna etiraz edib:
“İstilik sistemini gəlib plomlayaraq gediblər. Nə Təhsil Nazirliyi, nə “Azəristilik”in, nə də məktəb rəhbərliyinin heç nə vecinədir. Valideyinlər öz ciblərinin pulu ilə yığılıb qızdırıcılar alıb siniflərə qoyublar. Məktəb rəhbərliyi buna da etiraz edir. Az qalır desin ki, məktəbin işıq pulunu valideynlər ödəsin.
Könül Müftəllimlinin sözlərinə görə, problemi işıqlandırmaq üçün məktəbə gələn jurnalistlər içəri buraxılmır:
“Dəfələrlə bir neçə yerə şikayət etmişik, dinləyən-baxan yoxdur, deyirlər ki, borc məsələsidir. Əksər valideyinlər uşaqları məktəbə buraxmırlar, soyuq olur, şagirdlər xəstələnirlər, sonra koronavirus adı ilə sinfi bağlayırlar”.