"ƏHALİNİN BÜDCƏSİNİ DAĞIDAN İKİ XİDMƏT SAHƏSİ VAR..." - "Prezidentin göstərişinin yerinə yetirilməməsi necə izah oluna bilər?"



Etibar Əliyev: "Bəzi nazirliklərin nəzdində verəcəkləri qrantları saxta yollarla "icra edən", məqsədi ayrılan maliyyəni mənimsəmək olan "layihə qrupları" formalaşıb"
Millət vəkili Etibar Əliyev parlamentdə "Azərbaycan Respublikasının 2022–ci ilin Dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı geniş çıxış edərək, bir sıra məsələlərlə bağlı tənqidi fikirlərini bildirib, təkliflərini verib. Millət vəkilinin çıxışının mətnini təqdim edirik:
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin Zərfi”ndə bizə təqdim edilən icmal büdcə layihəsinin natamam olmasına diqqətinizi yönəltmək istəyirəm. Çünki təqdim edilən icmal büdcədə İcbari Tibbi Sığorta Fondunun büdcəsini görə bilmirik.
Məlum olduğu kimi, ölkəmizdə hazırda həyata keçirilməkdə olan mühüm sosial-iqtisadi islahatlardan biri icbari tibbi sığortanın tətbiqidir. 2021-ci ilin yanvarından İcbari Tibbi Sığorta (İTS) ayırımları toplanmaqdadır və bu vəsait İTS Fondunda cəmlənir. Bu Fonda həm dövlət büdcəsi hesabına sığortalanan şəxslər üzrə İTS ayırımları, həm də sığorta edənlərin və sığorta olunanların ödədikləri vəsaitlər yığılır. Yəni hazırda İcbari Tibbi Sığorta Fondu da elə Dövlət Sosial Müdafiə Fondu, yaxud İşsizlikdən Sığorta Fondu kimi fəaliyyət göstərən, həm dövlət büdcəsinin, həm də sığortaçıların ödədikləri vəsait hesabına formalaşan bir fonddur. Buna görə də İcbari Tibbi Sığorta Fondunun da icmal büdcənin tərkibində göstərilməsi, daxilolma mənbələri üzrə Fondun gəlirlərinin proqnozlaşdırılması və Milli Məclisə təqdim edilməsi təmin olunmalıdır. 
Yeri gəlmişkən bunu da qeyd etmək istəyirəm ki, İcbari Tibbi Sığortanın tətbiqi və dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanması büdcə təsnifatında müvafiq dəyişikliklərin aparılmasını da zəruri edir. Belə ki, 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində “Səhiyyə xərcləri” bölməsində 7.5.4.1 bəndindən aydın olur ki, gələn il “əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı”na 1125.7 mln. manat nəzərdə tutulmuşdur. Büdcə xərclərinin iqtisadi təsnifatında bu vəsait 222920 “İstehlak yönlü müxtəlif xidmətlər” maddəsinə aid edilmişdir. 
Xərclərin iqtisadi təsnifatında 212300 kodu ilə olan “İcbari tibbi sığorta” maddəsində isə büdcə təşkilatlarının işçilərini icbari tibbi sığortalamaları üçün ayrılan vəsaitlər əks olunur. Buna görə də dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondu və məcburi dövlət sosial sığortası ilə bağlı olan yanaşmanı İcbari Tibbə Sığorta Fondu və icbari tibbi sığortaya da şamil etmək lazımdır. “Səhiyyə xərcləri” funksional bölməsinin tərkibinə “İcbari Tibbi Sığorta Fondu” köməkçi bölməsi əlavə etmək və əhalinin dövlət hesabına icbari tibbi sığortalanması xərclərini bu köməkçi bölmədə göstərmək məqsədəuyğun olardı.
Məlumunuz olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli fərmanında Maliyyə Sabitliyi Şurasına tapşırılmışdı ki, “büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etsin”.
2021-ci ilin dövlət büdcəsi zərfində bu tələbə əməl olunmamışdı. 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin izahatında qeyd edilən pilot nazirliklərin 2022-2025-ci illər üçün Xərclər Çərçivəsini hazırladıqları və büdcənin müvafiq funksional bölmələrində nəzərə alındığı qeyd olunur. Amma Prezidentin qeyd etdiyimiz fərmanında pilot nazirliklər üzrə “sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin” büdcədə nəzərə alınması yox, məhz büdcə sənədlərinə (büdcə zərfinə) əlavə edilməsi göstərişi verilib. Prezidentin məlum göstərişinin bu il də yerinə yetirilməməsi necə izah oluna bilər? 
Məsələn, Qazaxıstanda bütünlüklə dövlət büdcəsi artıq Ortamüddətli Xərclər Çərçivəsi əsasında parlamentə təqdim olunur və belə təsdiq olunur. Əslində bizim ölkəmizdə də 2022-ci ildən dövlət büdcəsinin tamamilə ortamüddətli xərc çərçivələri əsasında təqdim edilməsi nəzərdə tutulurdu. Nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidlə bağlı durum hazırda nədən ibarətdir? Maliyyə Nazirliyinin bu barədə Milli Məclisi məlumatlandırması yaxşı olardı.
2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsindən aydın olur ki, rayon və şəhərlərin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsait alan rayon və şəhərlərin sayı son dərəcə azalımışdır (qalan rayon və şəhərlər əsasən işğaldan azad edilmiş ərazilərdə olanlardır). Əlbəttə ki, bunu alqışlayırıq. Eyni zamanda, rayon və şəhərlərin yerli gəlirləri və həmin gəlirlər hesabına maliyyələşdirilən xərcləri barədə daha detallı məlumatların büdcə zərfinə daxil edilməsi məqsədəuyğun olardı. Bu, bir tərəfdən, yerli gəlir və xərclərdə şəffaflıq və hesabatlılığı artırmaqla müvafiq icra qurumlarının məsuliyyətliliyinin artmasına, digər tərəfdən, həmin rayon və şəhərlərdən seçilmiş deputatlara həmin vəsaitlərin nə qədər səmərəli istifadə olunması barədə məlumatlar əldə etməyə imkan verərdi.
Nazirliklər öz sahələrinə əhəmiyyəti olmayan, primitiv mövzularda müsabiqə mövzusu təyin edirlər, qaliblərin seçimi də şəxsi mənafeyə xidmət edir. Əslində isə layihələr ciddi problemlərin həllinə yönəlməli, təşəbbüskarlığın inkişafına dəstək olmalı, ictimai mənafe və peşəkarlığa xidmət göstərməlidir. Nazirliklərin saytında qrantlara dair xüsusi səhifə olmalı, burada illər üzrə qrantvermə xronologiyası əks olunmalı, hansı layihələrə, nə vaxt, nə qədər maliyyə ayrılması, icraçıların kimliyi, layihələrin nəticələri və problemin həllinə verdiyi dəstək şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Bəzi nazirliklərin nəzdində verəcəkləri qrantları saxta yollarla "icra edən", məqsədi ayrılan maliyyəni mənimsəmək olan "layihə qrupları" formalaşıb...
Bütün dünyada repetitorluğa (Buna kölgə təhsili də deyirlər) xərclənən vəsaitlər təhlil olunur. Məsələn, Cənubi Koreyada Ümumi Daxili Məhsulun 2,7 faizi qədər vəsait bu xidmətə xərclənir. Almaniya və Fransada təhsilin kölgə iqtisadiyyatı ildə 2 milyard avro təşkil edir. Qəribədir ki, Finlandiyada bu rəqəm sıfırdır. Bu ölkədə çalışırlar ki, tam diaqnostika məktəbdə aparılsın. Yüksək nəticə əldə emək naminə təhsilil trayektoriyasını tam individuallaşdırırlar. 
Azərbaycanda orta hesabla bir ildə repetitorluq xidmətinə xərclənən vəsait təxminən 200 milyon manat təşkil edir. Bu gün əhalinin büdcəsini dağıdan iki xidmət sahəsi var: təhsil və səhiyyə. İndi diqqət edək: təhsilə ayrılan vəsait 3,8 milyard manatdır. Bunun ən böyük payı - 2,1 milyard manatı Orta təhsilin payına düşür. Belə çıxır ki, cəmi bircə ilə xərclənən 200 milyon manatın nəticəsi daha effektlidir? 
Ali məktəblərə daxil olan abituriyentlərin demək olar ki, hamısı məktəbdən kənarda hazırlıq keçirlər. Nəticəəsaslı büdcə mexanizminə keçiddən danışırıq. Ancaq buna nail ola bilmirik. Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən, Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?!
“Azərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir. 2022-ci ilin Dövlət büdcəsindən bu quruma 41,1 milyon subsidiya ayrılması nəzərdə tutulur. “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil. Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticəəsaslı büdcə budur!...
Hər il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı geniş diqqət çəkən məsələlərdən biri də elm xərclərinin məbləği ilə bağlı olur, dövlət büdcəsindən elmə ayrılan vəsaitin azlığı xüsusi narahatlıqla vurğulanır, dövlətin elmə qayğısı ilə bağlı müxtəlif ölkələrdən nümunələr gətirilir. 2022-ci ildə dövlət büdcəsindən elm xərclərinə 202.8 milyon manat ayrılır ki, bunun da büdcə xərclərində payı 0.7 faizdir (ÜDM-in 0.2 faizi qədər). 
Əslində indiki dövrdə bu vəsaitin çox və az olmasından daha çox, həmin vəsaitin necə istifadə olunması müzakirə edilməlidir. Məlumdur ki, bu vəsaitin böyük hissəsi (133.9 milyon manatı) Azərbaycan Milli Elmlər Akademiyasına ayrılır. Heç kəsə sirr deyil ki, bu vəsait AMEA-nın elə indiki kimi saxlanmasına sərf olunur. Elə sual da budur ki, AMEA-nın belə qalması bizə lazımdırmı? Bu gün AMEA ölkə elminin inkişafına nə verir? AMEA-da islahatlar olacaqmı? 
Nəticə əsaslı büdcə mexanizmlərinə keçid tələb edir ki, elmə ayrılan vəsaitlər də konkret hədəflənmiş olsun. Buna görə də Azərbaycan elminin islahatı və inkişafı sahəsində strategiyanın hazırlanmasına və məhz həmin strategiyaya uyğun elmin maliyyələşdirilməsinə ehtiyac vardır. 
Təklif edirəm ki, “Elm” sahəsi də, “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” ilə yanaşı nəticəəsaslı pilot layihəsinə daxil edilsin. Yaxud, heç bir perspektivi olmayan Ali Attestasiya Komissiyasının saxlanması üçün Büdcənin "Ümumi dövlət xidmətləri" bölməsində 2 milyon 452.8 min manatın ayrılması nəzərdə tutulub. Dünyada belə bir qurumun analoqu yoxdur. Və bu qurumun ləğv olunması günün tələbidir.
2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə dair izahat sənədində kvazi-dövlət borcunun idarə edilməsi ilə bağlı fikir diqqətimi cəlb etdi. Bizə təqdim olunan büdcə zərfi sənədlərində dövlət xarici borcu haqqında müəyyən məlumatların olmasını gördüm. Amma kvazi-dövlət borclarının məbləği, tərkibi, həmin borcları alan dövlət qurumları və xüsusilə dövlət şirkətləri, ödənişi gecikdirən şirkətlər barədə məlumatları görmədim. İri dövlət şirkətlərinin fəaliyyətinin səmərəlilik məsələləri dövlət başçısının xüsusi diqqətində olduğu indiki dövrdə dövlət şirkətlərinin məsuliyyətsiz davranışlarından yaranan kvazi-dövlət borcları haqqında daha detallı məlumatların büdcə zərfinə daxil edilməsini təklif edirəm. Hətta ayrı-ayrı iri dövlət şirkətlərinin fəaliyyətinin səmərəlilik məsələlərinin Milli Məclisin müvafiq komitələrində müzakirələrə çıxarılmasını təklif edirəm".
Tarix: 26-11-2021, 08:03
Xəbəri paylaş





Xəbər lenti