Natiq Cəfərlinin “Rövnəq müəllim yeni termin icad edib” sözünə SOCAR-dan CAVAB


Respublikaçı Alternativ (REAL) partiyasının icra katibi, tanınmı iqtisadçı Natiq Cəfərlinin SOCAR ilə bağlı tənqidi paylaşımına şirkətin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Natiq Cəfərli “Facebook”dakı hesabında  SOCAR prezidenti Rövnəq Abdullayevin yeni termin icad etdiyini yazıb.
İqtisadçı yazıb ki, SOCAR-da ciddi ixtisarlar gedir, yüzlərlə insan işdən azad edilib, bunu etiraf edib tədbirlər görməkdənsə Rövnəq müəllim yeni termin icad edib - işçilər "sərbəstləşib": “SOCAR 1674 işçini qovub, işsiz qoyub, bunu belə normal etiraf edə bilmirlər. Elə bil təhkimçilik zamanıdlr, quldarlıq quruluşudur, bu nə termindir axı?! Utanmırlar, elə bilirlər ki, həqiqətin üzünə dik baxsalar gözləri yanar, idarəetmənin, iqtisadiyyatın bütün sahələrində "dəvəquşu modelinə" geri dönüblər...”.
Natiq Cəfərlinin bu paylaşımına münasibət bildirən  SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” səhifəsində yaydığı açıqlamada bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də "sərbəstləşən" və ya "sərbəstləşdirilən işçilər" anlayışıdır.
”Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarda bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub: "1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər". Əlbəttə, insanların - zərurət ucbatından olsa belə - işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti nəticəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir”, - İ. Əhmədov qeyd edib.
O həmçinin əlavə edib ki, bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur.
Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.
“Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır”, - İ. Əhmədov əlavə edib.
Tarix: 27-11-2021, 15:24
Xəbəri paylaş





Xəbər lenti