Azərbaycanın ev bazarında bənzərsiz durum: “Evin keyfiyyətini yox, binanı tikəni yoxlayırlar ki...”


Azərbaycanın ev bazarında bənzərsiz durum: “Evin keyfiyyətini yox, binanı tikəni yoxlayırlar ki...”

Bugünlərdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkədəki yarımçıq tikililərlə bağlı problemə toxunaraq bildirmişdi ki, Azərbaycanda yarımçıq tikililərlə bağlı problemlər var və biz bunu bilirik.
Bununla bağlı İqtisadiyyat Nazirliyində işçi qrup da yaradılıb, bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq. Onların ən vacibləri Dövlət İnvestisiya Proqramına salınacaq, inşası tamamlanacaq. Qeyd edək ki, artıq uzun illərdir ki, ölkədə tikintisi yarımçıq qalan çoxsaylı binalar var və bunun mənfi tərəflərindən biri də ev gözləyən sakinlərin hələ də öz mənzillərini əldə edə bilməməsidir.
Ancaq ölkədə vətəndaşların evsiz qalmasının çoxsaylı səbəblərindən biri də bəlkə heç bir ölkədə təsadüf edilməyən, qeyri-adi mənzil satış qaydasıdır. Belə ki, son illər müxtəlif şirkətlər tərəfindən tikilən binaların əksəriyyətində mənzillərin bir neçə vətəndaşa satılması müşahidə edildi. Yəni əlində sənədi olduğu halda mənzilinə köçməyə gələn vətəndaş həmin mənzilin başqa bir şəxsə verildiyinin də şahidi oldu. Hətta bir mənzilin çox sayda vətəndaşa satılması kimi faktlar meydana çıxdı. Nəticədə isə həmin mənzil sahiblərinin illəri məhkəmələrdə öz mənzilini tələb etməkdə keçdi ki, həmin müddətdə də vətəndaşlar kirayələrdə yaşamalı oldular.
Məsələn, “Sevil” massivi ilə bağlı qalmaqallı olayı xatırlayaq. 3 mindən artıq vətəndaşın pulu mənimsənildi, MTK-nın rəhbərliyi həbs olundu, ancaq hələ də MTK-ya ödədiyi vəsaiti geri ala bilməyərək kirayədə yaşamağa məcbur qalanlar var. 6 ildir ki, problem həllini tapmır.
Yarımçıq tikililərlə yanaşı, bu sahədə pərakəndəlik aradan qaldırılmalı və bəzi MTK rəhbərlərinin vətəndaşları aldatmasına son qoyulmalıdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün həm inşası yarımçıq qalmış, həm də MTK rəhbərinin bir mənzili bir neçə nəfərə satdığı kifayət qədər binalar var:

"Burada da həmin günahkar şəxsin həbsi vətəndaşa evi geri vermir. Tutaq ki, bir mənzilin 3 sahibi varsa, ən yaxşı halda mənzil bir nəfərə verilir və digər 2 nəfər illərlə məhkəmədə qalır. Ümumiyyətlə, bizdə bir mənzilin bir neçə nəfərə verilməsi ilə bağlı məhdudiyyət yoxdur. Çünki onun reyestri aparılmır. Belə ki, bunların hamısı bir bazaya yığılmalıdır. Bir vətəndaş banka gedib kreditlə pul istəyəndə qaza, suya, işığa olan borcu sistemdə göstərilir. Ancaq müqaviləli binalarda mənzillərin satışının ümumi reyestri yoxdur və özəl şirkətdir, möhür əlindədir, onun bazasını ondan başqa heç kim bilmir. Hansı mərtəbədə hansı mənzil qaldığını, hansı mənzilin kimə satıldığını ancaq özü bilir. Ancaq başqa ölkələrdə belə deyil. Türkiyədə və digər yerlərdə bələdiyyə nəzarəti var. Rusiyada tam fərqlidir, satışları təmin edən dövlət bankları var və onların hamısının reyestri aparılır. Bizdə daşınmaz əmlak sahəsində pərakəndəliyin olması bu cür problemlərə gətirib çıxarır".
Ekspert deyir ki, bu istiqamətdə indiyədək həll olunmayan problemli məsələlər var:
"Bu həmin sahəyə nəzarətin olmaması ilə bağlıdır. 2018-ci ildən sonra bir sıra dəyişikliklər olub. Bunu bütün binalara da şamil etmək olmur. Ancaq az bir binanın problemli olması bütün binalardakı mənzillərin satışına təsir edir. Belə ki, vətəndaşlarda müqaviləli mənzillərin alışı-satışı ilə bağlı qorxu yaradır ki, alaram, birdən mənzilin başqa sahibi çıxar. Bizdə bir qədər fərqli yanaşmadır. Vətəndaş ev alanda tikintinin keyfiyyətini yox, şirkətin rəhbərini yoxlayır ki, görəsən, adam başqa binalarda mənzil tikib satıbmı, başqa bir şəxsi aldadıbmı".
Ekspertin sözlərinə görə, daha çox o binalar satılır ki, həmin binanı tikən sahibkar ondan əvvəl bir çox yerlərdə bina tikib, satıb, həmin binanın qazını, çıxarışını verib:
"Demək onları edibsə, bu da yaxşı binadır. Bizdə yanaşma bu formadadır. Ancaq binanın hansı keyfiyyətdə olmasını yoxlayan yoxdur, sadəcə binanın sahibinin "keyfiyyətli" olmasını yoxlayırlar. İnkişaf etmiş ölkələrdə "kimisə aldadım" deyə yanaşma yoxdur. Hər kəs öz işini, vəzifə borcunu layiqincə yerinə yetirsə, vətəndaşın gedib hansısa MTK-nı yoxlatmasına ehtiyac da qalmaz. Ölkədə bu cür şirkətlər çox deyil, ancaq var və olduğuna görə bu cür problemlər həll olunmamış qalıb".
Tarix: 28-11-2021, 15:46
Xəbəri paylaş





Xəbər lenti