Xəzər dənizi ekoloji fəlakətin astanasında! – Nə etməli? – İZAH
“Dövlət səviyyəsində bu məsələyə diqqət göstərilməli problemin həlli yolları tapılmalıdır” Xəzər dənizi ekoloji fəlakətin astanasındadır. Dənizin Bakı hissəsində suyun geri çəkilməsi müşahidə edilib. Oxu.Az-ın əməkdaşının lentə aldığı fotolarda dənizdə suyun səviyyəsinin xeyli düşməsi öz əksini tapıb. Fotonu təqdim edirik: Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Belə ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Son 3500 il ərzində dənizin səviyyəsinin dəyişməsi 15 metr, son 200 ildə 3,5 metr təşkil edib. 1977-1995-ci illər ərzində dəniz səviyyəsində 2,5 metr tərəddüd müşahidə edilib. Bu zaman səviyyənin artma sürəti təqribən 15 sm/ilə bərabər olub. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır. Dəniz səviyyəsində müşahidə olunan müntəzəm enmə 2015-2017-ci illər ərzində müvəqqəti olaraq dayansa da, 2018-ci ildən Xəzərin səviyyəsi yenidən enməyə başlayıb. Maraqlıdır, Xəzər dənizini ekoloji fəlakətdən xilas etmək üçün nə kimi qabaqlayıcı tədbirlər görülməlidir?
Sualmızı cavablandıran AVCİYA-nın Seçki Qərargahının rəhbəri, Tarix elmi üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Sherg.az”a Xəzərdə bu kimi halların hər zaman müşahidə olunduğunu bildirib: “Amma buna təbii prosesdən əlavə suni amillər: suvarma sistemlərinin çoxalması, su bəndlərinin çəkilməsi - təsir göstərir. Azərbaycan ərazisindən Xəzərə tökülən Kür-Araz çaylarında suyun səviyyəsinin azalması da səbəblər sırasındadır” . M.Zülfüqarlı gələcəkdə Xəzəri qorumaq üçün sahiyanı beş ölkənin müqaviləsi olduğunu xatırladıb: “Su bəndləri çəkən zaman bu ölkələr bir-biri ilə razılığa gəlməlidirlər. Bu, gələcəkdəki fəsadların qarşısını almaq üçün olduqca mühümdür. Bir ara Orta Asiyada tamamilə quruyan Aral gölü ,deyilənə görə, hazırda yenidən canlanır. Bunlar təbii proseslərdir”. Alim ölkəmiz üçün Xəzər dənizi və Urmiya gölünün önəmli olduğunu vurğulayıb və hər ikisindəki mövcud duruma diqqət çəkib: “Urmiya gölü Cənubda fəlakətlə üz-üzədir. Fotolardan göründüyü kimi Xəzərdə də vəziyyət o qədər də ürəkaçan deyil. Dövlət səviyyəsində bu məsələyə diqqət göstərilməli problemin həlli yolları tapılmalıdır”.