İlin sön günlərini yaşayırıq, qış fəsli qapıdadır. Amma yenə də paytaxtın bəzi ərazilərində istilik sisteminin işlək olmaması ilə bağlı problemlər yaşanır, narazılıqlar dolaşır.
Bakının Xətai rayonu, A.Ələsgər küçəsi 2 ünvanında yerləşən binanın sakini Emil Ağayev yaşadıqları binada istilik sisteminin verilməməsi ilə bağlı AYNA-ya şikayət məktubu ünvanlayıb. Onun sözlərinə görə, qabaqlar verilişi gec də olsa, istilik sistemindən ciddi narazılıqlar olmazdı. Bu il isə hələ də binaya istilik verilməyib.
“Dəfələrlə bina sakinləri olaraq məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin müvafiq idarəsinə müraciət etmişik və belə standart cavab almışıq: “Bizlik deyil”. İstilik sistemində problem yoxdur, çünki olsaydı, iki gün verilib, sonra kəsilməzdi. Deyilənə görə, binamızın alt mərtəbəsindəki mağaza bizə qalxan borunu bağlayıb, borudan su sızıntısı onların anbardakı məhsulunu xarab edirmiş. Axı bundan bizə nə?! Bina sakinləri olaraq istilik sistemi xidməti borclarını vaxtında ödəyirik, niyə problem yaşamalıyıq?”, - deyə şikayətçi narazılığını ifadə edir.
AYNA problemlə əlaqədar kiçik araşdırma aparıb və bəzi məqamlar ortaya çıxıb. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Abonent və müştəri xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev deyib ki, noyabrın 15-dən 550 qazanxana vasitəsilə 3850 yaşayış binası, o cümlədən 180 mindən çox mənzil, habelə 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəsisəsi, 1600-ə yaxın sosial və təsərrüfat obyektinin istiliklə təminatı həyata keçirilir: “Bakı şəhəri üzrə şikayət və müraciətlər nəzərə alınaraq, harada problem, qəza baş verirsə, diqqətdə saxlanılır, aradan qaldırılır. Görünür, şikayət edilən ərazi üzrə məsələ başqa problemlə bağlıdır, bunu qurumumuzun aidiyyəti idarəsi ilə dəqiqləşdirmək lazımdır”.
“Azəristiliktəchizat” ASC-nin Xətai rayon üzrə sahə rəisi Cəsur Nəzərov bildirib ki, sözügedən problem qeyd olunan binanın zirzəmisindəki qəza ilə bağıdır: “Qeyd olunan yaşayış binasının zirzəmisinə daim çirkab suyu yığılır. Xeyli müddətdir ki, “Azərsu” həmin suyun oradan çıxarılması ilə maraqlanmır. Noyabr ayında da həmin su çəkilmədiyindən biz zirzəmidəki boruların təmiri işini görə bilmədik”.“İdarəmizin qəza xidməti işçilərinin işləməsi üçün ən azı zirzəmiyə işıqlandırma qurulmalıdır, oradakı vəziyyət işimizə mane olur. Bu su həm istilik sisteminin bərpası, həm də binanın təhlükəsiziyi üçün vacibdir. Biz idarə adından iki dəfə rəsmi yazılı müraciət etmişik, təəssüf ki qarşı tərəfdən heç bir reaksiya yoxdur. Bəlkə vətəndaşlar “qaynar xətt”lə - 955 nömrəsi ilə əlaqə saxlamaqla bizə dəstək olarlar”, - deyə sahə rəisi vurğulayıb.
Təəssüf ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz - üç gün ərzində ya mobil telefonuna zəng çatmadı, ya da zənglərə cavab vermədi.
Görünür, xeyli müddətdir başsız qalan (qurum rəhbəri Qorxmaz Hüseynov 7 ay əvvəl işindən azad edilib) “Azərsu” öz fəaliyyətini beş müavin - Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov və İlqar Tağıyev ilə də yerinə yetirə bilmir...
P.S. Bəllidir ki, qurumlararası koordinasiyanın olmaması hələ çox vətəndaşın başına bəla olacaq...