“İnsan kimi bilinsə idi qədrü qiymətin,Açmış olurdu məktəbi-milli cəmaətin..."(Sabir)Təhsilin, müəllimin, elmin necə hörmətdən düşdüyünə hər gün müxtəlif hadisələrlə şahid oluruq. Görürsən hansısa məktəb direktoru valideynlərdən beş-on manat fond pulu yığmaq istəyir. Dərhal çığırışma qopur. Direktorun səs yazısı saytlarda, telekanallarda uçuşur. Bədbəxt məcbur olur açıqlama versin: “Xərclər çoxdur, ödəyə bilmirik”. Valideynlər qışqırır. Uşaqlar dəhlizdə bir-birinə kəllə atır. Təhsil idarəsi araşdırma aparacağını söyləyir.Mən, əlbəttə, heç kimi tərəfini tutmuram, vəzifəmə görə neytralam. Bizim dövlət büdcəsindən, ÜDM-dən təhsilə ayrılan xərclər dünya standartlarından, inkişaf eləmiş dövlətlərin xərclərindən çox azdır. Örnək üçün, bizdə təhsil xərci ÜDM-də 2-3 faiz yer tutursa, Norveçdə 7 faizdir. Düzgün aparılmayan planlaşdırma, demoqrafik xaos üzündən təhsilin ağırlığı da Abşeron yarımadasına çöküb. Normalda 1000-1500 uşağı oxutmaq imkanı olan binalara 3-4 min uşaq doldurulur. Müəllimlərə alababat maaş almaq üçün dərs yükü də çatmır. Eyni zamanda təhsil sektoru 80 faiz zənənlərin ixtiyarına buraxılıb, burada da gender pozulub. Niyə müəllimlər özləri bu duruma etiraz etmir, bu da başqa problemdir.
Məktəbdə parta təmiri, siniflərə pərdə, coğrafiya kabinetinə girdə (qlobus), divarı rəngləmək, xadiməyə maaş, yoxlamaya gələn inspektora lavaş (dönəri), nəşə çəkən uşaqları tutmaq, qolu qırılana ilkin tibbi yardım, qəlbi qırılana sonuncu mənəvi yardım və sairə və ilaxır - bunların hamısının xərcləri də direktor və müəllim heyətinin boynundadır. Biz valideynlər isə ayda-ildə onlara 5-3 manat verməyə can çəkirik. Bugünlərdə bir valideynin heyrətamiz şikayətini oxudum, deyirdi ayda bizdən 1 manat yığırlar, bu soyğunçuluğa son qoyulsun.
1 manat. Təsəvvür elə. Tək o deyil, bu saat orta statistik azərbaycanlının hər biri hansısa diringi manısı uşağının sünnət toyuna gətirib fonoqram oxutmağa 3-5 min manat verməyə hazırdır, ancaq məktəbə 1 manatı qıymırıq. Mən yenə xüsusi qeyd edirəm: tərəf tutmuram. Durumun bu yerə gəlməsində müəllimlərin də böyük rolu var, halbuki, vaxtilə bu camaatın “müəllimlə həkimi el saxlayar” deyə məsəli var idi.
İşin tragikomediyası ondadır ki, əslində biz dolayısı ilə məktəbə kalan xərc qoyuruq. Repetitor tutmaq, uşaq hazırlaşdırmağa ayda bəzən 200-300 manat gedir. Halbuki guya bizdə orta təhsil pulsuzdur. Buyur, bu da müftə pendir... Axı o, yalnız siçan tələsində olur.
Olmazmı biz repetitorlara verdiyimiz pulların çox yox, onda birini qanuni şəkildə məktəblərin büdcəsinə köçürək, müəllimlərin dövlətdən, hansısa yekəqarın icrabaşıdan asılılığı azalsın? Məktəbin işində valideyn iştirak eləyəndə, dilimiz də uzun olar. Nəsə tələb edərkən haqqımız çatar.
Valideyn-məktəb şuraları, hər məktəbin özünün ayrıca bank hesabı yaradılmalıydı. Bir zamanlar təhsil sferasında bu cür söhbətlər dolaşardı. Hamısı yaddan çıxıb, gedib. Çünki məktəbin, müəllimin, şagirdin, valideynin müstəqilliyi, azadlığı (həm də maliyyə azadlığı) hakimiyyətə sərf eləmir. Bu, bir az da bələdiyyə seçkilərinin, yerli özünü idarə orqanlarının düşünülmüş iflası siyasətinə bənzəyir. Azad adamlara avtoritar göstərişlər vermək olmur. Azad adamlar sabah hər cür sarsaq fikirlərə düşə bilər. Bizdə vətəndaş dövləti yox, dövlət vətəndaşı formalaşdırır.
Təzəlikcə təhsil nazirini basketbol federasiyasına sədr qoydular. Uğurlu addımdır - onsuz nə təhsil var, nə basketbol. Heç səbət də qalmayıb, axırıncı səbətin dalından gilas tökülürdü, kəndə göndərdik, yamasınlar. Hərçənd, deşik səbəti məktəbdən asıb basketbol oynamaq olardı.
Bu federasiyanın qabaqkı sədri də vacib kadr idi: 90-larda özəlləşdirməni qayırmışdı.
Zamin HACI
Tarix: 17-12-2021, 11:16