Məktəblərdəki neqativ hallarla bağlı RƏSMİ AÇIQLAMA
Təhsil naziri Emin Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallarla bağlı məsələlərə münasibət bildirib. Pravda.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 4400-dən çox məktəb, 150 min müəllim, 1 milyon 600 min şagird, təxminən bu sayda da valideyn var.
"Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ hallar olur. Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir", - nazir vurğulayıb.
E. Əmrullayev deyib ki, son illərdə nazirliyin açıq neqativ hallarla bağlı hər zaman mövqeyi eyni olub, həmin hadisələr sona qədər araşdırılıb: "Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konflikt olacaq. Bunun qarşısını almaq bizim əsas arzumuzdur. Amma real dünyada yaşayırıq. Cəmiyyət bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Belə hallar olduğu təqdirdə də Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır".
Nazir deyib ki, hər il onlarla məktəb direktoru işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir: "Qeyd edim ki, bu, davamlı prosesdir. Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4400-dən çox məktəbdən söhbət gedir, hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəbdir. Milyonlarla insanın ünsiyyətində müəyyən neqativlərin olması mümkündür. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".
Tarix: 17-12-2021, 12:46