MƏTBUATI GƏLƏN İL NƏ GÖZLƏYİR? - Oxumağınız məsləhətdir...


 Hə, görünəni odur ki, mətbuatımızı gələn il yaxşı nəsə gözləmir. Media haqqında qanunun qəbulundan sonra rahatlıqla deyə bilərik ki, Azərbaycanda 4-CÜ HAKİMİYYƏT anlayışı birdəfəlik olaraq sıradan çıxarılır.

Artıq bizdə "4-cü hakimiyyət" "1-ci hakimiyyət"in adi kantorlarından biri kimi fəaliyyət göstərəcək.

DİA.AZ xəbər verir ki, elə yeni qanunun hörmətli memarları da bunun belə olduğunu, belə olmalı olduğunu iddia edirlər və bəyan edirlər ki, hər yerdə MEDİA DÖVLƏTƏ TABEDİR.

Amma bu belə deyil. Normal ünvanlarda MEDİA DÖVLƏTƏ YOX, QANUNLARA TABEDİR və bu gün Azərbaycanda media ilə bağlı gözlənilən dəyişikliklər əslində illərdir hakimiyyətlə dövləti, dövlətlə qanunları qarışdıranların GƏRGİN ƏMƏYİNİN UĞURLU NƏTİCƏSİDİR.

***

Müzakirə gedir. Narazılar bir tərəfdə, razılar bir tərəfdə.

Razıları anlamaq olar. Çünki onların umrunda da deyil ki, nə baş verir və nə baş verəcək. Onlar ümumiyyətlə, mətbuatın SABAHI NECƏ OLACAQ, deyə düşünməklə qafalarını yormayanlardır.

Onları anladığımız qədər də arqumentlərinə gülməmək olmur. Müdafiə cəhdləri isə daha gülməlidir. Hansı danışırsa, elə bu sözü deyir: qanunun hazırlanmasında GƏRGİN ƏMƏK SƏRF OLUNUB...

Amma hər kəs yaxşı bilir ki, Azərbaycana yeni MEDİA QANUNU kimi sırıdılan bu despotik müddəalar toplusu əslində, Rusiya və digər bu kimi avtoritar cəmiyyətlərdən oğurlanmış ideya oğurluğudur ki, bunda da yaxşı nələrisə axtarmaq olmaz.

Burada diqqətçəkən əsas bilirsinizmi nədir: AYDIN ŞƏKİLDƏ HİSS OLUNUR Kİ, qanunu ortaya çıxaranların qarşısında BİR MƏQSƏD OLUB: "Narahatçılıq yaradan medianı NECƏ SUSDURAQ?

***

Çünki kifayət qədər demokratik olan bu günə qədərki qanunlar yetərincə imkan yaratmırdı MEDİA-nın başına QANUNİ SƏSBOĞUCUNUN keçirdilməsinə... Yəni ona görə də XOŞAGƏLMƏYƏNLƏRƏ qarşı fərqli istiqamətlərdən yanaşılırdı, fərqli mahiyyətlərlə hədəfə alınırdı onlar...

***

İndi nə olacaq?

Hər şey rahat olacaq. Daha NORMAL MEDİA anlayışı qalmayacaq. Görünəni budur.

Yox, kimsə nağıl danışmasın ki, biz yeni qanun layihəsinin müddəalarını səhv başa düşmüşük. Məsələn guya reyestr qeydiyyatı, ümumi vəsiqə hoqqabazlığı heç də məcburi xarakter daşımır.

Adamlar, siz nə nağıl danışırsınız?

Xəbəriniz varmı ki, siz qanundan danışırsınız və artıq o yazılanlar qanuniləşəcəksə, onda sizin hansısa absurd şərhiniz batan mətbuatın imdadına yetişməyəcək.

Biz axı yaxşı bilirik ki, ölkəmizdə VAKSİN MƏCBURİYYƏTİ DƏ YOXDUR...

Ona görə artıq işimizi bilirik, narahat olmayın, sizi yaxşı başa düşürük...

***

Nə isə...

Gələn il mətbuatı nələrin gözlədiyindən çox yazmaq olar. Amma yaxşı heç nə...

Uca Tanrı köməyimiz olsun...

İlahə HƏSƏN
Tarix: 18-12-2021, 14:14
Xəbəri paylaş





Xəbər lenti