“Uşaq bağçalarının yerində restoranlar tikilirdi…” - Ekspert ölkə başçısının sərəncamını şərh edir




Ölkə prezidentinin 20 dekabr tarixli sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.

Xatırladaq ki, 2011-ci ilədək Azərbaycanda uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyində olub. Həmin il bağçalar yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi. Yenidən təhsil sisteminin tərkibinə qaytarılması uşaq bağçalarının fəaliyyətinə və ümumilikdə məktəbəqədər təhsilin təşkilinə necə təsir edəcək?

Təhsil eksperti Kamran Əsədov mövzunu Pressklub.az-a şərh edərkən bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının və körpələr evlərinin 2011-ci ildə nazirliyin tabeliyindən çıxarılmasının səbəbi o idi ki, bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi. Təhsil Nazirliyi bu sahədə həmin dövrdə müəyyən qədər axsayırdı.

“Sonradan isə məlum oldu ki, həmin qərar bağçaların fəaliyyətinə mənfi təsir göstərir. Bağçalar bəzi hallarda icra hakimiyyətləri tərəfindən özəlləşdirildi, təmir adı ilə söküldü və yerində binalar, şadlıq evləri, restoranlar tikildi. Bu isə təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi”.

Təhsil eksperti əlavə edib ki, bağçaların yenidən düzgün bərpa edilməsi üçün nazirliyə verilməsi mühüm və müsbət haldır:

“Hazırda bağçalarda 1 milyon 123 min uşaq oxuyur. Yəni ölkədəki uşaqların 25 faizi. Bu, dünyada ən aşağı rəqəmdır. Hazırda Azərbaycanda 90 özəl uşaq bağçası var, orda təhsil alan uşaqların sayı isə 3500-ə yaxındır.

Bağça məktəbin bir pilləsidir. Ancaq Azərbaycanda biz hələ də bağçanı təhsil pilləsi kimi qəbul etmirik. Hazırda özəl bağçalardan məktəbə gedən uşaqlar çox şeyi bilir, amma dövlət bağçasından məktəbə gedənlər bunları bilmir. Nəticədə balans pozulur. Vahidliyin və varisliyin qorunması üçün bağçalar yenidən Təhsil Nazirliyinin tabeliyində olacaq ki, bu da məktəbəqədər təhsilin inkişafına müsbət təsir edəcək”.

Ekspert əlavə edib ki, dünya təcrübəsində məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi yanında yaradılmış bir quruma verilir:

“Bağçaların necə qurulması, uşaqların orada necə qidalanması, gigiyenik-sanitar qaydaların və təchizatın normal olması hazırda həll edilməli əsas məsələlərdən biridir. Düşünürəm ki, dəyişiklikdən sonra yenilikləri və inkişafı hiss edə biləcəyik”.
Tarix: 21-12-2021, 09:57
Xəbəri paylaş





Xəbər lenti