Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası müəyyənləşib.APA-nln məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda əksini tapıb.
Beləliklə, əlilliyi olan şəxslər (işləməyən əlilliyi olan şəxslər və pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
İşləməyən əlilliyi olan şəxslər dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, dövlət orqanlarında (qurumlarında), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda (təşkilat) işləyən əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər isə təqsirkar işəgötürənin vəsaiti hesabına işəgötürən tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.
Pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası” ilə tənzimlənir.
Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir. Sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 iş günü müddətində növbəyə götürülür. Sanatoriya-kurort putyovkası (yollayışı) üçün növbəlilik Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) üzərindən avtomatlaşdırılmış qaydada təmin edilir. Növbəyə götürülmüş əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 gün ərzində qısa məlumat göndərilir, eləcə də onun Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur.
Əlilliyi olan şəxslər sanatoriya-kurort müəssisəsinə qəbul olunma tarixindən ən geci 7 gün əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilirlər. I dərəcə əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağın müşaiyətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları müşaiyət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sanatoriya- kurort putyovkası (yollayışları) ilə təmin olunduqları təşkilat tərəfindən təmin olunurlar. Sanatoriya-kurort putyovkası (yollayışı) rəsmiləşdirilmiş əlilliyi olan şəxslərə dair məlumatlar, o cümlədən onların sağlamlıq vəziyyətinə dair məlumatlar daxil olmaqla sanatoriya-kurort müəssisələrinə həmin putyovkanı (yollayışı) verən təşkilat tərəfindən təqdim edilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssi- sədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları müalicə başa çatdıqdan sonra 30 gün müddətində Xidmətlər Agentliyinə təqdim edir. Xidmətlər Agentliyi daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur.
Sanatoriya-kurort putyovkasını (yollayışını) verən Xidmətlər Agentliyində və Təminat Agentliyində “geri qayıtma” talonunun MEİS-in
“Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir. Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotu- nun aparılmasını, onlara dair hesabatların təqdim edilməsini, habelə mühasibat uçotu sənədlərinin saxlanmasını həmin puytovkaları (yollayışı) verən təşkilat təmin edir. Bu Qaydanın tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.
Tarix: 28-12-2021, 08:15