Banklar əhalini aktiv şəkildə kreditləşdirir – Və bu, narahatediciymiş



İstehlak kreditlərinin üstünlük təşkil etməsi niyə narahatlıq doğurur?
Ötən il istehlak kreditlərinin verilməsi prosesi bir qədər sürətini azaltdı. Qlobal böhran, koronavirus pandemiyası, aşağı yaşayış standartları və əmək bazarının başına gələn qeyri-müəyyənlik fonunda bir çox vətəndaşımız köhnə kreditləri belə, ödəyə bilmədi və heç kim yeni kreditlər almağa tələsmədi. Bununla belə, məhdudiyyətlərin yumşaldılması bankların kreditlərində yeni artıma səbəb olub.
İqtisadçı ekspert Azər Mehdiyev AYNA-ya şərhində ölkədə istehlak kreditləşməsinin sürətlə artdığını deyib: “Verilən kreditlərin yarıdan çoxu ev təsərrüfatlarının payına düşür. Mərkəzi Bankın hesabatlarına görə, bu ilin 10 ayı ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşları 1,9 milyard manat və ya 13 faiz artıb. Maraqlıdır ki, bu artımın dörddə üçü, yəni 1,4 milyard manatı əhaliyə verilən kreditlərin payına düşür”.

“Eyni zamanda, hesabat dövründə sənaye və istehsal sektoru seqmentində kreditləşmənin həcmi 300 milyon manatdan çox azalaraq 1,25 milyard manatdan 945 milyon manata düşüb. Bu sahələrə verilən kreditlər 25 faizə qədər azalıb”, - deyə mütəxəssis bildirib.
Göründüyü kimi, istehlak kreditləri nəinki artmağa başlayıb, əksinə, milli iqtisadiyyatın istehsal sahələrində banklarımız vasitəsilə maliyyələşmədə dinamik azalma müşahidə olunur. Oxşar tendensiyaları ayrı-ayrı aylar üzrə məlumatlar da göstərir. Məsələn, bu ilin oktyabr ayında ölkə iqtisadiyyatına daxil olan 16,4 milyard manat kreditin 8,12 milyardı (49,5 faizi) ev təsərrüfatlarının payına düşüb. Eyni zamanda, bu ay özəl sektora verilən 14,6 milyard manat kreditin 55,5 faizini ev təsərrüfatlarına verilən kreditlər təşkil edib.
“Müşahidələrimizə görə, əhaliyə verilən istehlak kreditlərinin biznes kreditləri kimi rəsmiləşdirilməsi qeyri-adi deyil”, - deyə Mehtiyev vurğulayıb.
Cari ilin yanvar-noyabr aylarında banklarımız istehlak kreditləşməsini 20 faizə qədər artırıb. Deputat, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, istehlak kreditləri seqmentində artım ikirəqəmli göstəricilərə çatıb, onlar üzrə orta faiz dərəcəsi isə biznes kreditləri ilə müqayisədə təxminən iki dəfə yüksəkdir: “Bu tendensiya son dərəcə arzuolunmazdır, çünki problemli borcların artması ilə nəticələnir. Ən əsası isə bu seqmentdə artım iqtisadiyyatın real sektorunun qeyri-qənaətbəxş maliyyələşdirilməsi fonunda baş verir”.

“İnkaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditləri xüsusi yer tutur. İstehlak kreditləşməsi tendensiyası isə bank sektorunda problemlər yaradır ki, bu da onun davamlılığı baxımından arzuolunmazdır. Mərkəzi Bankın biznes kreditləşməsinin inkişafı və istehlak kreditlərinin optimallaşdırılması üçün daha sistemli tədbirlər görməsi məqsədəuyğundur. Bankların stimullaşdırıcı üsullarla biznesin kreditləşdirilməsinə marağını artırmaq lazımdır”, - deyə ekspert söyləyib.
Analitiklərin fikrincə, əhaliyə istehlak kreditlərinin nəzarətsiz verilməsi ilə bağlı problemlərə görə kommersiya bankları da məsuliyyət daşıyır. Axı bank sisteminin əsas rolu onun ötürmə funksiyasındadır.

“Banklar öz təbiətinə görə iqtisadiyyatın real sektoru ilə sıx qarşılıqlı əlaqədə olmalı, iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi bank sisteminin prioritet sahəsi olmalıdır. Çünki o, milli iqtisadiyyatın maddi və qeyri-maddi imkanlar yaradan və əhalinin tələbatını ödəyə biləcək dəyərlər yaradan bir bölməsidir”, - deyə iqtisad elmləri doktoru, professor Elşad Məmmədov AYNA-ya açıqlamasında qeyd edib.
Professorun fikrincə, məhz milli iqtisadiyyatın real sektoru iqtisadi bazadır: “Burada maliyyə sektorunun fəaliyyətini təmin edən izafi məhsul yaradılır. Bu, onun səviyyəsini və ixtisasını müəyyən edən təməldir”.
Tarix: 30-12-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti