Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi nəyi dəyişəcək? - VİDEO
Bağçalara uşaqların qəbulu onlayn qaydada aparılacaq, müəllimlər isə işə qəbul üçün imtahan verməli olacaqlar.
Pravda.az-ın məlumatına görə, Təhsil İnstitutunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova hesab edir ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bu sahədə olan problemlər həll olunacaq.
Bəzi hallarda bağçalarda qəbul zamanı rüşvət tələb edilməsi, yer çatışmazlığı kimi çox sayda şikayətlər olurdu. Artıq bu kimi neqativ hallar aradan qaldırılacaq.
Laləzar Cəfərovanın sözlərinə görə, atılacaq əsas addımlardan biri bağçalara qəbul prosesinin onlayn qaydada həyata keçirilməsi ilə bağlıdır.
Hazırda əksər bağçalarda yaranan yer çatışmazlığı məsələsinə gəldikdə isə, Laləzar Cəfərova bildirdi ki, bu proses dövlət sənədləri ilə tənzimlənir. Yəni, hər yaş qrupuna qoyulan uşaq sayı aşılmamalıdır. Dövlət bu problemin də aradan qaldırılması istiqamətində işlər görür.
Qurum rəsmisi onu da qeyd etdi ki, məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlanacaq.