Tural Abbaslı: "Azəriqaz" sayğaca əlavə məbləğ yazır və vətəndaş evdə olmayanda fakt üzə çıxır
““Azəriqaz” rəhbərliyinin müvafiq bəyanatı belə qurumların rəhbərlərinin öz vəzifə və öhdəliklərindən xəbərsiz olduğunu göstərir. “Azəriqaz” qazpaylayıcı funksiya daşıyır. Onun işi yaşayış binalarını, əhalini qazla təmin etməkdir. Bu qurumun işi camaatın hərəkət trayektoriyasını qeydə almaq, onların evdə olub-olmadığını monitorinq etmək deyil. Bu, absurd təklifdir və konstitusiyaya ziddir. Belə informasiyaların toplanması həm konstitusiya, həm də qanunvericilikdə bəlli orqanlara məxsusdur. Yəni, belə informasiyaları toplamaq onların öhdəliyinə daxildir. Azəriqaz niyə bilməlidir ki, mən 1 ay evdə olmayacam? Hansı hüquqa əsasən?!” Bunu
Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri
Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, sayğac qoyulubsa, vəssəlam, deməli, sayğac nə qədər qaz sərfiyyatı yazırsa, vətəndaş da on auyğun ödəniş edəcək: “Sənə nə, vətəndaş evdədir ya evdə deyil, bəlkə dincəlməyə və ya özünə sui-qəsd etməyə gedib?! Bu, nə cəfəngiyyatdır! Bunlar nə düşünür, anlamıram! Görəsən, belə fikirlər səsləndirəndə məsləhətləşmə aparıb qanunlara nəzər salırlarmı? Sən necə insanların şəxsi məlumatlarını onlardan tələb edə bilərsən, səndə hansı məhkəmənin qərarı var? Əslində, qurum rəsmisi ikinci cümlədə fikrini əsaslandırılıb. Qeyd edib ki, əgər vətəndaş evdə olmayacaqsa, ona əlavə sərfiyyat yazmayaq. Bu o deməkdir ki, qurum qaz sayğacına əlavə məbləğ yazır və vətəndaş evdə olmayanda fakt üzə çıxır. Vətəndaş dəqiq bilir ki, o, bir ay evdə olmasa da, sayğacda sərfiyyat göstərir. Yəni, qurum özü ifşa olunur. Bunun başqa izahı yoxdur. Onlar etiraf edirlər ki, biz vətəndaşlardan əlavə məbləğdə pul alırıq. Bu, rəzalətdir. Vəzifəlilər oturduqları kürsünün əhəmiyyətini bilmirlər. Bunu biabırçılıq hesab edirəm. Güman edirəm ki, “Azəriqaz”ın rəhbəri məsələ ilə bağlı xalqdan üzr istəyəcək”.
Tarix: 8-01-2022, 21:22