"Susmaq qızıldır" : "Azəriqaz"dan "ANEKDOT" kimi açıqlama


"Susmaq qızıldır" deyiminin təsdiqləndiyi o an: "Azəriqaz"dan lətifə kimi açıqlama

Azərbaycanda bir aydan çox evdə olmayan abunəçi “Azəriqaz”a bu barədə məlumat verməlidir”. Bu barədə “Açıq qapı” aksiyasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib. Birlik rəsmisi bunu təhlükəsizliklə izah edib.

Çox gülməli bir vəziyyətdir. Yadıma keçmiş sevgilimin tapşırıqları düşdü: “Bir yerə gedəndə xəbər ver, bu sənin təhlükəsizliyin üçündür”...
Bir dövlət qurumunun rəsmisinin bu açıqlaması, “Azəriqaz”-ın bizi nə qədər çox "sevdiyinin" sübutudur. Bizim üçün narahat olur, təhlükəsizliyimizi düşünür. Düşünün, indi bəzi qadınlar bir yerə getdikləri zaman heç öz həyat yoldaşlarına xəbər vermirlər. Tutaq ki, bir aylıq ölkədən gedirəm, bu barədə kimə xəbər verərəm - ailəmə. Olmasa belə, ən yaxınıma. Amma “Azəriqaz”-a zəng edib, “bağışlayın, mən bir ay evdə olmayacağam deyə sizə xəbər vermək istədim” demək həyəcanverici olduğu qədər təhlükəlidir.
Nə isə ... Keçək mətləbə... Bir oğrular, bir də bizi sevənlər evdə olmadığımza əmin olmaq istəyərlər. Oğrular, olan-qalan varımızı əlimizdən almaq üçün, sevdiklərimiz də harda olduğumuzu bilmək üçün. Ancaq hansısa dövlət qurumunun bunu bilməyə hüququ yoxdur. Hər hansı bir vətəndaş evdən çıxırsa, yəqin ki, qaz, işıq, su və digər əhəmiyyətli hər şeyi yoxlayıb evdən çıxır. Bunu hansısa qurumun bilməyinə ehtiyac da yoxdur. Bilsə belə, abonentin evinə daxil olub təhlükəsizliyi necə yoxlayacaq?
Ötən gün isə, qurumun mətbuat xidməti Eldəniz Vəliyev verilən açqlama ilə bağlı danışarkən bildirib ki, sevimli quruma xəbər vermək məcburi xarakter daşımır. Yəni bu bir tövsiyə xarakterli açıqlama olub. Tövsiyə edilir ki, əgər vətəndaş 1-2 ay evində olmayacaqsa, müvafiq qaz idarəsinə və ya “ASAN Komunal”a müraciət edib öz mavi yanacağını müvəqqəti bağlatdırmalıdır.
“Məsələn, sabah külək olar, qaz xəttinin üstünə ağac aşa bilər, sızma hadisəsi baş verə bilər və ya vətəndaş geri qayıdıb işığı yandıranda partlayış ola bilər. Bu, adi təhlükəsizlik qaydasıdır” - deyə Vəliyev bildirib.
Məntiqlə, səhər işə gedib, axşam qayıdandan sonra da işığı yandırmaqla o dünyaya getmək olar. Yəni yuxarıdakı açıqlamada "risk" kimi təqdim edilən halların hər biri yarım gün ərzində də baş verə bilər.
Amma deyirəm nə pis insanlarıq ki, bizi bu qədər sevən və dəyər verən bir qurumun işinə kölgə salırıq, qara yaxırıq. Ya da... Bəlkə mətbuata açıqlama verəndə bir qədər diqqətli olmaq lazımdır?! Bəlkə təqdim edilən açıqlamalar öncədən bir neçə dəfə oxunmalı, hər tərəfli düşünməlidir?
Keçən dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də açıqlamasını oxumadan bir nəfərin saxta sənədlərlə təqaüd kimi 14 il ərzində 1 milyon 800 min manat mənimsədiyini demişdi. Sonra ha soruşdular, deyə bilmədi kimdir. Ya verdiyi açıqlamanı səhv oxumuşdu, ya rəqəmləri, ya da düşünməmişdi ki, bizim cəmiyyətdə “ala qarğa bala çıxarmaz”...
Belə məmurlarımız çoxdur. Nə dediyini, nə oxuduğunu bilməyən. Bu isə, onların işini dərindən bilməməsindən və yaxud cəmiyyətlə işləməməsindən irəli gəlir. Sadəcə, bir az diqqət, "sevimli "“Azəriqaz”...
P.S. Bu arada "Azəriqaz" dünən açıqlama verib ki, Oğuzda qaz olmayacaq. Yəni öz aləmlərində "məsuliyyət" nümayiş etdiriblər. Amma hazırda yüzlərlə müxtəlif ərazilərdə, məsələn, Binəqədinin müxtəlif ərazilərində qaz təchizatı dayandırılıb və əvvəlcədən xəbərdarlıq edilməyib. Ən böyük təhlükə elə budur. Xəbərdarlıq etmədən qazı kəsmək və sonra da açmaq... İndi gəl işəğı yandır, görüm, necə yandırırsan...
Tarix: 12-01-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti