Azərbaycanda vətəndaşlar hələ də sığorta şirkətlərinə bir o qədər etibar etmir və bunu şərtləndirən çoxsaylı səbəblər var. Bunların arasında əksər sığorta şirkətlərinin müştərilər qarşısında götürdükləri öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməmək üçün “dəridən-qabıqdan çıxması” birinci sırada durur.
“AzPolitika.info”-ya “Atəşgah Sığorta” ilə bağlı daxil olan şikayətdə sözügedən şirkətin öz sığorta öhdəliyindən yayındığı bildirilir. Şikayətçi Cəlal Babayev yazır ki, bir müddət əvvəl ”Atəşgah Sığorta”nın Ali Məhkəmənin yaxınlığındakı ofisində özünə aid 4 avtomobili kasqo sığortası etdirib: “Həmin vaxt iki nəfər gənc oğlanın yandakı əməkdaşla səyahət sığortası etdirmək barədə danışdıqlarını eşitdim. Deyəsən, Meksikaya gedirdilər. Özüm də düşündüm ki, mən bir dəfə də harasa səfər edəndə səyahət sığortası etdirməmişəm. Niyədə etməyim?”
C.Babayev həmin gün özünü və onunla səfərə hazırlaşan dostlarını sözügedən şirkətdə sığorta etdirib və yollanıblar səfərə: “2022-ci ilin yanvar ayının 4-ü yollandıq Ukraynanın Kiyev şəhərinə. Məlum oldu ki, sığorta sən demə, Ukrayna qanunlarına görə məcburi imiş. Sığortasız səni nəinki Ukraynaya,heç təyyarəyə belə buraxmırlar. Geri dönüşdə Azərbaycan Respublikası bizdən “Covid 19” PCR testi istəyir ki, ölkəyə yeni yoluxma gəlməsin. Biz də 11.01.2022-ci il saat 13:38-də test verdik. Nəticə dostlarımda neqativ məndə isə pozitiv göstərdi. Heç bir narahatedici hal hiss etmirdim. Dost-tanışlardan eşitdiyimə görə, bəzən testlərdə yanlışlar olur. Yenidən başqa bir yerdə, daha müasir imkanları olan bir kilinikada test etdirdim. Bu dəfə neqativ göstərdi.”
Ancaq hava limanında və təyyarədə C.Babayevin halı pisləşib: “ Təyyarəmiz Ukrayna vaxtı ilə 20:00-da havaya qalxmalı idi. Hava limanına daxil olarkən girişdə qızdırmam 36.9 göstərirdi və hər şey qaydasında idi. Hansısa səbəbdən təyyarə reysi 22:00-a dəyişdi. Təyyarəyə minməyə 1 saat qalmış məni bərk üşütmə tutdu. Dostlarım gözləmə zalının biraz soyuq olduğunu səbəb gətirərək narahat olmağa əsas olmadığını söylədilər. 22:00-da uçmalı olan təyyarə saat 23:15- də havaya qalxdı. Elə bu səbəbdən də Bakıya gec çatdıq. Bakıya catmağa 1 saat qalmış məni dözülməz üşütmə, sümük ağrıları, baş ağrısı, nəfəs darlığı tutdu. Təcili təyyarə bələdçisinə xəbər etdik. Qızdırmam 39 dərəcə. Pilota xəbər verildi. Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanında məni həkimlər qarşıladı. Təcili olaraq analiz verməyim tövsiyyə edildi.”
Bu vaxt “Atəşgah Sığorta”-nın müştərisi olan Babayev sözügedən şirkətə müraciət etmək qərarına gəlib: “Gələk əsas mövzuya. Axı mənim sığortam var. “Atəşgah”-dan “atəş kimi” sığortam! Sığorta şərtlərində səfər zamanı “Covid 19”-a yoluxarsam, tibbi xərclər üçün 1500 avro pul təzminatı var. Səhəd nəzarətini tərk etməmiş tez zəng etdim sığortada göstərilən nömrəyə - Türkiyəyə. Biraz danışıb məsələni izah etdim və məndən “Whatsapp” vasitəsi ilə sənədləri istədilər. Biraz sonra Bakıda yerləşən “İstanbul NS” klinikasına getməmi istədilər. Şərtlərə əsasən azadolma məbləği var, onu mən ödəməliyəm - 30 dollar. Onu da razılaşdıq. Hava limanından birbaşa klinikaya gəldim. Mühafizəçi laboratoriyanın saat 09:00-da açılacağını dedi. Bu səbəbdən heç bir yerə ayrılmadan, yorğun-arğın, qızdırmalı halda oradaca gözlədim. 09:00-da öz hesabıma 60 azn ödəyərək qandan analiz verdim və bu vaxt mənə Türkiyədən cavab gəldi ki, bəs “Atəşgah Sığorta” ödənişdən imtina edir. Səbəb isə artıq Bakıda olmağım və sığortanın artıq keçərsiz olduğudur. Mən isə bir daha əmin olmaq üçün getdim “Ege hospital”a. Saat 10:26-da orda test verdim. Buarada “Atəşgah Sığorta”nın baş ofisinə gedib, şikayət etmək istədim.
Qeydiyyatdakı qız bir nəfərə zəng edərək nəsə danışdı və başladı ki,“ay müəllim, axı siz kovid xəstəsisiniz, nə haqla bura gəlirsiniz?” Həmin qız dedi ki, biz klinikaya zəng etdik, sizdə artıq "Covid"in simptomları var. Halbuki, cəmi 30 dəqiqə öncə analiz vermişəm. Həmçinin, bəs, kovidəmsə, niyə sığorta ödənişindən imtina edilir? Sualıma cavab tapmaq üçün 949-a zəng edib maraqlanmamı məsləhət bildilər. Testin nəticəsi göstərdi ki, mən həqiqətən də qızın dediyi kimi aktiv kovid xəstəsiyəm. 949-a zəng etdim. Yenə də təkidlə mənə “sığorta yalnız xaricdə keçərlidir” dedilər. İzah edə bilmirəm ki, mən xaricdə yoluxmuşam, burada yox!”.
Şikayətçi sığorta şirkətinin ona qarşı qanunsuzluq etdiyini və onu aldatdığını iddia edərək, şirkətin sığorta ödənişindən yayındığını bildirir və “Atəşgah Sığorta”-dan hüquqi yollarla haqqını tələb edəcəyini qeyd edir.
“Atəşgah Sığorta”-nın da mövqeyini dərc etməyə hazırıq.
Tarix: 15-01-2022, 13:13