Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək

Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcəkTəngə dərəsi, Quba

Qlobal böhran bütün sahələrdə olduğu kimi turizm sahəsində də durğunluq yaradıb. Əvvəlki illərdə olduğu kimi turistləri qəbul edə bilmirik, ya da turistlər istirahət üçün Azərbaycanı seçmir. Bunun isə müxtəlif səbəbləri var. Uçuşlar zamanı testlərin tələb edilməsi, təyyarə biletlərinin baha olması, quru sərhədlərinin bağlı olması turizmi inkişafdan qoyan amillərdəndir.

Qiymətlərin baha olması daxili turizmə də öz təsirini göstərir. Məsələn, 4 nəfərlik bir ailə Quba, Qusar, Şəki, Qəbələ və ya Gəncə - fərq etməz, gedib 3-4 ulduzlu hotellərdə bir günü 100-150 manata qala bilirsə, bu zaman turizmin inkişafından söhbət gedə bilməz.
Azərbaycanda qış turizmi dedikdə isə ilk öncə göz önünə “Şahdağ” və “Tufandağ” gəlir. Buradakı hotellərin qiymətlərini diqqətə aldıqda, orta statistik Azərbaycan ailəsi yaxın gedə bilmir. Hotellərdəki qiymətlər tələb və təklif əsasında formalaşdığı üçün bu məsələyə heç bir dövlət qurumu müdaxilə edə bilməz. Amma ölkədə qış turizminin inkişafı üçün münasib qiymətə pansionlar, mehmanxanalar yaradıla bilər. Bununla belə, görünür ki, bu sahədə dövlət o qədər də maraqlı deyil.
Turizm eksperti Asiman Əliyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, bölgələrdə normal şəraiti olan şəxsi evlərin qiymətlərinə gəldikdə isə ən ucuzu bir gün üçün 70 manatdan başlayır. Yəni bir ailə 3 gün istirahət etmək üçün təkcə evə 210 manat ödəməlidir. Yemək, əyləncə bu qiymətə daxil deyil. Bu da o deməkdir ki, 300 manat minimum əmək haqqı alan azərbaycanlı istirahətin nə olduğunu həyatı boyu bilmək imkanlarına malik deyil. Bu bir kənarda dursun.
İstirahət yerlərində fəaliyyət göstərən restoranların da xidməti yüksək səviyyədə deyil. Menyuların təqdim edilməməsi və depozitlərin olması da vətəndaşları daxili turizmdən uzaq salır.
Mütəxəssislərin fikrincə isə bu ilin yayından turizmə yeni nəfəs gələ bilər. Qlobal böhran artıq səngiməyə başlayıb və pozitiv proqnozlar da artıb.. İki illik durğunluqdan sonra digər ölkələrdən də Azərbaycana turistlər gələ bilər.
Qardaş Türkiyə turzim sahəsində inkişaf etmiş ölkələr sırasında bəlkə də ilk yeri tutur. Bunun səbəbi isə qiymətlərin münasib, xidmətin keyfiyyətli olmasıdır. İnternet üzərindən Türkiyə hotellərinin rezervasiyası ilə bağlı müxtəlif saytlar var. Bizim turizm obyektlərinin mütəxəssisləri həmin saytlara göz gəzdirdikdən sonra qiymət siyasətinə də əl gəzdirə bilər.
Tarix: 16-01-2022, 15:32
Xəbəri paylaş





Xəbər lenti