Yeddi il əvvəl yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) nəhayət ki, Bakıda tıxacların niyə yarandığını anlayıb. Belə ki, BNA-nın yaydığı videoçarxda tıxacların yaranma səbəbləri açıqlanıb.
Agentliyin məlumatına görə, paytaxtda tıxacın yaranmasının əsas səbəblərindən biri işıqforda gecikmələrdir. Yəni bu, işıqforda birinci sırada dayanan avtomobil sürücülərinin ləng reaksiya sürəti ilə bağlıdır.
Şübhəsiz ki, BNA-da bu videoya baxaraq “Evrika!” deyə qışqırıblar. Həqiqətən də videoda tıxacın yaranmasında bütün günah tamamilə sürücülərin üzərinə atılır. Videoya baxandan sonra tıxacdan narazı olan insanlar artıq BNA-nı deyil, avtomobildə əyləc aparatı işlək olmayan sürücüləri günahlandıracaqlar. Ən azından BNA belə düşünür.
Baxmayaraq ki, ağlı başında olan insanlar özləri artıq vəziyyəti anlayıblar. İldən-ilə Bakıda avtomobillərin sayı artır, yolların keyfiyyəti isə arzuolunan səviyyədən uzaqdır - yol örtüyü ilə bağlı problemlər, əlverişsiz qovşaqlar, əksər küçələrdə ictimai nəqliyyat üçün ayrıca zolaqların olmaması, eləcə də dayanacaq yerlərinin olmaması səbəbindən yol kənarlarında park edilmiş avtomobillər avtomobil sürücülərinə çoxsaylı maneələr yaradır və tıxaclara səbəb olur. Sərnişin avtobuslarının sürücüləri belə, lazımi yerdə piyadalara yol vermədiyi halda biz hələ sürücülərin nizam-intizamsızlığından, yol mədəniyyətinin olmamasından danışmırıq.
Amma bunun əvəzində BNA bugünkü tıxacın əsas səbəbi kimi yalnız sürücülərin ləng reaksiyasını görmək istəyir. Yeri gəlmişkən, sürücülərin reaksiya sürətini azaldan amillər arasında mütəxəssislər aşağıdakıları ayırırlar:
Günün vaxtları. Səhər tezdən (səhər saat 4 - 5) "yuxusuzluq" təsir edir, buna görə də düşünməyə sərf olunan vaxtın miqdarı artır. Alatoranlıq isə təhlükəni əvvəlcədən görməyi çətinləşdirir;
Psixi komponent. Sonuncu mübahisə, işdəki çətinliklər, işə gecikmə qoruxusu. Əvvəlki gündən yorulan, qarşıdan gələn hadisələrdən narahat olan adamın diqqəti bir qədər fərqli istiqamətə yönəlir;
Fiziki vəziyyət. Burada xəstəlik, bir neçə saat əvvəl qəbul edilən sedativlər, trankvilizatorlar, həmçinin spirt intoksikasiyasından söhbət gedir. Bütün bunlar ayrı-ayrılıqda və ya kombinasiyada reaksiyanı əhəmiyyətli dərəcədə azaldır.
Bundan əlavə, iqlim faktorları da nəzərə alınmalıdır. Buz, yağış - təkərin yola təmasını pozur və görmə qabiliyyətini azaldır ki, bu da sürücülük qabiliyyətinə mənfi təsir göstərir.
Sürücülərin reaksiyasına, həmçinin sərnişinlərlə danışmaq, salonda uşağın/heyvanların davranışına nəzarət etmək, mobil telefondan istifadə etmək, bort sistemlərini (kondisioner, radio, naviqasiya) tənzimləməklə, maşın sürərkən yemək və ya içki qəbul etmək, yüksək səslə musiqi və ya səs-küy təsir edir.Nəqliyyat vasitəsini idarə etmə prosesində sürücünün reaksiya sürətinə təsir edən mühüm amil onun yeridir. Oturacağın erqonomikası nə qədər yaxşı olursa, sürücü yol vəziyyətinə bir o qədər yaxşı reaksiya verir.
Sürücülərin normal reaksiyası üçün mühüm amil həm də yolların işıqlandırma dərəcəsi və onun normalaşdırılması, yol nişanlarının düzgün rəngi və yeridir.
Belə ki, BNA tıxacların günahını sürücülərin üzərinə yıxmaq həvəsi ilə çox düşünmədən hərəkət etdi. Baxmayaraq ki, bu, təəccüblü olmamalıdır. Bakı sakinləri arasında bu strukturun çoxdan 7 il ərzində nəinki yollarda, hətta öz içərisində nizam-intizam yarada bilməyən yararsız qurum reputasiyası var.