Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin APA-ya müsahibəsi
Müsahibəyə təyin olunan vaxtdan bir qədər tez gəlmişəm. Elbay müəllimin kabinetində oturub masanın üzərinə düzülən şəkilləri, divardan asılan rəsmləri, bir də açıq qapıdan görünən yan otaqdakı memarları süzürəm. Elə bu vaxt Elbay müəllim fotoqrafın harda olduğunu soruşur. Cavab verirəm ki, fotoqrafdan fərqli olaraq mən tıxaca düşməmişəm, ona görə də ondan əvvəl məkana çatmışam.
- Deməli, tıxacı nəzərə alıb evdən bir az tez çıxmaq lazımdır.
- Elbay müəllim, bəlkə elə körpülər tikib, elə yollar salmaq lazımdır ki, insanlar yuxularına haram qatıb tez çıxmaq məcburiyyətində qalmasın?
- Mən demək olar ki, dünyanın yarısını gəzmişəm. Deyə bilərəm ki, tıxac problemi dünyanın bir çox ölkəsində var. Bunun yeganə həll yolu insanların nizam-intizamlı olmasıdır. Məsələn, Tokioda iş günlərində sakinlərin əksəriyyəti öz şəxsi avtomobillərindən istifadə etmir, ictimai nəqliyyatdan istifadə edirlər.
- Siz özünüz metroya axırıncı dəfə nə vaxt minmisiniz?
– 2010-cu ildə. Daha doğrusu, minməmişəm, metroya düşmüşəm. “Azadlıq prospekti” metro stansiyasının müəllifi olduğum üçün açılışında iştirak etmək məqsədilə düşmüşdüm.
- Görürsünüz, siz özünüz də ictimai nəqliyyatdan istifadə etmirsiniz.
- Haqlısınız. Deməli, mən də hələ o cür düşünə bilmirəm. Həm də mən şəxsi avtomobilimlə yox, xidməti maşınımla hərəkət edirəm (gülür). Körpü deyirsiniz, Bakıda kifayət qədər körpü tikilib, amma yenə də problem həll olunmur. Götürək “20 Yanvar” meydanını. Ora Bakının ən ciddi nəqliyyat düyünlərindən biridir. Nəqliyyat Nazirliyi ilə işlədiyim vaxtlarda şəxsən özüm onlarla birgə məsələnin həll yolunu axtarmışam. Nəsə dəyişiklik edilib, ancaq yenə konkret bir nəticə əldə etmək mümkün olmayıb. Burda şəhər yol polisi də imkansızdır. Çünki o meydanda böyük ticarət obyekti var, o meydanda Sumqayıta və digər rayonlara işləyən maşınlar dayanır, orda böyük bir dövlət idarəsi, xəstəxana yerləşir. Əlbəttə orda maşın çox olacaq. Bunu yenə də insanlara və insanların şüuruna buraxmaq lazımdır. Bəzi ölkələrdə belə bir qanun var ki, həftənin tək günlərində tək nömrəli maşınlar, cüt günlərində cüt nömrəli maşınlar yola çıxır. Fikrimcə, bu da həll yolu deyil, əksinə insan hüquqlarını tapdalamaqdır. Mən hər gün sürə bilmək iqtidarında olmalıyam, amma şüurum da belə olmalıdır ki, “Bu gün mənə maşın lazımdırmı?” sualının cavabını tapa bilim. Tutaq ki, uşaq məktəbə gedir, gərək maşınla aparsın. Niyə? Çünki başqa uşaqlar maşından düşəndə onun uşağı da maşından düşsün. Bunlar hamısı şüura bağlı olan məsələlərdir.
- Elbay müəllim, Bakı, tıxac problemi, müasir tikililər - bunlardan danışacağıq. Ancaq mən istəyirəm, ilk növbədə, bu gün olduqca aktual məsələdən - Qarabağ və Qarabağda görüləcək memarlıq işlərindən söhbət açaq.
- Əlbəttə, Qarabağ olduqca mühüm mövzudur. Biz onun haqqında danışmaq üçün otuz ilə yaxın gözləmişik. Siz cavanlar o müddəti gözləməmisiniz. Mən bilirdim ki, gec-tez bu olacaq. Amma qorxurdum ki, birdən o günü görmərəm.
Qarabağda görüləcək iş çoxdur. Bəzi uzağı görməyən adamlar deyir ki, beş ilə yenidən hər şeyi bərpa edəcəyik. Bu, düzgün söhbət deyil, məsuliyyətsiz sözdür. Beş ilə hər şey düzələ bilməz. Oranı 28 ilə viran qoyublar. Əgər ermənilərin Qarabağda qalmaq niyyəti olsaydı, dağıtmazdılar, qurub-yaradardılar. Onlar bilirdilər ki, gec-tez oradan çıxacaqlar. Şuşada üç-dörd varlı adam özü üçün villa tikib, onlar da axmaqlıq edib, gərək düşünəydilər ki, mən bu boyda pulu bura qoyuram, sabah çıxıb gedəcəm.
- Şuşada evinizin olmasını istəyərdiniz?
- Açığı, yox. Mən Bakıda doğulub, Bakıda böyümüşəm. Mənim üçün Bakıdan əziz yer yoxdur. Ötən il “Xarıbülbül” festivalı zamanı Şuşa ilə qarşılaşanda çox həyəcanlandım. Şuşaya çatanda, o dağı görəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım. Ancaq Şuşada evimin olması barədə düşünmürəm. Şuşaya istədiyim vaxt getmək iqtidarında olam, o başqa şeydir.
- Axı Bakı da əvvəlki Bakı deyil.
- Əlbəttə, əvvəlki Bakı deyil. Ümumiyyətlə, şəhərlərin çox böyük bir üstünlüyü var, o da dəyişmək bacarığıdır. İnsanlar qocalır, ölür. Şəhərlər qocala-qocala dəyişməsə, onlar da ölər. Şəhərlər ona görə yaşayır ki, onlar öz simasını dəyişə bilir. Bəli, tarixi abidələr var ki, onları qoruyub saxlamaq lazımdır. Amma onu da unutmaq lazım deyil ki, şəhər simasını dəyişməsə, ölər. Məsələn, köhnə Qahirə. Köhnə Qahirə indi qəbiristanlığa dönüb, ancaq müasir Qahirədə həyat qaynayır.
Bakı, əslində, Xəzər sahilində kiçik bir qala olub. XIX əsrin ortalarında neft tapılandan sonra sürətlə inkişaf etməyə başlayıb. Bu gün gördüyümüz Bakının cəmi 200 il, ancaq tarixi Bakının 2000-dən çox yaşı var.
- Sizcə, dediyiniz o dəyişmək qabiliyyəti şəhərin ruhunu öldürmür?
- Şəhərin ruhu təkcə onun daşlarında deyil, şəhərin ruhu orda yaşayan insanlardadır. Altmışıncı illərdə deyirdilər ki, İçərişəhərin əhalisini köçürmək, bəzi abidələri söküb yeniləmək lazımdır. Nə yaxşı ki, o vaxt başa düşən adamlar bu layihəni yaxın buraxmadılar və dedilər ki, İçərişəhərdə əhali yaşamasa, İçərişəhər də yaşamaz. Cansız daşlarda nə ruh ola bilər? Heç bir şey. Onu ruhlandıran orda yaşayan insanlardır. İçərişəhərin də əlbəttə ruhu dəyişib. Mən ora tez-tez gedirəm. Orda mənə yaşlı içərişəhərlilər hələ də “qədeş” deyirlər.
- Qədeşsiniz?
- Bəli, o söz pis söz deyil ha. Onlar qədeş sözünü hörmət etdikləri adamlara deyirlər. Həyatdır da. Həyatda dəyişiklik mütləqdir. Bir də görürsən ki, deyirlər ki, biz qədim memarlığımıza qayıdaq. Əlbəttə, qədim memarlığımızı unutmamalıyıq. Ancaq bu gün şəbəkə ilə bina tikmək axmaqlıqdır. Əgər bu gün biz ayağımıza çarıq geyinib, başımıza əmmamə qoymuruqsa, niyə yaşadığımız mühit qədimi olmalıdır? Bu gün yaratdığımız əsərlər müasir olmalıdır. Necə ki, ədəbiyyat, sənət kino inkişaf edir, memarlıq da inkişaf etməlidir. Bu, mənim qəti fikrimdir: memarlıq yarandığı dövrə aid olmalıdır. Memarlıq çox məsuliyyətli işdir, rəssam bir rəsmi çəkir, xoşuna gəlməsə, atır emalatxananın bir küncünə, bir tərəfdə qalır, memar isə özü üçün oturub layihə çəkmir, burada sifarişçi, layihəyə pul ayıran kimsə olur. Memarlıq mühiti həm də insanı tərbiyə edir.
- Bu gün Sizcə, bizim tərbiyəmizi hansı memarlıq nümunələri pozur? Hansı binanı görəndə “Bu, burda olmamalı idi” deyirsiniz?
- Mən Bakının baş memarı işlədiyim dövrdə Milli Bankın təzə binasının tikintisi başladı. Halbuki mən bankın binasının Tbilisi prospektində tikilməsini istəyirdim və o cür sənədləşdirmişdim. Ancaq mənim razılığım olmadan binanın tikintisinə başladılar.
- Baş memarın imzası olmadan?
- Güclü adamlar idilər. Bu layihəni mənə gətirəndə imza atmadım, mən imza atmadan da tikintini başladılar və tikdilər. Açılış mərasimi zamanı rəhmətlik Heydər Əliyev çıxışında dedi ki, bu binanın tikintisində baş memar səhvə yol verib, əslində, bu bina burda tikilməli deyildi. Bu çıxış xronikada da, dövrün qəzetlərində də var. Sonra Heydər Əliyev yuxarıdan şəhəri seyr edirdi, mən də yanında dayanmışdım. Bir müddət keçəndən sonra dedim, Cənab Prezident, icazə verirsinizmi bir söz deyim? Dedi de. Dedim, mən nə bu binanın tikintisinə, nə də layihəsinə icazə vermişəm.
Bilirsiniz, mən uzun müddət Rəşid Behbudov küçəsindən keçəndə Milli Bankın binası tərəfə baxmırdım. Bir müddət keçdi, artıq bina mühitə uyğunlaşıb.
- Baş memar olduğunuz dövrdən danışdınız. Ancaq Sizin fəaliyyətinizdə mənim diqqətimi çəkən məqamlardan biri Bakının baş memarı və ya ittifaq sədri olmadığınız dönəmdə belə, öz ranqınızda qalmağınız olub. Biz Sizi onda da mühüm tədbirlərdə söz sahibi kimi görürdük.
- Deməli, mən 2001-ci ildə vəzifəmi tərk etdim. Daha doğrusu, o vaxt Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədim. Ona dediklərimi başa düşmürdü. Əvəzində isə mən başa düşdüm ki, bərabər işləmək mümkün deyil və vəzifəmi tərk etdim. Vəzifədən gedəndən sonra da məni memarlıqla bağlı tədbirlərə dəvət edirdilər. Hətta bu tədbirlərə dəvət edəndə yoldaşım soruşurdu ki, sən axı, vəzifədə deyilsən, niyə dəvət edirlər?
- Hacıbala müəllimlə niyə işləyə bilmədiniz?
- Hacıbala müəllim bir qədər qeyri-standart düşüncəli insan idi. Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm. Mən də ona dedim ki, siz çox böyük adamsınız. Bunu deyib döndüm, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi.
- Bu gün Bakının Baş Planı tamamlanmaq üzrədir. Memarlar İttifaqı Baş Planın hazırlanmasında hansı təklif, yaxud təşəbbüslərlə çıxış edib?
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edirik. Onlar mühüm məsələlərdə bizə müraciət edirlər. Baş Plan hazırlanarkən dəfələrlə müzakirələr aparmışıq. Baş Plan artıq hazırdır, hətta ictimai müzakirələrdən də keçib, hazırda Nazirlər Kabinetində təsdiq mərhələsindədir. İndi Gəncənin Baş Planı hazırlanır və müəllif qrupu ilə imkan olduqca görüşürük, müzakirələr aparırıq.
- Sizcə paytaxtın bu gün hazırlanan Baş Planı əvvəlkindən nə ilə fərqlənəcək?
- Qabaqkı Baş Plan Sovet dövrünün tələblərinə uyğun idi, ancaq indiki Baş Plan bu cür deyil.
- Məsələn?
- Məsələn, o planda deyilirdi ki, bu tində bu bina olmalıdır, bu, düzgün deyil. Sovet dövrü üçün yarayırdı, çünki binalar dövlət tərəfindən tikilirdi. Bu gün bazar iqtisadiyyatıdır, bu gün tikintilərin əksəriyyətini iş adamları aparır, onlar da bunu öz vəsaiti hesabına görür və onların hüquqları var. Onlara, sadəcə, işi necə aparmaq gərək olduğunu demək lazımdır. Bu gün Baş Planın əsas vəzifəsi budur. Baş Plan, ilk növbədə, konseptual olmalıdır. Sonuncu Baş Plan isə kifayət qədər konseptualdır.
Ən əsas odur ki, Bakının yeni nəqliyyat sxemi demək olar ki, Baş Planın yarısı qədərdir. Çünki şəhərin rahatlığı, gözəlliyi onun nəqliyyat sxemindən asılıdır.
- Bu gün ekoloji problemlər kifayət qədər aktualdır və müasir şəhərlərin qurulmasında yaşıllaşdırma amili önəmli faktor kimi çıxış edir. Bizim bugünkü Bakımızda bu məsələ öz əksini tapırmı?
- Yaşıllaşdırma olduqca mühüm məsələdir. Baxın, görün son dönəmlərdə Bakıda nə qədər təzə park yaranıb. Təkcə Mərkəzi Parkı götürsək, ərazisi 30 hektardır. Əgər o parkın ərazisinə bu cür yanaşılmasaydı, orda obyektlər tikilsəydi, iş adamları ordan milyardlarla gəlir əldə edərdi. Ancaq bu gün həmin ərazi şəhərin qızıl torpağıdır. Kifayət qədər belə nümunə sadalamaq olar.
- Elbay müəllim, bir qədər də regionlardakı memarlıq abidələrimiz haqqında danışmaq istərdim. Bir memar olaraq Sizi o tikililər qane edirmi?
- Ümumiyyətlə, regionlarda memar kadrlarımızın azlığı müşahidə olunur. Əlbəttə, regionlarda həyat tərzi Bakıdan fərqlənir. Sovet dövründə belə bir qanun vardı, institutu bitirdikdən sonra dövlət sənin təyinatını mütəxəssisə ehtiyac olan regionlara verirdi. Bu gün prosesi bu cür aparmaq mümkün deyil. Universiteti qurtaran adam istəyir ki, Bakıda qalsın. Heç kim Bakıdan gedib Ağcabədidə işləmək istəmir. Regionlardakı problemin kökündə bu dayanır. Azərbaycanın rayonlarının əksəriyyətində kadr qıtlığı var. Məsələn, mən dünən İsmayıllıdan qayıtmışam. Ora gedəndə yolda gördüm ki, çölün düzündə otel tikiblər. Elə yerdə otel tikərlər? Şəhərdən ora 15 km məsafə var. Tutaq ki, turist gəldi bir gün qaldı, düşdü oteldə nəsə içdi, bəs ikinci gün? Bu adam şəhərə necə getsin, neynəsin orda?
- Kadr problemindən söz düşmüşkən, bu gün Azərbaycanda memarlıq təhsilindən razısınızmı?
- Razıyam.
- Bəs, onda niyə nəvəniz Elbay memarlıq təhsilini Azərbaycanda yox, xaricdə alır?
- Onun da əhvalatı var. Nəvəm Elbay burda məktəbi bitirəndən sonra test imtahanından 500 bal yığdı. Uşaqlıqdan da memar olmaq istəyirdi. Yaxşı əl qabiliyyəti var, yaxşı şəkil, çertyoj çəkir. Bizim Memarlıq və İnşaat Universitetinə qəbul oldu. Deməli, dərs başlanan gün mən Memarlar İttifaqının sədri kimi Gülçöhrə xanımla (Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova - A.S.) dayanmışdım. Birdən elan etdilər ki, bu ilin təzə tələblərindən söz verilir Elbay Qasımzadəyə. Gülçöhrə xanım diksindi. Dedi, siz nəvənizin bizim universitetə qəbul olduğunu mənə niyə deməmisiniz?
Onu da qeyd edim ki, o, həmin vaxt sənədlərini bir neçə xarici universitetə də göndərmişdi. Mən səbəbini soruşanda dedi ki, baba, mən Elbay Ənvər oğlu Qasımzadəyəm. Adımı görən kimi qiymət yazacaqlar, mənsə oxumaq istəyirəm.
- Oxuyub qurtarandan sonra qayıdacaq, Sizcə?
- Mütləq qayıdacaq. O, torpağa çox bağlıdır.
- Rəsmdəki odur? (masanın üzərində bizə gülümsəyən yaraşıqlı oğlan şəklini göstərirəm)
- Yox, o deyil. Bu, Sənandır, (köks ötürür) mənim 16 yaşı olmadan itirdiyim nəvəmdir...
- Üzrlü sayın, bilmirdim...
- 2014-cü ildə yol qəzasında vəfat edib. Bax, bu gün cümə axşamıdır, mən bu gün onun məzarını ziyarətdən gəlirəm. Mən hər cümə axşamı onun məzarını ziyarət edirəm. Nə vaxt xaricdə oluram, özümə yer tapa bilmirəm ki, uşaq məni gözləyir...
- Otağınızda onun fotolarını saxlamaq Sizi incitmir?
- Əksinə... Evdə də hər yerdə onun şəkilləridir. O aktyor olacaqdı. Deyirdi ki, Hollivuda gedəcək...
O yaraşıqlı oğlana bir də baxıram. Görəsən, yaşasaydı, indi harda olardı? İlk ağlımdan bu sual keçir. Ancaq sualımı özümə saxlayıb mövzunu dəyişirəm. - Elbay müəllim, Prezident İlham Əliyevlə görüşdə Bakıda yeni rayonun yaradılması fikrini səsləndirmişdiniz. Bu istiqamətdə hansısa işlər görülürmü? - Hə, mən onda demişdim ki, Bakının tarixi mərkəzini başqa rayonlardan ayırıb mərkəzi rayon yaratmaq lazımdır. Və həmin rayonun xüsusi reqlamenti və xüsusi statusu olmalıdır. Yadınızdadırsa, Cənab Prezident bu ideyanı çox bəyəndi, bu mövzu ilə bağlı yekun çıxışında fikirlərini bölüşdü və tapşırıqlar verdi. Bir neçə gündən sonra mənə zəng vurdular ki, mərkəzi rayonun sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sənəd verim, mən həmin sənədi verdim. Prezidentimiz bu məsələni iki dəfə xatırlayıb və tapşırıqlarını verib. Lakin pandemiya, müharibə ilə əlaqədar işlər dayandı. Bu gün deyirlər ki, birinci növbədə Qarabağdır, birinci növbədə oranı həll edək. Mənə elə gəlir ki, məsələ təkcə bu deyil, burada müəyyən maraqlar var. Təsəvvür edin ki, əgər yeni rayon yaradılarsa, dörd rayonun ən qiymətli, ən baha olan əraziləri onlardan alınacaq, Məncə, burada kifayət qədər güclü müqavimət var. Ancaq onu da bilirəm ki, bir gün Prezidentin yenə yadına düşsə, cəzalandıracaq. Mütləq cəzalandıracaq.
-
Kimin başı ağrıyacaq?- Bilmirəm, ancaq kimlərinsə başı mütləq ağrıyacaq.
- Elbay müəllim, istər işğaldan azad olunan ərazilərdə, istərsə də digər bölgələrimizdə abidələrin bərpası zamanı Sizcə xarici təcrübə, xarici mütəxəssisə üstünlük verilməlidir, yoxsa yeri mütəxəssislərə?- Üstünlük əlbəttə yerli mütəxəssislərə verilməlidir. Nə qədər bacarıqlı mütəxəssis olsa da, xaricdən gələnin qəlbində o daşa məhəbbət olmayacaq. O daşı yalnız onunla yaşayan insan başa düşə bilər. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu var, 1996-cı ildə qəbul olunub, o qanunun müəlliflərindən biri mənəm. Həmin qanun hazırlananda mən ora bir bəndi əlavə etdim. Orada yazılır: “Xarici vətəndaşlar Azərbaycan Respublikasında memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan memarı ilə bərabər fəaliyyət göstərməlidir”. O qanunu poza bilmirlər, ancaq əvəzində çox vaxt belə bir şey edirlər. Deməli, bir xarici firmanı çağırırlar, gəlir, guya yerli mütəxəssis tapırlar, onun üç manatını verirlər və deyirlər ki, qarışma. Mənə də belə təkliflər edənlər olub. Mən şəxsən o təklifi edənləri qovmusam. Özü də kimləri! Amma yaxşı məqamlar da var. Misal üçün, Gəncənin Baş Planını bir Fransa şirkəti hazırlayır, ancaq bizim yerli memarlarla birlikdə. Əlbəttə, orda belə neqativ hallara yol verilmir.
- Təbii ki, abidənin konservasiya, yoxsa restavrasiya olunmasına abidənin vəziyyətinə görə qərar verilir. Ancaq istisna hallar var ki, burada bərpaçının, memarın qərarı daha çox spesifik yanaşmaya görə verilir. Siz bir memar olaraq restavrasiyaya daha çox önəm verirsiniz, yoxsa konservasiyaya? - Bəzən bizim bərpaçılar dağılmış abidələri ehtiyac olmadan yenidən tikirlər, nə kərpic o kərpic olur, nə daş o daş. Əgər hər dağılan abidəni tikmək lazım olsaydı, Kolizeyi də, Parfenonu da yenidən tikərdilər. Bərpa o binada aparılar ki, orada sınıqlar azdır. Yarıuçuq binanı bərpa etmək olmaz. Bu prinsip mütləq nəzərə alınmalıdır.
Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini (Nuh Peyğəmbər türbəsi – A.S.) təkrar tikiblər, özü də zavod kərpicindən. Memarlar İttifaqının binasını təmir edəndə mən qapının cəftələrini də çıxarmağa qoymadım. Hər şey insanlardan asılıdır. Biz çox vaxt xoşumuza gəlməyən məsələni dövlətin, məmurların üstünə yıxırıq.
- Bildiyim qədəri ilə Ağdamda tikiləcək dram teatrının binasının layihəsini işləmisiniz. - İlk növbədə, onu qeyd edim ki, Şuşa mədəniyyət paytaxtımızdırsa, Ağdam da Qarabağın, Şərqi Zəngəzurun iqtisadi mərkəzi, ən böyük yaşayış məntəqəsidir. Yeni Baş Plana əsasən, Ağdamın 100 min əhalisi olacaq. Mən hesab edirəm ki, Ağdam o bölgənin iqtisadi və siyasi mərkəzinə çevriləcək.
Teatra qaldıqda, bəli, mən bu layihəni hazırlamışam. Layihədə dram teatrı, kitabxana, muğam mərkəzi, muzey əksini tapır. Köhnə dram teatrının ki, təkcə arkaları qalıb mən oranı da layihəyə daxil etmişəm. Bunu etməkdə məqsədim Ağdamın əvvəl necə olduğunu göstərməkdir.
- Siz İttifaqa rəhbər gələndən sonra nələr dəyişdi, əvvəlki neqativ hallardan nəyi dəyişə bildiniz? - Memarlar İttifaqında neqativ hal olmayıb, fəaliyyətsizlik olub. Onun da müəyyən səbəbləri var. Çətin dövrlər idi, müstəqil ölkənin ilk dövrləri idi. Bir dönəm İttifaqın rəhbəri həm də nazir Abbas Ələsgərov idi. Hər iki vəzifədə işləmək, əlbəttə, çətindir. Bu kimi məqamları nəzərə almaq lazımdır. Bu gün isə Memarlar İttifaqı işləyir, bir sözlə, biz işləyirik.
- Misirin ehramları, Romanın Kolizeyi, Parisin Eyfel qülləsi, bəs Azərbaycanın?- Qız qalası...
Foto - İlkin Nəbiyev © APA Group
Tarix: 18-01-2022, 08:36