Dövlət bağçalarında müşahidə kamerası problemi


Ekspertə görə, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər

Uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez sosial mediada xəbərlər, videomateriallar yayımlanır. Özəl bağçaların bir çoxunda onlayn izləmə sistemi mövcuddur. Belə olduğu halda valideynlər, bağçadan kənarda olsalar belə, orada gedən bütün prosesləri izləyə bilirlər. Özəl bağçalardan fərqli olaraq isə dövlət bağçalarında kamera sistemi yoxdur. Maraqlıdır, dövlət bağçalarında niyə kamera quraşdırılmır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər.
Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda kameraların geniş yaddaş və kənardan müşahidə olunma imkanları yoxdur. Əminliklə deyə bilərəm ki, orta məktəblərdə, bağçalarda, yəni bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Həm də bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı. Çox təəssüf ki, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar. Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır.

Əgər dövlət hesablı orta məktəblərdə, bağçalarda  yaddaş həcmi geniş olan və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, tərbiyəçilərin uşaqları ilə necə rəftar etdiyini görə bilərlər. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, bir də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakı şəhərində və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar. Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər. Birmənalı olaraq deyə bilərəm ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin, uşaqların  təhlükəsizlik məsələsi də bu yolla həll olur".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də mövzu ilə bağlı danışıb. Qurum sədri qeyd edib ki, İsmayıllıdakı bağçada baş vermiş hadisə məktəbəqədər təhsil müəssisələrində uşaqların qapazaltı  olması ehtimalını bir daha ortaya çıxartmış oldu: “Kim nə deyirsə-desin, bu gün bu cür hallar yenə də var. Sosial şəbəkələrdə gedən müzakirələri izləyəndə gördük ki, hətta bəzi valideynlər bu cür halları normal qarşılayır,  ”əşi, evdə uşağınızı  döymürsünüz?" kimi rəylər bildirirlər. Uşağı döymək cinayətdir. Həmçinin uşağa şiddət onun travmalı böyüməsi deməkdir. Bu travmanın əziyyətini sabah həmin valideynlərin özləri çəkəcək. Nə vaxtsa uşaq onları dinləmədikdə, hisslərini onlarla bölüşmədikdə, özünə qapandıqda, zərərli vərdişlərə qurşandıqda artıq bunun günahını valideynlər başqasında deyil, özlərində görsünlər".
Kəmalə Ağazadə də qeyd edib ki, özəl bağçalarda olduğu kimi dövlət bağçalarında da mütləq şəkildə kameralar quraşdırılmalıdır: “Əlbəttə ki, dövlət müəssisələri olan məktəbəqədər müəssisələrdə kamera quraşdırılması yoxdur. Hələ söhbət regionlardan gedirsə, bu kameralar mütləq şəkildə quraşdırılmalıdır. Hesab edirəm ki, dövlət bağçalarına kamera quraşdırılmamasının səbəbi büdcə ilə bağlıdır. Məlum olduğu kimi, bağçalar bundan əvvəl icra hakimiyyətlərində idi və çox güman ki, qurum bu məsələyə maraqlı olmayıb. Amma düşünürəm ki, bağçalar Təhsil Nazirliyinə verildikdən  kameralaşdırma məsələsinə ciddi yanaşılacaq. Bəs kamera ilə biz şiddətin  qarşısını ala biləcəyikmi? Kameralar hər yerə qoyulurmu? Uşağı döymək istəyən onu sanitar qovşağına və yaxud anbara aparıb döyəcək. Yəni döymək faktorunun qarşısını  almaq üçün mütləq şəkildə uşaqla valideynin ünsiyyəti gücləndirilməlidir. İki yaşında uşaq əlini, başını göstərə bilir. Əgər uşaqda qapanma varsa, artıq valideyn buna diqqət etməlidir. Və yaxud uşaq daha çox yuxulu vəziyyətdədirsə, deməli, bunun səbəbləri var və məsələ araşdırılmalıdır. Amma bunu edirlərmi? Hadisə ortaya çıxan kimi dərhal başlayırıq şikayət, qarğış etməyə.
Uşağa çox kiçik yaşlarında izah olunmalıdır ki, onun bədəninə toxuna bilməzlər. Evdə uşaqla mütləq danışmaq lazımdır. Hər gün soruşmaq lazımdır ki, “bağçada nə etdin, dostun  kimdir, kiminə oynadın, yeməyin dadlı idimi?” Bunların hamısını  valideyn uşağa izah edərsə, sizi əmin edirəm ki, şiddət olduğu halda uşaq bunu mütləq valideyninə deyəcək".
Tarix: 19-01-2022, 11:38
Xəbəri paylaş





Xəbər lenti