Bölgələrdə hava limanları və beynəlxalq "yağlı tikə": Necə edək ki, onlara da çatsın? - ARAŞDIRMA


Turizmlə bağlı bəzi tədbirlər aviasiyanın da iştirakı ilə keçirilməlidir. DİA.AZ xəbər verir ki, bunu regional hava limanlarının səmərəsinin artırılması mövzusunda Sputnik Azərbaycan-la söhbətində DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Hava limanları ziyandan çıxmaq üçün üsullar axtarır
Məlumdur ki, koronavirus pandemiyası turizm şirkətləri və hava limanlarının fəaliyyətini iflic etdi. Əgər paytaxtda yerləşən hava limanları müəyyən qədər gəlir eldə edə bilirsə, bölgələrdəki haqda eyni sözləri demək çətindir.
S.Dübəndi deyir ki, onsuz da istismara verildikdən bəri turizm baxımından zəif işləyən regional hava limanlarının işı bir az da geriləyib: "Pandemiya dövründə də düşünürəm, hava limanları xeyli ziyanla üzləşib və bu, hələ də davam edir. Uçuşların kəskin azalması fonunda qiymətlər də bir o qədər yüksəldi.
Hava limanları yalnız turizm məqsədilə baş tutan reyslərlə kifayətlənmir. Onlar karqo, tranzit, biznes aviasiya kimi də xidmətlər göstərir. Deyə bilərəm ki, dünyanın məşhur və iri hava limanlarının təcrübəsində aviasiya, hava limanları, istiqamətlər və turizm sektorunun sıx əməkdaşlığı fonunda bir çox layihələr reallaşır.
Bunlar müxtəlif müddətli çarter reyslərdən tutmuş, hotellərdə dövlət və ya maraqlı olan fondların subsidiyaları hesabına tranzit sərnişinlər üçün pulsuz gecələmə təklifləri, o cümlədən digər turizm, ticarət (shopping), mədəni tədbirlər və nəqliyyat xidmətlərinin təklifləri, aeroportların müxtəlif VİP təklifləri, info və media turlar üçün əməkdaşlıq və sair metodlarla da kifayətlənmir".
Dövlət-özəl münasibətlər: "piroq"u necə bölməli?
Samir Dübəndi qeyd edir ki, turizm hava nəqliyyatı olmadan dar çərçivədə qalır: "Ona görə aviasiya və turizm sektorları arasında əməkdaşlığı möhkəmləndirmək, inkişaf və diversifikasiya etmək zəruridir. Turizm əsasən özəl sektorla təmsil olunur, özü də mikro və kiçik biznes seqmentində.
Aviasiya iri biznes və dövlət şirkətləri ilə səciyyələnir. Ölkə başçısı İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, "dövlət-özəl sektor əməkdaşlığı inkişaf etməlidir" fikrinin icrası turizm sektoru üçün həddindən artıq önəmlidir.
Onu da yaddan çıxarmaq olmaz ki, aviasiya ekologiyaya zərər vuran fəaliyyətlər törədir. Deməli, sosial-korporativ məsuliyyət daşıyır və ən azından, ekoloji turizmin inkişafında, ümumilikdə isə davamlı inkişaf proseslərinə dəstək verməkdə maraqlı olmalıdır".
O deyir ki, hazırda beynəlxalq turizm əlaqələri ləng bərpa olunur, proseslər dalğavari dəyişir, bəzi ölkələr, bildiyimiz kimi, yenidən qapanmaya gedir və ölkəyə giriş-çıxışı protokollaşdırırlar:
"Azərbaycan bir çox ölkələr üçün yaşıl zonaya aid edilib, yəni təhlükəsiz hesab olunur. Vəziyyət ona dəlalət edir ki, biz daha çevik və iradəli addımlar ataraq turizmi daha sürətlə bərpa etməliyik. Regional aeroportların fəaliyyətinin genişlənməsi, o cümlədən bölgə turizminin inkişafı regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərən amildir".
S.Dübəndi qeyd edir ki, hazırda Azərbaycanın hava limanlarının sayı artmaqdadır, onların əksəriyyəti də beynəlxalq status daşıyır. Bütün regional aeroportların ətrafında maraqlı turizm istiqamətləri yerləşir, onların tranzit imkanları da genişdir: "Düşünürəm ki, turizm və aviasiya arasında geniş məzmunlu dövlət anlaşması və bu sahədə yol xəritəsinin hazırlanması hər iki fəaliyyət sektorunun tezliklə bərpasına və inkişafına dəstək vermiş olar".
Qazandıran festivallar və yenə də... qiymət
Mütəxəssis bu fikirdədir ki, müəyyən aksiyaların keçirilməsi daha müsbət nəticələr doğura bilər: "2016-cı ildə biz Baku Shopping Festival-ın (Bakı Ticarət Festivalı) keçirilməsi təşəbbüsü ilə çıxıs etmişdik. Bu təşəbbüs eşidilmiş və sonradan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülərək ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənmiş və ənənəvi keçirilməsi kimi qəbul edilmişdi. Bu bizim üçün çox qürurverici idi. Belə tədbirlərin davamını görmək xoş olardı. Bu, təkcə Bakı turizminə aid deyil. Bu cür tədbirlər aviasiyanın da iştirakı ilə keçirilməlidir".

Turizm üzrə ekspert Ceyhun Aşurov isə deyir ki, fəaliyyəti nəzərə çarpmayan hava limanlarını hansısa turizm şirkəti, yaxud da menecmentə vermək olar: "Ucuz sərnişindaşımanı həyata keçirmək üçün tarifləri dəyişmək olar ki, bu da pandemiyadan sonrakı dövrdə turist axınına səbəb ola bilər. Çünki hazırda əsas maneə daşınma qiymətlərinin yüksək olmasıdır. Yəni, sərnişinlər belə deyirlər".
İnfoqrafika: Azərbaycanın hava limanları - Sputnik Azərbaycan
Azərbaycanda 11 hava limanı var ki, bunlardan yeddisi beynəlxalq statusa malikdir. Xocalı Hava limanı uçuşlara bağlıdır, Füzuli Beynəlxalq Hava limanının açılışı isə ötən il baş tutub.
Pandemiyadan öncə ölkədəki hava limanları necə işləyib
Füzuli və Xocalı hava limanları istisna olmaqla digərlərinin fəaliyyətinə nəzər salmaq üçün pandemiyadan öncəki 2019-cu ilin məlumatlarına baxaq.
Həmin il Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord vurulub - ümumi sərnişin dövriyyəsi 5,56 milyon nəfər olub (www.airport.az).
Paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.
Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, 2018-ci ilin göstəricisindən 1,5% faiz çox), Gəncə (154 min, 10% artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5% çox) hava limanlarında müşahidə olunub.
2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və "Buta Airways" müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıb.
Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı, "Türk Hava Yolları" (Türkiyə, 492 min sərnişin), "FlyDubai" (BƏƏ, 237 min), "Aeroflot" (Rusiya, 193 min), "AirArabia" (BƏƏ, 169 min), "UIA" (Ukrayna, 124 min), "Qatar Airways" (Qətər, 106 min), "Lufthansa" (Almaniya, 66 min) və "SCAT" (Qazaxıstan, 62 min) daxil olub.
2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Azərbaycanın "böyük beşliyi"
Azərbaycan-ın ən böyük beş aeroportu üzrə ümumi vəziyyəti təqdim edirik:
Heydər Əliyev Beynəlxalq Hava Limanı (IATA: GYD) - sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Burada 29 (2020-ci ildə isə bu rəqəm 27 olub) aviaşirkət fəaliyyət göstərir, istiqamətlərin sayı 39-dur;
Gəncə Hava Limanı - üzrə 3 aviaşirkət fəaliyyət göstərir, uçuş istiqamətlərinin sayı isə 4-dür (AZAL, Ural aviaşirkəti tərəfindən Domodedovo BHL-a, AZAL tərəfindən Pulkovo HL-a, türk aviaşirkətləri tərəfindən Atatürk BHL-a) və 1 uçuş zolağı var;
Lənkəran Beynəlxalq Hava Limanı - üzrə 1 aviaşirkət fəaliyyət göstərir, istiqamətlərin sayı isə 2-dir (uçuşlar Ural aviaşirkətləri tərəfindən Domodedovo BHL, Pulkovo HL istiqamətində həyata keçirilir) və 1 uçuş zolağı var;
Naxçıvan Hava Limanı - üzrə 1 aviaşirkət fəaliyyət göstərir, istiqamətlərin sayı isə 1-dir (Türk aviaşirkətləri tərəfindən Gəncə HL-a) və 2 uçuş zolağı var. Hazırda Naxçıvan Hava Limanı, demək olar ki, istismarda olan bütün tip təyyarələri qəbul edib yola salma qabiliyyətinə malikdir. Lakin aylıq, illik olaraq bu hava məkanının nə qədər sərnişin qarşılayıb, nə qədərini yola salması haqda müfəssəl məlumat yoxdur.
Qəbələ Beynəlxalq Hava Limanı - üzrə 1 aviaşirkət (Ural aviaşirkəti) fəaliyyət göstərir, istiqamətlərin sayı isə 1-dir (Domodedovo BHL).
Qəbələ, Gəncə və Lənkəran hava limanlarının saytı mövcud deyil, bu hava limanları üzrə uçuş etmək istəyənlər itciket.az-dan bilet ala bilərlər.

Sərnişindaşımaya gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında 1081,9 milyon sərnişin daşınıb. Bundan başqa, bildirilir ki, qurumda hava limanlarımızın ayrılıqda fəaliyyyətini əks etdirəcək rəqəmlər yoxdur, yalnız ümumi olaraq nə qədər sərnişinin hava nəqliyyatından istifadə etməsi haqda rəqəmlər bəllidir.
AZAL 2021-ci ilin göstəricilərini açıqlayıb
Azərbaycan Hava Yolları QSC-dən (AZAL) Sputnik Azərbaycan-a daxil olan məlumata görə, 2021-ci ildə ölkənin hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib.
Bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqəsinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviadaşımalarının dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.
Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviadaşıyıcıları – AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınıb.
Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2%, “Buta Airways”in payına isə 10,9% düşüb.
Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.
Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistana uçuşlar həyata keçirir.
Açılışı 2021-ci ildə Füzuli şəhərində baş tutan, işğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı ilk hava limanına həyata keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilib.
Eyni zamanda qeyd etmək lazımdır ki, AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 6,3% çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57%-ni təşkil edir. Azərbaycan hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyyarəyə xidmət göstərilib.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən hava limanları üçün COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə “5 ulduz” reytinqinə layiq görülüb.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətidir.
Tarix: 24-01-2022, 11:27
Xəbəri paylaş





Xəbər lenti