Azərbaycanda parklanma ilə bağlı qaydalar sərtləşdirilir - xaos aradan qalxacaqmı?


Ekspert: “Bu yerlərdən aylıq 300 min manata yaxın vəsait yığılır”

Uzun müddətdir ki, sürücülər mağazaların, dövlət idarələrinin və ya hər hansı bir obyektin qarşısında əlində çomaqla dayanan və kimə tabe olduğu bilinməyən “parkovşik”lərdən zara gəlib.  Hətta onlarla sürücülər arasında bir neçə dəfə müxtəlif çaplı insidentlər də olub ki, bu barədə də sosial şəbəkələrdə, xəbər saytlarında xeyli məlumat var.
Odur ki, Bakı şəhərində parklanmanın qaydaya salınması, normal sistemin qurulması məsələsi dəfələrlə gündəmə gətirilib. Bir neçə dəfə parklanmanı idarə etmək üçün müxtəlif sistemlər də yaradılıb. “Parkovşik”lərin əllərinə dayanan avtomobilin üzərinə çek qoyması üçün xüsusi aparatlar da verilib, şəhərin müxtəlif küçələrində parklanma üçün aparatlar quraşdırılıb. Ancaq bütün bunlar da problemin qarşısında yetərsiz qalıb.
Bu il yanvarın 24-dən etibarən isə parklanma ilə bağlı qanuna dəyişiklik edilib və polis əməkdaşları tərəfindən prosesə xüsusi nəzarət olunacaq.
Əvvəlcə onu bildirək ki, yeniliklər Milli Məclisə təqdim olunan “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar. Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər.
Qanunun hazırkı variantı isə belədir:
“Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər”.
Əgər sürücülər qaydaları pozarsa, onları cərimə gözləyir. Bu cərimələr də mövcud qanunvericiliyə görə 2 dəfə artırılır. Daha da dəqiqləşdirsək  cərimələrlə bağlı yeniliklər  İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qaldırılır.
Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.
Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsini müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə qanunsuz olaraq səkilərdə, habelə hərəkət hisslərinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilməsi təklif olunur.
Eyni zamanda ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.
Ekspertlər bildirirlər ki, bu gün Bakıdakı parklanmaya görə alınan pulların çoxu kimlərinsə cibinə gedir. Qanunvericilikdə dəyişikliklər fonunda bu problemin həll ediləcəyinə ümid edilir.

“Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı bildirib ki, bu gündən etibarən polisin bütün orqanları parklanma ilə bağlı reydlərə başlayıb:
“Bu gün parklanma heç kimə tabe deyil. Çünki parklanma ilə bağlı qiymətlər müəyyənləşməyib və Bakı Nəqliyyat Agentliyi də rəsmi şəkildə qeyd edib ki, parklanma pulsuzdur. Ancaq bəzi işbazlar, Qarabağ əlilləri adından istifadə edənlər var ki, hərəsi əyninə sarı jilet geyinib, düşüb şəhərin canına pul yığır. Son zamanlar heç 50 qəpiyə də yiyə duran yoxdur. Təsəvvür edin ki, marketin qarşısında maşını saxlayıb, çörək almağa girirsiz. Çıxan kimi ”parkovşik" gəlir ki, 1 manat ver. Beləcə, 1 çörək 1 manat 65 qəpiyə başa gəlir. Yəni eybəcər mənzərə var. Heç bir ölkədə bu cür hal yoxdur. Rəsmi qaydada ödəniş başqadır. Bakıda isə hələ də hədə-qorxu, maşına təpik atmaq yolu ilə camaatdan pul istəyirlər. Bu, heç də kiçik məbləğ kimi görünməsin. Bakıda 600-ə yaxın bu cür park yeri var. Bunların da hərəsindən gündəlik 20-30 manat pul yığılır. Kimlərsə həmin pulu yığıb, cibinə qoyur. Hesablamalara görə, həmin vəsait aylıq 300 min manata yaxındır. Bu, kimlərinsə cibinə gedənə qədər təklif edirəm ki, sistem qurulsun və gəlirlər YAŞAT fonduna köçsün".
Tarix: 25-01-2022, 08:43
Xəbəri paylaş





Xəbər lenti