Azərbaycanda dayanma, durma, parklanma qaydaların pozulmasına görə cərimələrin artırılması və yenilərinin tətbiqi təklif olunur. İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər layihəsi yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib. Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bir sıra cərimələrin təqribən ikiqat artırılması təklif olunur.
Bununla belə artıq illərdir ki, bir çox sürücülər parklanma yerlərinin az və baha olmasından şikayət edirlər. Amma rəsmi qurumlar da bu istiqamətdə fəaliyyətlərindən qalmırlar. Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yalnız yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı bunları deyib: “Bu cərimələri niyə artırırsan? Onsuz da indiki cərimələr də çoxdur. Onsuz da bu insanların maaşı, pensiyası azdır. İndi maşın sürür deyə, cəhənnəm əzabı çəkməlidir?”.
O hesab edir ki, vətəndaşı bu qədər yükləmək olmaz: “Əhalinin xeyli hissəsi maşın sürür. İndi bu adamlar nə etsin ki, parklanma yeri yoxdur, yaxud da yollar dardır? Vaxtında yollar da normal çəkilməyib. Buna görə hər dəfə cərimələri 20, 30, 40 manat artırmaq lazımdır?! Bu, vətəndaşı dövlətdən narazı salmaq üçün düşünülmüş bir metoddur”.
Deputat qeyd edib ki, əvvəl alternativ parklanma yerlərini yaratmaq lazımdır: “Yalnız bundan sonra vətəndaşlardan parklanma yerindən kənar maşını saxlamasına görə nəsə tələb etmək olar. Hesab edirəm ki, cərimələrin artırılmasına getmək olmaz. Bu, elə çörəyin qiymətlərinin artırılması kimi bir şeydir”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də “Turan”a bildirib ki, məsələ, hələlik, Milli Məclisində layihə kimi müzakirə mərhələsindədir: “Dəyişikliklər olunarsa, məsələni şərh etmək olar”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, layihədə bütün cərimələrin artırılması nəzərdə tutulmur: “Dayanma və durma qaydalarının pozulmasının 20-30 variantı var. Hazırda bunların hamısına 20 manat cərimə var, yalnız avtobus dayanacağı yerində durmaq 40 manatdır. Son layihədə isə üç variantda dayanma və durma qaydalarının pozulmasına görə cərimələr artırılır. İkinci, üçüncü və sonrakı cərgələrdə dayanmaq, səkidə, yol ayrıcında dayanmaya görə cərimələr 40 manata artırılır”.
O vurğulayıb ki, parklanma üsuluna və əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerində digər nəqliyyat vasitələrinin saxlanmasına görə də cərimələr 10 manatdan 20 manata qaldırılır.
Ekspertin sözlərinə görə, ölkədə həm parklanma yerlərinin təşkili, həm də dayanma, durma yerlərinin müəyyən edilməsi ilə bağlı ciddi problemlər var: “Bakıda son vaxtlar dayanmanı qadağan edən yerlərin sayı artıb, nişanların sayı çoxalıb. Bu, düzgün yanaşma deyil və belə olan halda cərimələrin artırılması çoxlu mübahisələr yaradacaq”.
İqtisadçı Rəşad Həsənov isə Azadlıq Radiosuna bildirib ki, belə qərarlar bir neçə marağın kombinasiyası nəticəsində ortaya çıxır: “Neftin qiymətinin artmasının hökumətin gəlirlərinə təsiri olsa da, bəzi hallarda onların gəlirlərinə birbaşa təsiri yoxdur. Buna görə də bu gün neftin qiymətinin qalxıb-qalxmaması cərimələrlə bağlı qərarın müzakirəyə çıxarılmasına birbaşa təsiri etmir”.
Onun fikrincə, burada xidmət göstərən qurumlar çalışır ki, öz maliyyə təminatını gücləndirsin: “İkincisi isə, ola bilsin ki, həmin cərimələrin artırılması çəkindirici xarakter daşıyır. Burada digər maraqlar da ola bilər. Büdcə inflyasiyaya gedir, qurumların saxlanma xərcləri artır, əmək fonduna əlavə artımlar nəzərdə tutulub və bunların hamısını maliyyələşdirmək lazımdır. Maliyyələşdirmə isə daha çox digər mənbələrdən toplanan gəlirlər hesabına həyata keçirilir”.
Tarix: 26-01-2022, 16:47