Bu mənzərə, demək olar ki, hər kəsə tanışdır. Küçədə, avtobusda, metroda, eləcə də evdə olarkən bu cür halları yaşayırıq. Bir problem olmamasına baxmayaraq, internet gedir və əlaqə kəsilir. Məsələni araşdırmaq üçün aidiyyəti zənglərimiz isə ya cavabsız qalır, ya da “söndürüb-yandırmaq lazım olduğunu” deyirlər.
Axı nə üçün ödənişini vaxtı-vaxtında etdiyimiz, etmədikdə isə dərhal kəsilən internetdən vaxtı-vaxtında və keyfiyyətlə istifadə edə bilmirik? Nə üçün illərdir Azərbaycanda internetin zəifliyi, bəzən isə tamamilə kəsilməsi problemi həll olunmur?
Mövzu ilə bağlı suallarımızı cavablayan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz PressKlub.az-a açıqlamasında bildirib ki, artıq ölkədə internetin sürətinin zəif olması, eləcə də başqa problemlər uzun müddətdir, var:
“Təəssüf ki, Azərbaycanda, qonşu ölkələrdən fərqli olaraq, keyfiyyətli internetə əlçatanlıqda infrastruktur məsələsi öz həllini tapmayıb. Halbuki qonşu ölkələrdə keyfiyyətli internetə əlçatımlılıq məsələsi vaxtında həll edilmişdi. Xatırlayıram ki, Azərbaycanda 2014-cü ildə hazırlanan “Hər evə optika” dövlət proqramı keyfiyyətli internetin əldə olunması ilə bağlı idi və onun icrası üçün yarım milyard manat vəsait də ayrılacaqdı. Ancaq dövlət bu proqrama nəzərdə tutulan vəsaiti ayırmaqdan son anda imtina etdi. Düzdür, həmin pulun ayrılmamasının obyektiv səbəbləri var idi. Proqramda şəffaflıqla bağlı ciddi problemlər, korrupsiya, vəsait itkiləri görünürdü. Bundan sonra isə internet probleminin həlli istiqamətində yalnız epizodik addımlar atıldı. Buna görə də Azərbaycanda kompleks şəklində keyfiyyətli internet məsələsi öz həllini tapmadı”.
O.Gündüz iddia edib ki, hazırda internet satışı ilə məşğul olan şirkətlərin çoxu insanları aldadır:
“Düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Həmçinin hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırmalı, müəyyən standartlar tətbiq edilməli və onları pozan provayderlərə qarşı sərt tədbirlər görməlidir. Vətəndaşlar isə istifadə etdiyi interneti monitorinq etməyi bacarmalı, sürətini ölçməyi öyrənməlidir. Müqavilədə nəzərdə tutulan sürət ona verilmirsə, ilk olaraq interneti aldığı şirkətə, daha sonra dövlət qurumuna müraciət etməlidirlər. Xaricdə bu cür hallarda məhkəməyə müraciət edənlərin sayı çox olur. Bizdə isə bunu edən yoxdur. Yaxşı olar ki, biz də bu cür yanaşaq. Yalnız bu halda problemlər azala və ya birdəfəlik həllini tapa bilər”.
Maraqlıdır, mövcud problemlərin həlli üçün hansı addımlar atıla bilər? Problemin çıxış yolu nədədir?
Sualımızı cavablayan ekspert bildirib ki, rəhbərlik etdiyi Azərbaycan İnternet Forumu bir neçə il əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red.) və “ASAN xidmət”ə “ASAN.net” informasiya xidmətinin yaradılması ilə bağlı müraciət edib:
“Bu təklifin mahiyyəti ondan ibarət idi ki , qurulacaq bir informasiya sistemi vasitəsilə vətəndaşlar istədiyi provayderi seçə bilsin, aldığı rəqəmsal xidmətlərdə də (internet, telefon və s.) onlayn mühitdə dəyişiklik edə bilsin. Yəni, biz internet xidmətlərini əldə etmək üçün mərkəzləşdirilmiş portalın hazırlanmasını təklif etmişdik. Nazirlik o zaman bununla bağlı “İdarəetmə Sistemi vasitəsilə genişzolaqlı internet xidmətinin təşkili və daşınması Qaydası”nı da hazırlamışdı və layihəni də bizə göndərmişdilər. Amma sonradan bu işlər unuduldu. Fikrimcə, indi də bunun üçün gec deyil, nazirlik və “ASAN xidmət” tez bir zamanda belə bir sistemin hazırlanması üçün müvafiq addımlar ata bilərlər”.
***
Görəsən, internetin sürətinin zəif olması, eləcə də tez-tez qırılmaların baş verməsi ilə bağlı vətəndaşlar arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edənlər varmı? Nazirlik mövcud vəziyyəti necə qiymətləndirir?
Bu barədə PressKlub.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, son günlər vətəndaşlardan nazirliyin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) aidiyyəti struktur bölmələrinə internet sürətinin aşağı olması ilə bağlı kütləvi müraciət daxil olmayıb.
Məlumatda qeyd edilib ki, bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, qarşılığında aylıq ödəniş haqqını endirib:
“Bu zaman mövcud istifadəçilərin internet tarifləri olduğu kimi saxlanılıb. Bu məqsədlə vətəndaşların məlumatlandırılması üçün tərəfimizdən mütəmadi “telesatış” zəngləri təşkil edilir. İstifadəçilərə virtual dərslərə qoşulma, onlayn oyunlar, böyük həcmli yükləmələr zamanı çətinliklərin yaranmaması üçün internet sürətini sərfəli şərtlərlə artırmaları tövsiyə edilir.
Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan da yenilənmiş tariflərə qoşula bilirlər. “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər”.
Bildirilib ki, internet xidmətində çətinlikləri olan istifadəçilərin məlumatları təqdim olunarsa, müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.
“Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 7/24 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə ünvanlaya bilərlər”.
***
Hazırda internetə qoşulma üsullarını şirkətlər bir neçə üsulla həyata keçirir. Bunlardan ən geniş yayılanı isə telefon xətti ilə internetə (ADSL) qoşulmadır. Onların qiymətləri isə müxtəlifdir və sürət aralıqlarına görə dəyişir:
ADSL-dən sonra ən çox müraciət edilən isə ayrılmış xətt internet xidmətidir (Fiber-optik). Fiber-optik, məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli rabitə vasitəsidir. Bir və ya bir neçə şəbəkə avadanlıqlarının və ya istifadəçilərin internetə qoşulması ayrılmış kabel və ya simsiz kanal vasitəsi ilə həyata keçirilir.
Fiber-optik internet xidmətinin qiymətləri də sürət aralıqlarına görə dəyişir:
***
İnternet probleminin qısa müddətdə həll oluna biləcəyinə ümid çox azdır. Ancaq sizə verilən internetin sürətinin müqavilədə qeyd edildiyi kimi olub-olmamasını aşkarlaya bilər və haqqınızı tələb edə bilərsiniz.