İsmayıl Əhməd: “Bu islamı, həqiqi müsəlmanları gözdən salmaqdan başqa bir şey deyil”
“Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əks olunur ki, Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Yəni, artıq Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcəklər.Təklif olunan bu dəyişikliyin hələ qanuni qüvvəyə minməməsinə baxmayaq, artıq bəzi mollalar, bəzi özünü seyid adlandıranlar hərəkətə keçiblər. Azərbaycanda mollalar plastik kart və elekrton ödəmə sistemləri vasitəsilə nəzir yığmağa başlayıblar. Bu barədə sosial şəbəkələrdə həmin molların əhaliyə nəzir-niyazla bağlı müraciətinin əks olunduğu videolar da yayılıb.
Yayılan videoların birində özünü “seyid” kimi təqdim edən şəxs nəzir vermək istəyənlərə hesab kartını nümayiş etdirir: “Bu, mənim hesab kartımdır. Kim seyidə hörmət edir, nəzir verir, bu hesaba göndərə bilər. Mənim də borcum dua etməkdir: Allahım, qiymətlər düşsün. Nahaq qan tökülməsin”.
- “…İnsanlara bu şəkildə müraciət etməsi, kartlarını göstərməsi həyasızlıqdan və dini istismar etməkdən…”
İlahiyyatçı İsmayıl Əhməd bizimlə söhbətində bildirdi ki, əvvəla, islam dinində nəzir anlayışının və bu nəziri toplayan “seyidlər” adlı xüsusi bir dəstəsinin olub olmadığına baxmaq lazımdır. “Əgər nəzir varsa o necə toplanıb? Yəni peyğəmbərin zamanında ənənəvi olaraq bu işlər necə olub? Ümimiyyətlə, islam tarixində bu gün bizim məscidlərin qarşısında nəzir qutularının qoyulduğu kimi biabırçılıqlar olmayıb. Yəni heç yerdə ağzı qıfıllı nəzir qutuları və onların da kimlərinsə nəzarətində olması halları başqa yerlərdə olmayıb. Məsələn, Osmanlı dövründə məscidlərin içində hardasa hündürlüyü bir metr yarım olan bir sütun olurdu və bu indiki kiçik fəvvarələri xatırladır, amma içində su olmazdı və məscidə gələnlər onun içinə pul atardı. Şəhərlərin ehtiyacı olan təbəqələri isə insanlardan utanmamaq üçün oradan gecələr ehtiyacları olduğu qədər pul götürərdilər. Da pulun hamısını silib süpürüb aparmazdılar. Bunu insanlar könüllü şəkildə sədəqə formasında məscidlərdə tikilən o sütunların içinə qoyardılar. Amma yenə də deyirəm bizim məscidlərdə müşahidə olunan bu biabırçılıqlar islam tarixində heç vaxt müşahidə olunmayıb və yoxdur da. Təbii ki, Azərbaycanda bəzi məscidlər istisna olmaqla. Yəni bunu bütün məscidlərə şamil etmək olmaz, çünki bəzilərində nəzir qutuları yoxdur, amma əksəriyyətində var. Bu formada nəzir islam tarixində, islam ənənəsində yoxdur və olmayıb. Bunu təşkil etməyin özü utanverici bir haldır”.
İ.Əhmədin sözlərinə görə, ikinci məsələ seyidlər məsələsidir ki, bu təbəqə də peyğəmbərdən sonra formalaşıb. Peyğəmbərin vəfatından sonra belə bir təbəqənin formalaşması bəzi insanların dini istismar etməsi ilə başlayır: “Yəni peyğəmbərin nə belə göstərişi var ki, mənim övladlarıma seyid deyin, onlara xüsusi sədaqələr verib. Quran ənənəsinə, Quran qaydalarına əsasən sədəqələr yolda pulu qurtarıb qalanlara, yoxsullara, miskinlərə, yetimlərə, sonrakı dövrlərdə ehtiyacı olan tələbələrə, dul qalmış qadınlara, bir sözlə, ehtiyacı olan şəxslərə sədəqə formasında ianələr olunurdu. Amma bugünkü kimi həmin o “seyid” adlandırılan şəxslərin insanlara bu şəkildə müraciət etməsi, kartlarını göstərməsi həyasızlıqdan və dini istismar etməkdən başqa bir şey deyil. Çox təəssüf ki, bir çox nöqsanları aradan qaldırmalı olan Qafqaz Müsəlmanları İdarəsi buna qarşı bir tədbir görmür. İnanmıram ki, görəcək də. Çünki indiyə qədər heç bir ciddi tədbir görməyib. Bundan sonra da nə isə edəcəyinə heç ümid də etmirəm. Amma yenə inanıram ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu haqda bir ciddi tədbir görəcək. Çünki bu islamı, həqiqi müsəlmanları gözdən salmaqdan başqa bir şey deyil. Bunun qarşısı çox sərt şəkildə alınmalıdır. Mən bu fikirdəyəm” - deyə İ.Əhməd qeyd etdi.
İradə SARIYEVA
Tarix: 1-02-2022, 09:26