"Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil" - NARAZILIQ!
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin dünənki iclasında çoxmənzilli binaların saxlanması və xidmət tariflərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur:
“Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməli və xidmətin keyfiyyəti yoxlanılmalıdır”.
M.Quliyev həmçinin mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini təklif edib. DİA.AZ-ın məlumatına görə, deputatın təklifini "Sherg.az"a dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, sakinlər daxili idarəetmə ilə bağlı təşəbbüs göstərməlidirlər:
“Sakinlərdən vəsaitlərin yığılmasını həyata keçirən “JEK”lər qanunvericiliklə ləğv olunub. Lakin bu qurumlar yenisi ilə tam əvəzlənmədiyi üçün fəaliyyət göstərməyə davam edirlər.
Tariflər insanlar arasında narazılıq doğurursa, sakinlər bina idarəetməsini öz üzərlərinə götürə bilərlər. Sakinlər tariflərin müəyyələşdirilməsində, vəsaitin toplanıb şəffaf şəkildə xərclənməsində mühüm rola malikdirlər.
Bakıda 100-dən çox binanın sakinləri idarəetmə komitəsi yaradıb. Onlar iclaslar keçirərək qərarları özləri verirlər. Blokların təmir olunmasına, liftlərin yenilənməsinə, pulun ayrılmasına sakinlər nəzarət edir.
Qeyd edim ki, dövlətin tarif müəyyən etmə səlahiyyəti yoxdur. Bu tip tariflər Tarif Şurası tərəfindən tənzimlənmir”.