Ev dəllalları: onlar müştəriləri necə aldadır? - VİDEO
Son zamanlar dəbə düşən bu hala tez-tez şahid oluruq. İnsanlar özlərinə lazım olan mənzili istər almaq, istər icarəyə götürmək üçün elan saytlarına daxil olurlar ki, bu da onlara baha başa gəlir. Belə ki, elanda tapdığı evi görmək üçün maklerlərə əlavə pul ödəyir, lakin gedib gördükdə isə məlum olur ki, şəkillərdə gördüyü ev bu deyil. Bununla da müştəri həm istədiyi obyektə sahib ola bilmir, həm də maklerə ödədiyi pulu boşuna xərcləmiş olur.
Kirayə mənzil axtaran şəxs elan saytından mənzilin və ya hansısa iaşə obyektinin şəklillərini görərək zövqünə uyğun olanını seçdikdən sonra, orada qeyd olunan vasitəçi ilə əlaqə saxlayıb evi görmək istədiyini bildirir. El arasıda "makler" adlandırdığımız bu şəxslər, evi müştəriyə göstərmək qarşılığında ondan pul tələb edirlər.
Maklerin tələb etdiyi məbləğ isə obyektin yerləşdiyi məsafədən asılı olaraq 20-50 manat civarında olur. Bununla razılaşan müştəri isə həmin obyekti görəndə məlum olur ki, elanda yerləşdirilən mənzilin və ya obyektin şəkilləri, həqiqəti əks etdirmir. Yəni, elan saytında yerləşdirilən şəkillər həmin mənzilə və ya obyektə aid deyilmiş. Bununla da müştəri həm istədiyi obyektə sahib ola bilmir, həm də maklerə ödədiyi pulu boşuna xərcləmiş olur.
Məsələni dəqiqləşdirmək üçün, biz də bir neçə elanla tanış olduq. Lakin heç zəng edib dəqiqləşdirməyə belə ehtiyac qalmadı. Elanın mətnində icarəyə verilən mənzilin ünvanının göstərilməsi üçün, açıq aşkar 30-50 azn aralığında pul tələb olunurdu.
Bəs elan saytlarında daşınmaz əmlak axtarışında olan şəxslər, belə vəziyyətə düşməmək üçün nə etməlidir? Rieltor Mülkədar Rüstəmov qeyd etdi ki, müştərilər istər kirayə, istərsə də almaq üçün mənzil və ya obyekt axtardıqda, mütləq ərazidə qanuni fəaliyyət göstərən alqı-satqı və icarə ofislərinə yaxınlaşmalıdır. Bundan əlavə bu işi görən vasitəçidən ödədiyi hansısa məbləğin qarşılığında mütləq müqavilə tələb etməlidir ki, bu da müştərinin haqqıdır.