Ərəblər Azərbaycandan imtina etdi - İLGİNC SƏBƏB

Ərəblər Azərbaycandan imtina etdi
Azərbaycana gələn turist sayında artım qeydə alınıb.

Belə ki, ötən ay ölkəmizə 224 min 826 nəfər turist gəlib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. 2023-cü ilin əvvəllindən bəri isə Azərbaycana gələnlərin sayı 1 milyon 144 min 122 nəfər olub. Bu da öz növbəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.

Ölkəmizə ən çox səfərlər Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Gürcüstandan gəlib. Lakin diqqətçəkən məqam odur ki, ölkəmizə gələn ərəb turistlərin sayında ötən ilin eyni dövrü müqayisədə təxminən 12% azalma qeydə alınıb.

Maraqlıdır, Azərbaycan ərəb turistlərini niyə itirdi?

DİA.AZ-ın məlumatına görə, turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində ölkəmizə gələn turistlərin sayının artması normaldır:

“Çünki pandemiyadan çıxandan sonra insanlar onsuz da dünya üzrə bir sıra ölkələrə səfərlər etməyi planlaşdırmışdılar. Bu, sadəcə olaraq pandemiyaya görə müvəqqəti təxirə salınmışdı. Azərbaycana gələn ərəb turistlərin sayının azalmasında isə bir sıra məqamlar var. Onlardan birincisi təyyarə biletlərinin qiymətinin baha olmasıdır. İkincisi isə onların daha əyləncəli ölkələrə üz tutmaq istəməyidir.

Yəni həm bizim mentalitetimiz onlara uyğun gəlmir, həm də ölkəmizdə kazino və digər turist cəlb edən məkanların olmaması buna təsir göstərir. Onlar da götür-qoy edərək Türkiyə və Gürcüstan kimi ölkələrə səfər etməyi üstün tuturlar. Üstəlik, həmin ölkələr onlara həm qiymət, həm də əyləncə baxımından daha çox sərf edir”.

Ekspert vurğulayıb ki, ölkəmizə gələn ərəb turistlərin sayında azalmanın ən başlıca səbəblərindən biri Azərbaycanda qiymət siyasətinin düzgün təyin olunmamasıdır:

“Məsələn, ikili menyuların təyin olunması, turistlərin bəzən aldadılması, onların düzgün proqramla təmin olunmaması, eləcə də bir oteli göstərib başqa otelin verilməsi kimi məqamlar turistlərin ölkəyə gəlməsinin qarşısını alır. Xüsusən də bunlar Qəbələ və Quba kimi turistlərin ən çox getdiyi istiqamətlərdə tətbiq olunur. Əlbəttə ki, turistlər də bunu hiss edir və növbəti etaplarda öz yaxınlarına Azərbaycana deyil, digər ölkələrə getməyi məsləhət görürlər”.

Ekspert xatırladıb ki, Rusiya-Ukrayna müharibəsindən öncə turistlər birbaşa olaraq Ukraynaya üz tutmuşdular:

“Biz bunun dəfələrlə şahidi olmuşuq. Hətta Azərbaycandakı bəzi şirkət rəhbərləri Ukraynada filial açmaq istəyirdilər. Necə ki, bu gün bəzi turizm şirkətlərinin artıq Gürcüstanda filialları var. Onlar hətta qonaqları xaricdən Gürcüstana gətirir, oradan isə Azərbaycana göndərirlər. Halbuki, hazırda quru sərhədlər bağlı olduğuna görə o da təyyarə ilə baş tutur”.
Tarix: 9-08-2023, 13:19
Xəbəri paylaş





Xəbər lenti