Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsinin müəyyən olunmasında, yüksək nəticə göstərmiş layiqli pedaqoqların maaşlarını artırmaqla motivasiyaedici funksiya daşımasında, eləcə də pedaqoji göstəricisi minimal şərtlərdən də aşağı olanların aşkarlanmasında rolu çox böyükdür.
Lakin bu prosesin təşkili zamanı cəmiyyətdə xeyli sayda təhsilverənlər arasında narazılıqla qarşılanan bir neçə detalı aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Sualların əsasən hər hansı fənnə aid bilgilərə yönəlik olması–Təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsabiqə iştirakçılarına hər biri 1 balla qiymətləndirilən 60 sual ünvanlanır ki, onların böyük əksəriyyəti–50 sual-uyğun fənn proqramına aid olur. Yalnız 10 sual təlim strategiyaları, tədris metodikası, psixoloji bacarıqları özündə ehtiva etməkdədir. Nəzərə alaq ki, təhsilverənin peşə yararlığını müəyyən etməkdən ötrü onun metodiki və psixoloji bacarıqları da önəmli rol oynayır. Test imtahanı mərhələsində suallararası balanssızlıq bu göstəricilər arasında məntiqi əlaqəni pozur. Sualların verilmə texnologiyaları əsasən uyğun fənn proqramlarına aid əzbərçiliyə yönələn faktoloji bilgilər tələb etməkdədir;
2.Müsahibə mərhələsi ilə bağlı narazılıq– Təhsilverənlərin sertifikatlaşdırılması iki əsas mərhələdən (test və müsahibə) ibarətdir. 20 dəqiqə davam edən müsahibə mərhələsində təhsilverənlər 4 ballıq şkala ilə 40 balla qiymətləndirilir. Müsahibə mərhələsində qiymətləndirmə bu meyarlar əsasında aparılır:1)Proqram üzrə mövzunu təqdimetmə bacarığı;2)Təhsilalanları qiymətləndirmə bacarığı; 3)Özünü təqdimetmə bacarığı; 4)Pedaqoji prosesi təşkiletmə bacarığı; 5)Ünsiyyət bacarığı.
Lakin müsahibə mərhələsi bu qədər vacib meyarları özündə əks etdirməsinə baxmayaraq, prosesin təşkil olunduğu ilk iki ildə test imtahanı mərhələsinin bir növ kölgəsində qalmış, müəyyən mənada az qala, formal xarakter daşımışdır. Maksimum 40 balla dəyərləndirilməli olan müsahibə mərhələsinin nəticələrinin əmək haqqının artımına aid edilməməsi onun funksionallığını azaltmışdır. Bu da öz növbəsində təhsilalanlar arasında müəyyən narazılıq və inamsızlığa yol açmışdır. Çünki birbaşa psixoloji və metodiki bacarıqları tələb edən müsahibə mərhələsi təhsilverənin peşəkarlıq səriştəsini test mərhələsindən də dəqiq çatdırmaq gücündə olsa da, hazırkı durumda müəllim üçün faydalılıq göstəricisinə malik deyil. Ötən il müsahibəyə qatılan minlərlə müəllimdən yalnız 33 nəfərinin qeyri-məqbul qiymətləndirilməsi də buna bariz nümunədir;
3.Sertifikatlaşdırma prosesində ən ciddi narazılıq yaradan məsələlərdən biri: test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin maaşında 35 faiz, 50 baldan aşağı və 30 baldan yuxarı bal toplayanların isə əmək haqqısında 10 faiz əlavənin olunması.Bu, müəllimlər arasında ciddi narazılıq yaratmışdır.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən sonra diferensial əmək haqqının tətbiqi zamanı maaşa əlavənin müəyyən qaydalar çərçivəsində verilməsi minlərlə təhsilverənin mənafeyi naminə atılacaq çox müsbət addım ola bilər. Əks halda, yalnız 1 bal toplamadığı üçün həmkarından 25 faiz az maaş alacaq yüzlərlə müəllimin narazılığı davam edəcəkdir. Xatırladaq ki, cari qaydalara əsasən təhsilverənlərin sertifikatlaşdırılması prosesində 50 bal toplayan müəllimin əməkhaqqısı 10, 51 bal toplayan müəllimin isə 35 faiz artırılır. Bu da təhsilverənlər arasında çox ciddi narazılıqla qarşılanmaqdadır.
4. Test imtahan mərhələsinin məzmunu təhsilverənin tədris prosesi ilə uyğunluq təşkil etmir. Birbaşa kurikulum yanaşmalarına söykənən bu məzmun müəllimin tədris prosesində istifadə obyekti olmur, təhsilverən kurikulum yanaşmalarına deyil, klassik metodlar əsasında dərsi təşkil etməyə maraq göstərir. Təhsilverənlərin böyük əksəriyyətinin kurikulum yanaşmaları, pedaqoji prosesi həyati tətbiq bacarıqları, innovativ meyillər üzərində qurmamaları onları test imtahanı mərhələsinin məzmunundan uzaqlaşdırır və bu da nəticələrə çox ciddi təsir etmiş olur.
Qeyd edək ki, test imtahan mərhələsinin məzmunu əsasən aşağıdakı meyarlardan ibarətdir:
Təlim strategiyaları: müasir təlim metodları və üsulları, fəal interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri.
Təlim metodikası: Fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri.
Təbii ki, bu məzmun çağdaş təhsilin inkişaf meyarlarına tam xidmət edir. Lakin ilboyu bu məzmunun tələblərindən kənarda qalmış təhsilverən üçün müəyyən çətinliklər də yaratmış olur. Sertifikatlaşdırma prosesinə hazırlıq zamanı bu məsələlərə xüsusi diqqətin yetirilməməsi, lazımı təlim və seminarların keçirilməməsi müəllimlərin daha yaxşı nəticə göstərmələrinə mane olmuşdur.
5. Yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakının könüllü edilməsi Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən yaşa görə ayrı-seçkiliyə yol verilmir.
Həmçinin, bu yanaşma, adıçəkilən yaş qrupuna aid müəllimlərin şüuraltı olaraq peşə yararlığını, onların bilik və bacarıqlarını aşağılayan bir tendensiya rolunu oynamaqdadır. Bu və digər səbəblərdən yaşı 60-dan yuxarı olan müəllimlərin, həm də minlərlə həmkarlarının ciddi narazılığına səbəb olmuşdur.
Elmin NuriSosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı
Tarix: 11-08-2023, 10:35