Karqo şirkətlərinin FIRILDAĞI – Məhsulu ayrı-ayrı bağlamalara bükürlər ki...

Karqo şirkətlərinin FIRILDAĞI
Son vaxtlar sosial şəbəkələrdə karqo şirkətləri barədə yetəri qədər şikayət var. Onlayn şəkildə məhsul sifariş verən müştəri günlərlə gözlədiyi bağlamanı aldıqda ya məhsulun bağlamasında əzilmə, ya bəzi məhsulların gəlməməsi kimi problemlərlə qarşılaşırlar.

Bəzi karqo şirkətləri isə məhsulu bir neçə bağlamaya bükür və bununla daha artıq çəkiyə görə, yüksək ödəniş tələb edirlər.

Bəs, bu cür fəaliyyət göstərən karqo şirkətlərindəki problemə səbəb və əlac nədir?

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda karqo şirkətləri ilə bağlı problemin yaranacağı bəlli idi:

“Çünki bu sahədə müəyyən rəqabətli mühit yaransa da, sonradan yeni şirkətlər bazara daxil oldu. Hazırda yaşanan problemlərin əksəriyyəti bundan irəli gəlir”.

Ekspertin sözlərinə görə bir müddət sonra karqo qiymətlərində də artım müşahidə oluna bilər:

“Tədricən kiçik şirkətlər təəssüf ki, sıradan çıxacaq. Bu da öz növbəsində qiymətlərin dəyişməsinə səbəb olacaq. Ona görə də əsas problem rəqabətli mühitin zəifləməsidir. Nəticə isə həm qiymətlə, həm də keyfiyyətlə bağlı problemlər gətirib çıxarır”.

İqtisadç-ekspert Xalid Kərimlinin sözlərinə görə, hüquqlarının pozulduğunu düşünən istehlakçılar İqtisadiyyat Nazirliyinə müraciət edə bilər:

“Onlayn sifarişlərdə gecikmə, müqavilə şərtlərinin pozulması və s problemlər zamanı müvafiq quruma şikayətini bildirə bilər. İlk olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edilməlidir. Əgər burda da inzibati orqan müəyyən mərhələyə qədər gəlibsə və problem qalıbsa, o halda mübahisəli vəziyyət yaranır. İstehlakçı bu zaman məhkəməyə müraciət edə bilər”.
Tarix: 12-08-2023, 11:14
Xəbəri paylaş





Xəbər lenti