Təbiətin YENİ BƏLASI: “Karyer Ülviyyə”... - NAZİRİN NƏZƏRİNƏ...
Ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb...? Ulu Öndərin illər öncə təbiətimizlə, meşələrimizlə, ümumiyyətlə, ağacların qırılması, təbiətə münasibətlə bağlı dediyi “Bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib” kimi ən sərt fikirlərə baxmayaraq bu gün də təbiətimizə qarşı qəddar və amansız münasibət davam edir. Ulu Öndər təkcə ağacdan, koldan bəhs etmirdi ee...
Ümumiyyətlə, TƏBİƏTƏ münasibətdən bəhs edirdi. TƏBİƏT təkcə ağaclar deyil, meşələrdir, göllərdir, dənizdir, dağlardır, çaylardır, torpaqdır, havadır, sudur və s. Dənizi hasarlayıb özü istədiyi kimi istifadə edir, dənizə tullantı axıdır, dənizin qumunu aparıb maşın-maşın satır... Yaxud dağların üstündə daş karxanası qurub min illik dağları doğrayıb mişar daşı eləyir və satıb pul qazanır... Yaxud meşələrdəki min illik ağacları doğrayıb mebel sexlərinə satır... Yaxud çayların yatağındakı qumu, çınqılı, xırda daşları maşınlara yükləyib Bakıya gətirib satırlar...
Sözün qısası, təbiətə bu amansız münasibətə görə, bir gün təbiət bunun qisasını bizdən alacaq. Ona görə də, Ulu Öndər o dərəcədə sərt və kəskin formada deyirdi... Bəli, bu gün min illik çayların məcrasını-yatağını dəyişib qum-çınqıl karxanası işlədənlər var. Kimlərsə milyonlar qazanır, amma itirən Azərbaycan təbiəti olur.
Neçə illərdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, guya, bu problemlərlə bağlı mübarizə aparır. Amma hamısı görüntü xatirinədir. Uzun illər Ekologiya naziri olan tarix müəllimi Hüseynqulu Bağırov təbiətimizin hesabına milyonlara sahib oldu, özünün, bacısının və oğlunun hotelləri, universiteti, beton zavodları və daha nələri...
Ondan sonra Ekologiya naziri olan Muxtar Babyev də eyni yolla gedir və öz sərvətini artırmaqla məşğuldur. Arada özlərini elə göstərirlər ki, guya, bu qanunsuz daş, qum, çınqıl karxanalarına qarşı mübarizə aparırlar. Amma... Əmması odur ki, bir müddət əvvəl mediada oxuduq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqini həyata keçirib.
İmişli rayonunda yerləşən qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə dəyişmişdir. Hətta karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından kənarda isə süni göllər yaranmışdır.
Bir sözlə, ərazilərdə ekoloji tarazlıq kəskin pozulub. Nəticə nə oldu..? Heç nə, karxana sahibləri cərimələndi... Görəsən, Ekologiya Nazirliyi İmişlidə karxanalarda monitorinq keçirəndə niyə
“Karyer Ülviyyə” kimi tanınan xanım iş adamının təbiətimizə vurduğu ziyanı görmədi..? Bəli, Ülviyyə neçə illərdir ki, Ekologiya Nazirliyindəki şərikləri ilə əlbir olub İmişlidəki qum-çınqıl yataqlarını müxtəlif ünvanlara 1 tonu 5 manata satır. Təsəvvür edirsiniz, 1 tonu 5 manata...
Və bununla da torpağın ən məhsuldar qatını məhv edir. Bilməyənlər üçün qeyd edək ki, torpağın məhsuldarlığından, istər meşə, istərsə də meyvə bağlarından danışanda, "humus" qatını bilmək vacib şərtlərdəndir. Bir çoxları "humus" qatı haqqında məlumatsızdır. "Humus" torpağın ən münbit qatıdır. Əkinçilikdə bu olduqca böyük əhəmiyyət daşıyır. Bir sözlə, "humus" qatı zəngin olan torpağın məhsuldarlığı da yüksək olur. Və "HUMUS" qatı az qala 100 ilə yaranır. Ülviyyə kimiləri isə 100 ilə yaranan bu torpaq qatının 1 tonunu 5 manata sataraq təbiətimizə öldürücü zərbə vururlar.
Bəs görəsən, ekologiya naziri Muxtar Babayevin başı hara və nəyə qarışıb..?
Muxtar Babayevə deyən lazımdır ki, qohumların, qaynın Nabran meşələrini zəbt ediblər... Söhbət təkcə Nabrandan getmir, Balakən, İsmayıllı meşələri də məhv edilir...
Bəli, cənab nazir Sumqayıtda sənaye müəssisələrində etdiyi əməlləri indi də Ekologiya nazirliyində davam etdirir. Yeri gəlmişkən, Muxtar Babayev nazirlikdəki təcrübəli kadrları işdən çıxarıb Sumqayıtdan gətirdiyi dostları ilə əvəzlədi və bu gün nazirlikdə peşəkar ekoloq demək olar ki, yoxdur. Ona görə də, ixtisaslı kadrların olmadığı bir təşkilatda yüksək nəticə əldə etmək qeyri - mümkündür.
Biz demirik, kimsə hansısa bəstəkarın övladıdırsa, hökmən bəstəkar olmalıdır. Kimsə hansısa fəhlənin övladıdırsa, hökmən fəhlə olmalıdır. Biz istəyirik ki, xalqımızın övladları gələcəkdə bir ağac taparaq kölgəsində sərinlənsinlər. Amma Muxtar Babayev belə başlayıbsa, nəinki ağac, heç gələcəkdə diş qurtdalamağa çöp də tapmayacağıq.
Məşhur bəstəkarlarımızdan olan İzolda Babayeva Şamo Arifin sözlərinə belə bir nəqarət yazmışdı:
Susuban durma, boynunu burma,
Bu yanan cana min yara vurma,
Bu odlu baxış, de, kimə baxmış,
Aman, o gözlər, de, kimi gözlər.
Sözün qısası, təbiətimiz məşhur mahnının sözlərində olduğu kimi, Muxtar Babayev, səni gözləyir. Səni gözləmir ki, adamlarını göndərəsən ağacları qıraraq yerində hansısa bir istirahət mərkəzi tikələr. Səni ona görə gözləyirlər ki, Qaxda, Balakəndə, Şəkidə əsrlərlə yaşı olan ağaclarımıza düşən xəstəliklərin müalicə metodunu tapasan.
Bəli, biz ürəyimizdə olanları qələmə aldıq, yerdə qalanlar isə sizin düşüncə tərzinizdən asılıdır. Gələcək bizim adımızla bağlıdır. Gəlin adımızı qoruyaq. Adımız - tariximizdir. //gundelik-baku.com//
https://www.dia.az/8/386284-tebietin-yen-belas-karyer-ulviyye.html
Tarix: 18-08-2023, 11:09