120 milyon dollarlıq binası olan "Azərsu"nun ölkəsinin gələcəyi: susuzluq, quraqlıq...

120 milyon dollarlıq binası olan "Azərsu"nun ölkəsinin gələcəyi: susuzluq, quraqlıq..."Azərsu" ASC

Azərbaycanın böyük su sıxıntısı yaşadığını indi hər hansı hesabata baxmadan da bilmək olur. Sıravi vətəndaşları dindirəndə problemin necə ciddi xarakter aldığını anlamaq çətin deyil. Susuzluq bölgələrdə yaşayış şərtlərini xeyli ağırlaşdırıb. İnsanlar çirkli su içmək məcburiyyətində qalıb. Problem o qədər ciddidir ki, dədə-baba yurdunu birdəfəlik tərk edib getməli olurlar. Eybəcər urbanizasiya mənzərəsi yaranır.

Siam.az Bizimyol.info -ya istinadən xəbər verir ki, Kür hövzəsində yaşamaq getdikcə mənasız məşğuliyyətə çevrilir. Təsərrüfatı idarə etmək üçün su yoxdur. Çünki ayrı-ayrı oliqarxların yaratdığı aqroparklar ədalətsiz su bölgüsü şəraiti yaradıb. İçməli sudan heç danışmağa dəyməz. Əhali çarəsiz vəziyyətə qalıb. Ayrı-ayrı yerlərdə insanlar gölməçə suyu içir.
Məsələn, Qobustan rayonunun bir çox kəndlərində belədir. Rəsmi statistika deyir k, Azərbaycanda ev təsərrüfatının 11 faizində su kəməri yoxdur. Kəndlərdə göstəricinin 22 faiz olduğu bildirilir. Halbuki, vəziyyətin daha pis olduğu aşkar görünür. Hətta paytaxt sakinlərinin yarıdan çoxu daimi içməli su ilə təmin olunmur. Mikrorayonlarda insanlar fasilələrlə su əldə etməyə çalışır. Üstəlik, suyun keyfiyyətinin pisliyinə, təzyiqin aşağı olmasına alışıblar.
“Azərsu” etiraf edir ki, bir çox yerlərlə mərkəzləşmiş şəbəkə yoxdur. Tələbat təbii qaydada ödənilir. Amma əhalinin suya çatımlılığının artdığını bildirirlər. Açıq görünür ki, ölkədəki durumdan xəbərdar deyillər, ya da cəmiyyəti aldadırlar. Elə bölgələr var ki, son illərə qədər daxili şirin su ehtiyatları hesabına problem görməyib, indi isə ciddi sıxıntı yaşanılır.
“Azərsu” qaş düzəltmək əvəzinə vurub gözü də çıxardıb. “Azərsu” 2022-ci ili 180 milyon 514 min manat zərərlə bitirdiyini bildirir. Son 10 ildəki zərər 8 milyard manata çatır. Qurum illərlə dotasiya ilə işləyib. Axırıncı dəfə qiymətlər qaldırılanda addımın dövlət büdcəsindən asılılığa son qoymaq üçün atıldığı bildirildi. Əksinə, işlər bir az da korlanıb.
“Azərsu”nun xarici borclarını büdcə ört-basdır etməli olur. Qiymətlərin artması hər il vətəndaşların 80 milyon manat əlavə pul ödəməsi deməkdir. İçməli su iki dəfə bahalaşdırılıb. Bütün bunlara baxmayaraq, “Azərsu” yenə zərərlə işləyir. “Azərsu”ya 120 milyon dollarlıq yeni bina tikmək əvəzinə ölkənin gələcəyini düşünmək lazımdır. Çox böyük su problemi üz-üzə qalacağıq. Bizi böyük susuzluq, quraqlıq gözləyir. Beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycan ciddi quraqlıqla üzləşəcək ölkələr arasında ilk 20-likdə qərarlaşıb. Ölkədə sözün birbaşa mənasında su olmayacaq. Qarşıdakı 20 il ərzində Azərbaycanda su stresi indeksi dəfələrlə artacaq. Təcili ortaya peşəkar iş qoyulmalıdır. Suyun inventarlaşması aparılmalıdır. Yəni bilinməlidir ki, əhalinin hansı təbəqələri nə qədər sıxıntı çəkir, hansı həcmə ehtiyac var. Mütləq ədalətli su bölgüsü olmalıdır. Bütün su təsərrüfatları mərkəzləşmiş şəbəkə ilə idarə olunmalıdır. Təkrar-təkrar yazmağa ehtiyac var: Azərbaycanı su fəlakəti gözləyir. Bunun qarşısı elə indi, elə bu gün alınmağa başlanılmalıdır. Sonra çox gec olacaq.
Tarix: 22-08-2023, 15:18
Xəbəri paylaş





Xəbər lenti