SAHIL BABAYEVLƏ VÜQAR BEHBUDOV «MƏZUN EVI»NDƏ YAŞAYAN ƏLILLƏRIN LIFTINI TƏMIR ETDIRMƏYƏ PUL TAPMIRLAR- VIDEO
“Məzun Evi” sakinləri fövqəladə vəziyyətdə yaşayırlar Ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında dövlət büdcəsindən vəsait ayrılmaqla, dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olundu. Sonrakı mərhələlərdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binası tikildi. Sözügedən aşayış binaları Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün «Məzun evi» Sosial Müəssisəsi kimi fəaliyyət göstərir və Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1 ünvanda yerləşir. 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarla müəssisənin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla «Məzun evi»nə yerləşdirilirlər. Bununla əlaqədar onların hər biri ilə Dövlət Sosial Təminat Xidməti arasında müddət göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır. «Məzun evi»ndə hər bir məzuna bir mənzil təqdim olunur. Onların kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Binada məskunlaşan və dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərclərinin isə onların təhsil aldığı müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur. Məzunlar onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqlarına malik deyillər. Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilmiş, normal yaşayış üçün müasir şərait yaradılmışdı. Amma indi… Məzunun mənzildən istifadə hüququnu itirməsi “gözlə qaş arasındadır”. Belə ki, mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə, məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda, mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə, mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə, müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda müqaviləyə xitam verilir. Misal üçün, sakin binanın liftini səhlən karlıq səbəbndən xarab edərsə, mənzildən qovula bilər. . Bəs elə isə Müəssisə rəhbərliyinin məsuliyyəti nələrdən ibarətdir və ondan məsuliyyət soran varmı? İndi faktiki olaraq, 13 mərtəbəli bu binaların liftləri işləmir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən sakinlər problemləri ilə bağlı məqalə hazırlamaq üçün bizi məzun evinə dəvət etdi. Masazır qəsəbəsinə, həmin ünvana gedib sakinlərlə həmsöhbət olduq. Sakinlərdən Qəniyev İlqar Yusif oğlu deyir ki, binaların birində hər iki blokun liftləri, ikincisində iki blokun birinin liftləri, üçüncüdə isə blokların ya sərnişin lifti, ya da yük lifti işləmir: “Bəzisinin kart sistemi, bəzisinin əyləc qurğusu nasazdır, ya da avtomatı yanıb. Xəstəmiz, şikəstimiz var. Düşürüb-çıxara bilmirik. Xəstənin üstünə təcili yardım çağırırıq, həkimlər yuxarı mərtəbəyə qalxmaqdan imtina edirlər. Sabah bir fövqəladə hadisə olsa, bunanı necə tez tərk edə biləcəyik?” Sakinlər deyirlər ki, Müəssisə rəhbərliyinə, Sosial Xidmətlər Agentliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etsələr də , problem həll olunmur. Bildirilr ki, liftlərə servis xidməti göstərəcək şirkət artıq tender əsasında müəyyənləşib. Ancaq Sosial Xidmətlər Agentliyi həmin şirkətə pul köçürməlidir ki, işçiləri gəlib liftləri təmir eləsinlər. Əlil arabasında gəzən sakin Anar İbayev bildirir ki, ondan savayı binada Bahar, Gülbəniz, Fazil adlı hətta şəhid anası olan əlil qonşuları da var ki, başqa şəxslərin köməyi olmadan lifti düşüb-çıxa bilmirlər. Təsəvvür edin, liftin işləməməsi bizim üçün nə deməkdir? Aptekə, dükana getmək üçün biz kimə ağız açaq? Ya lifti düzəltsinlər, ya da bizə əl tutacaq sağlam sosial işçilər ayırsınlar. Sosial Xidmətlər Agentliyinə müreaciət edəndə də boynumuza minnət qoyurlar ki, bəs, Allahınıza şükür edin, başqaları evsiz-eşiksiz, küçədə qalıblar”. Sosil Xidmətlər Agentliyinə isə Vüqar Behbudov rəhbərlik edir. Hələ “Məzun evi” layihəsi başlayanda onun adı məzunlar arasında ayrtı-seçkilik etməkdə, korrupsiyada hallanırdı. Amma necə oldusa, nazir Sahil Babayev Vüqar Behbudovu Agentlik direktoru vəzifəsinə irəli çəkdi. Müşahidə etdik ki, binanın həndəvərində əlil arabaları ilə bloklara giriş-çıxış üçün nəzərdə tutulan xüsusi piyada yolların döşəməsi sökülmüş, məhəccərləri “yoxa çıxmışdır”. Binanın ətrafında zibillər daşınmır, antisanitariya hökm sürür. Binanın ətrafını basan zibil qoxusundan baş çatlayır. Mövzunu davam etdirəcəyik Habil Tağıyev Deryaz.az